Maliyyə boşluqları qlobal enerji böhranını dərinləşdirir

post-img

2034-cü ilədək iqlim dəyişikliklərinin cilovlanması 2,4 trilyon ABŞ dollarına başa gələ bilər 

“Azərbaycanda yaşıl tikinti” mövzusunda keçirilən tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov ətraf mühitin yaratdığı maliyyə boşluğunun aradan qaldırılması məsələsinə toxunaraq bu sahədə bütün maraqlı tərəflərin birgə fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb. 

H.Hüseynovun sözlərinə görə, iyul ayında BMT Baş Katibinin inkişafla bağlı bir hesabatı açıqlandı. Qlobal olaraq bütün ölkələrin qoşulduğu və hər kəs üçün də məlum olan dayanıqlı inkişaf məqsədləri (DİM) təşəbbüsü üzrə yalnız 17 faiz göstə­ricilərdə müsbət tendensiya müşahidə olu­nurdu. 83 faiz göstəricilərə əsasən, həm iqtisadi, həm ekoloji, həm də ətraf mühitlə bağlı statistikada qlobal dünya problemlər yaşayır. Bunun ən böyük səbəblərindən biri kimi maliyyə boşluğunun mövcud ol­ması göstərilir. İstər iqtisadi, istərdə də so­sial baxımdan ətraf mühit və xüsusilə iqlim dəyişmələrinin ortaya çıxartdığı fəsadların yaratdığı maliyyə boşluğu hazırda bu hə­dəflərə və inkişafda olan maliyyə boşluğu­nun doldurulmasına mənfi təsir göstərir.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri daha sonra bildirib ki, bəzi hesablamalar­da 2020–2025-ci illər ərzində iqlim dəyiş­mələrinin yaratdığı maliyyə boşluğu illik 1 trilyon ABŞ dolları həcmində qiymətlən­dirilir. Bu rəqəmin 2025–2030-cu illərdə, təxminən, 1,4 trilyon ABŞ dolları həcmin­də olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, iqlim dəyişmələri, təxminən, 2,4–2,5 trilyon ABŞ dolları həcmində bir maliy­yə boşluğu yaradır, o zaman bu boşluğun yalnız dövlətlər tərəfindən doldurulması mümkün görünmür. Ona görə də burada özəl sektorun prosesə, yəni maliyyə boşlu­ğunun aradan qaldırılmasına cəlb olunma­sı vacibdir. Bunun üçün dövlət də səylər göstərməlidir.

Yeri gəlmişkən, Azərbaycanın evsa­hibliyi edəcəyi COP29-da bu məsələnin diqqət mərkəzində saxlanılacağı, iqlimin maliyyələşdirilməsi problemi üzərində fəal iş aparılacağı gözlənilir. Şübhəsiz ki, indiki günlərdə də bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir. Prezident İlham Əliyevin ayrı-ayrı çıxışlarında da ölkəmizin “yaşıl keçid” siyasəti və bu istiqamətdə görülən tədbirlərə toxunulur, inkişaf etməkdə olan kiçik ada dövlətlə­rinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğu bildirilir və kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılmasının zəruriliyi diqqətə çatdırılır. 

Qeyd edək ki, İqlim Maliyyəsi Fon­dunun yaradılması Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizədə irəli sür­düyü təşəbbüslərindən biridir. Yeni ma­liyyə mexanizminin yaradılmasında əsas məqsəd isə vurğulandığı kimi, iqlim dəyi­şikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu­nun üçün qrant əsaslı 1 milyard dollar və­saitin toplanılmasının zəruriliyi bildirilir. 

Ekspertlərin sözlərinə görə, İqlim Ma­liyyəsi Fondu çoxtərəfli bir maliyyə qu­rumu kimi fəaliyyət göstərəcək. Fondun işində tərəfdaş ölkələr də iştirak edəcək və rəhbərlər bu sahəyə töhfə verən dövlətlər­dən seçiləcək. Çoxtərəfli maliyyə təşkilat­ları onun fəaliyyətinə nəzarət edəcək. Bakı sadəcə bu fondun katibliyinə evsahibliyi edəcək. 

