COP29 könüllüləri Bakının mərkəzi ərazilərində əhalinin ekoloji fəallılığının artırılması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirilməsi məqsədilə ekoloji aksiya keçiriblər.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, “Yaşıl gələcək naminə toxum ək” şüarı daşıyan və ekoloji dayanıqlılıq və “yaşıl həyat” tərzinin təşviqinə yönələn bu tədbirə 50 nəfər könüllü qoşularaq yerli sakinləri də kampaniyaya cəlb ediblər.
Tədbir “Zirə gülçülük” kompleksində start götürüb. Burada könüllülər kompleksin fəaliyyəti ilə tanış olub, müxtəlif bitki növləri və dayanıqlı bağçılıq təcrübələri haqqında dəyərli məlumatlar əldə ediblər. Məlumat xarakterli turu bitirdikdən sonra könüllülər şəhər sakinlərinə öncədən hazırlanmış toxum torbalarının paylanılması və dayanıqlı bağçılıq vərdişlərinin təşviqi üçün Hüseyn Cavid parkı, Sahil bağı, İçərişəhər, eləcə də dənizkənarı bulvar ərazisində yerləşən COP29 Məlumat Mərkəzi kimi müxtəlif məkanlara baş çəkiblər.
Aksiya çərçivəsində əhali ilə məlumatlandırıcı söhbətlər və sorğular aparan könüllülər paytaxt sakinlərinə ekoloji öhdəlikləri yerinə yetirmək üçün atdıqları addımlar və digər təşəbbüslər barədə suallar ünvanlayıb, müvafiq sahələrdə praktiki məsləhətləri bölüşüblər.
Qeyd edək ki, aksiya COP29 könüllüləri tərəfindən iqlim problemlərində ictimai iştirakçılığı təmin etmək, ətraf mühitin mühafizəsi istiqamətində kollektiv fəaliyyətin vacibliyini vurğulamaq və bu sahədə mövcud problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədləri ilə reallaşdırılan müxtəlif sosial-ekoloji layihələrin tərkib hissəsi və dayanıqlı həyatın təşviqi istiqamətində növbəti addımlardan biridir.