Dağlar diyarı Yardımlının Mərkəzi Rayon Kitabxanasında gender problemləri üzrə mütəxəssis Samirə Şaqavatovanın “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” adlı elmi-tədqiqat kitabının təqdimatı keçirilib.
AYB-də multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəcli ucqar bölgələrdə gender probleminin aktuallığını qeyd edib, bu sahəyə cəmiyyətin diqqətinin yönəlməsinin vacibliyini vurğulayıb.
Sonra kitabın müəllifi – AMEA-nın doktorantı, “Elm, Texnologiya və İnnovasiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Samirə Şaqavatova gender məsələləri ilə bağlı cəmiyyətdə yaranan stereotiplər haqqında geniş məlumat verib. O, bildirib ki, cəmiyyətdə və ailədə cinslərin hüquq bərabərliyi, qadın–kişi münasibətləri müxtəlif quruluşlarda fərqli baxışlarda nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları istər sosial, istər cinsi, istərsə də mənəvi aspektlərdə qarşılıqlı münasibətlərin ən çox müzakirə olunduğu mübahisəli məsələlərdəndir. Kitabda məsələyə özəl müəllif yanaşması təqdim olunub və analoji müşküllərdən çıxış yolları göstərilib.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasında baş məsləhətçi Vəfa Saleh, rayon ziyalılarından Heybət Qədirov, Güloğlan İmanov, Fikrət Şahbazlı, Sakit İlkin, Ülvi Aydın, Şərqiyyə Masıyeva və başqaları yeni kitabın sosial əhəmiyyəti ilə bağlı fikirlərini bildirib, araşdırma əsərinin ölkədə gender bərabərliyinin təbliğinə töhfə olduğunu vurğulayıblar.
XQ