Bildirilir ki, qrant əsaslı maliyyələş­mə əsasən, kiçik ada dövlətlərinin iqlim dəyişmələrindən yaranan problemlərinin həllinə yönəldiləcək. Belə ki, kiçik ada dövlətləri təbii fəlakətlə üzləşəndə onların beynəlxalq təşkilatlara müraciətləri eşidil­mir. Ona görə də Azərbaycan alternativ maliyyə qurumunun yaradılması təşəbbü­sünü irəli sürməklə bu çətinliyi aradan qal­dırmaq istəyir. 

Xatırladaq ki, bu mövzuda ötən il BƏƏ-də keçirilən COP28 konfransında da müəyyən təkliflər səsləndirilib, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin maliy­yələşdirilməsi üçün müzakirələr aparılıb. 

Hazırda isə Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə müba­rizəyə öz töhfəsini ortaya qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir. Eyni za­manda, iqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulduğunu diqqətə çat­dırır. 

Bax, elə buna görə də iqlim dəyişikli­yinin mənfi fəsadlarını aradan qaldırmaq üçün beynəlxalq aləmdə qlobal maliy­yələşdirmə haqqında dərindən düşünülür və COP29-da bu məsələnin həllinə böyük ümid bəslənilir.

Göründüyü kimi, Azərbaycan COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılması təşəbbüsü ilə çıxış edir. Ölkə rəhbərinin bununla bağlı çıxışlarının bi­rində vurğuladığı fikirlər xüsusilə diqqət çəkir: “İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə eh­tiyaclarını ödəmək hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qar­şısında kollektiv məsuliyyətimizdir. Azər­baycan bu danışıqların şəffaflıq və inklü­zivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi is­tiqamətində bütün zəruri tədbirləri görə­cək”.

Dövlətimizin başçısının iqlimin maliy­yələşdirilməsi probleminin həllinə həssas münasibətini Almaniyanın paytaxtı Berlin­də keçirilən “15-ci Petersberq İqlim Dia­loqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində dediyi sözlər də təsdiq edir: “Biz COP-dan əvvəl daha çox maliyyələş­məni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketi­ni yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəl­mək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də çıxışlarında iqlimlə bağlı bü­tün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə irəliləyişlərin əldə olduğunu qeyd edərək, eyni zamanda, qlobal maliyyə ins­titutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırışlarını bildirib. “Qlobal maliyyə institutları bizim yaşa­maq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağ­lı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliy­yətlərlə gücləndirirlər”, – deyə M.Babayev xatırladıb. 

COP29-un prezidentin sözlərinə görə, iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün genişmiqyaslı tədbir­lər görülməlidir: “Biz fəaliyyətlərimizi ən mümkün yüksək məqsədlər səviyyəsində aktivləşdirməliyik. Biz dünən həyata keçi­rilməsi mümkün olmayanları bu gün ger­çəkləşdirməliyik. Tərəfləri bir araya gətir­mək, keçmiş vədlərin yerinə yetirilməsinə əmin olmaq və geridə heç nə qoymamaq üçün əlimizdən gələni etməkdən usanma­malıyıq”. 

Yeri gəlmişkən, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha çox həssaslıq nəzərə çarpır. Bu məqsədlə 2009-cu ildə Dani­markada reallaşan COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağ­lı problemlərin həlli məqsədilə hər il 100 milyard dollar məbləğində vəsait səfərbər etməyi öhdələrinə götürmüşdülər. Hazırda isə qlobal olaraq, təxminən, 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur. Bu gün onların fəaliyyəti effektiv şəkildə əlaqələndirilmir. Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara, ümu­milikdə, 3–4 milyard dollar ödədiyi bildi­rilib.

Ekologiya