Milli-mənəvi dəyərlərimizə işıq salan, dövlətçilik ənənələrimizi dünəndən bu günə daşıyan İçərişəhərin ecazkar siması bura üz tutan hər kəsi valeh edir. Yaşı əsrlərlə ölçülən bu qədim məkana gələn yerli və xarici qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin reallaşdırdığı layihələr sayəsində Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti barədə kifayət qədər bilgi əldə edirlər.
Bu dəfə “Şirvanşahların səsi” sanki hər kəsi İçərişəhərə toplamışdı. Paytaxtımızın sakinləri və qonaqları bu adlı layihə çərçivəsində reallaşan növbəti konsertə baxmaq üçün bir araya gəlmişdilər. Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun iştirakı ilə gerçəkləşən konsertdən öncə kollektivin bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifova məqsədi Azərbaycan musiqisini qədim şəhərimizin ziyarətçilərinə təbliğ etmək olan layihə barədə məlumat verdi.
– Əvvəla onu deyim ki, layihə çərçivəsində təşkil olunan bu ilk konsertdə rəhbərlik etdiyim kollektivin iştirakından olduqca məmnunam. Sentyabr ayından mütəmadi olaraq həftədə 2–3 dəfə İçərişəhərdə konsert proqramı ilə çıxış etməyi düşünürük. Hava şəraiti əlverişli olsa, konsertlərimizi noyabradək davam etdirmək fikrindəyik. Proqramda əsasən milli mahnılarımıza üstünlük verilir. Yəni muğamlar, təsniflər və bəstəkar mahnıları ifa edirik ki, İçərişəhərin ab-havasına uyğun olaraq xarici qonaqlara mədəniyyətimizi daha çox tanıdaq. Əlbəttə, dünya bəstəkarlarının məşhur əsərlərinə də müraciət edəcəyik ki, təəssüratlar daha da dolğun olsun. İlk konsertimizə insanların bu qədər maraqlı olacağını gözləmirdik. Görünən budur ki, yerli və xarici qonaqlar bu konsertə hədsiz maraq göstərirlər. Bu marağı daha da artırmağa çalışacağıq. Çünki burada mədəniyyətimizlə yanaşı, həm də kimliyimizi təbliğ edirik.
Konsert başlandı və zəngin musiqi mədəniyyətimizin möhtəşəm səs sərgisi kimi gözləri, könülləri sevindirdi. Xoş avazlı solo, duet, trio, kvartet və xor sədaları İçərişəhərdə əsən həzin mehləri də sanki sehirləyirdi.
Tamaşaçılardan biri – sənətşünaslıq namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti Telman Qəniyev təəssüratını bizimlə bölüşdü:
– Sözün əsl mənasında zövq aldıq. Mən özüm də nə vaxtsa xorda oxumuş, dirijorluq da etmişəm. Çıxışçıların həyəcanını daha yaxşı anlayıram: ifalarının hamılıqla bəyənilməsini istəyirdilər. Tam səmimi deyim ki, onlar buna uğurla nail oldular.
Başqa bir seyirçi – milliyyətcə ərəb olan turist Məhəmməd ibn Hüseyni də duyğu və düşüncələrini bizimlə böyük məmnuniyyətlə bölüşdü:
– Çox gözəl oldu, ürəyimdən xəbər verdi. Bakı gözəldir, sizin musiqiniz də adamın ruhunu oxşayır. Xor kollektivinin musiqilərini dinlədikcə sanki Xəzər dənizinin gah sakit ləpələrinin, gah da gur dalğalarının səsini eşidirdim. Eşqlər!
Xatırladaq ki, cəlbedici və eyni zamanda obrazlı adı olan “Şirvanşahların səsi” layihəsi Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Ceyhun ALIŞLI