Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçirilən 46-cı sessiyasında iştirak edir.
Nazirlikdən bildirilib ki, açılış mərasimində UNESCO və ICESCO-nun rəhbər heyətlərində təmsil olunan şəxslər çıxış ediblər. Səadət Yusifova sessiya çərçivəsində ICESCO-nun təşkil etdiyi “İslam dünyasının irsi” adlı tədbirdə çıxış edib. O, ölkəmizin mədəni irsi, Qarabağda işğalçıların dağıtdığı mədəni mirasın bərpası, noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın təşəbbüsləri haqqında geniş məlumat verib. İslam İrsi Komitəsinin 12-ci sessiyasının oktyabr ayında “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçiriləcəyi diqqətə çatdırılıb. Dünya irsi xəzinəsinə misilsiz incilər bəxş etmiş İslam dünyasında mədəni mirasın daha yaxşı qorunması və inkişafı işində ICESCO-nun İslam İrs Komitəsinə uğurlar arzulanıb.
Sessiya çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirib. UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini, Afrika Dünya İrsi Fondunun icraçı direktoru, eləcə də tərəf ölkələr olan Vyetnam xarici işlər nazirinin müavini, Belarusun ətraf mühit nazirinin birinci müavini, Avstriya Xarici İşlər Nazirliyinin mədəniyyət üzrə idarəsinin baş katibi, Bəhreyn mədəniyyət nazirinin müavini, Şri-Lanka nümayəndə heyəti, İspaniya nümayəndə heyəti və digər rəsmilərlə təmaslarda ikitərəfli münasibətlərin gündəliyi müzakirə edilib. Mədəni irsin iqlim dəyişikliklərinin mənfi təsirlərindən qorunması istiqamətində təşəbbüslər, o cümlədən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində mədəniyyət yönümlü tədbirlər və təşəbbüslər barədə məlumat verilib.
XQ