Dünya səyyahları Şuşada

post-img

Dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan - “Most Traveled People” (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin iyulun 25-də Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. 

Səfərə Füzulidən başlayan səyyahlar Ermənistan silahlı qüvvələrinin törətdik­ləri vandallığın izlərini müşahidə ediblər. 

Sonra səyyahlar Şuşa ilə tanış olub­lar. Onlar əvvəlcə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəl­lərinə baxıblar. Qonaqlara Şuşa şəhə­ri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhə­rindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi sima­sının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Səyahətçilər sonra Xurşidbanu Natə­vanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məsci­di ilə tanış olublar. 

Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, adı dünyanın ən böyük səyyahları siyahısında ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbər­lik etdiyi heyətin səfərinə 13 ölkədən bey­nəlxalq səyahətçilər qatılıblar. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almani­ya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Klubun budəfəki səfəri üç gün davam edəcək. Bu, klubun üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəri­dir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bu­günkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.

Nəzərə alsaq ki, beynəlxalq səy­yahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyi­ci ordusu var, belə səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıq­ların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. 

XQ



Son xəbərlər