Çoxəsrlik tarixi olan Azərbaycan mədəniyyəti öz inkişafının zirvə dövrünü yaşayır. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu yüksəlişdə xidmətləri olan aparıcı qurumdur.
XX əsrdə fəaliyyətə başlayan müəssisə müxtəlif adlarla xidmət göstərsə də, ölkənin mədəni dirçəlişi, sahəyə marağın və kadr potensialının artırılması, ixtisasartırma üzrə təlim, tədris proqramlarının hazırlanması, insanların maarifləndirilməsi, sənət xadimləri ilə görüşlər, milli-mənəvi irsin təbliği, tədqiqi kimi işləri layiqincə həyata keçirir. Bir vaxtlar xalq yaradıcılıq evi, Mədəniyyətşünaslıq üzrə Elmi və Metodiki Mərkəz, 2019-cu ildən isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi adı ilə fəaliyyət göstərən qurum sahəyə aid bütün islahatlarda yaxından iştirak edir. Ölkə başçısının qanun və sərəncamlarını, Mədəniyyət Nazirliyinin tapşırıqlarını rəhbər tutaraq sahənin müxtəlif istiqamətləri üzrə maarifləndirici və yenilikçi layihələr təqdim edir.
Son aylarda həyata keçirilən “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlim, “Sənətkarın dostu”, “Musiqidə ədəbi dil normaları”, “Musiqinin psixoloji təsiri”, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar, “Nəsildən-nəslə teatr” və başqa layihələr söylənilənlərə ən bariz nümunədir. Bu layihələri mədəniyyət ictimaiyyəti böyük maraqla qarşılayıb.
MEMİM-in mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırladığı kurs cari ilin may–iyun aylarında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib. Nazirliyin tabeliyində olan müəssisələrin insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulmuş bu ixtisasartırma kursunun təlimçisi Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının professoru Mayis Əliyev olub. İki aylıq təlim proqramında əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili və mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik kimi mövzular tədris edilib.
Sahəyə marağın artırılması məqsədilə daim yenilik axtarışında olan MEMİM-in həyata keçirdiyi layihələrdən biri də “Sənətkarın dostu”-dur. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşən bu tədbir silsilə şəklində olmaqla, iyun ayında baş tutub. Fərqli yaş qruplarına aid sənətsevərlərlə sənət xadimləri arasında könül bağı və mənəvi dostluq körpüsü yaratmaq məqsədi daşıyan layihənin ilk görüşü 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil olunan görüşün qonağı Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyova idi. Görüş Ülviyyə xanımın Azərbaycan peşəkar musiqisinin inkişafı, bəstəkarlıq ənənələri barədə zəngin məzmunlu nitqi, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərlərinin ifa edilməsi ilə yadda qalıb.
Gündəlik mədəni həyat tərzinin formalaşması, uşaq və gənclərin yaradıcılıqlarının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə görüşlərin zəngin təcrübə mübadiləsinə çevrilməsinə zəmin yaradan “Sənətkarın dostu” layihəsi üzrə növbəti görüş iyunun 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan görüşə hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının müəllifi və ifaçısı Şəmistan Əlizamanlı dəvət edilib. Görüşdə 44 günlük müharibənin qələbə ilə başa çatmasında hərbi nəğmələrin rolu, gənclərin milli ruhda tərbiyə edilməsi kimi mövzulara toxunulub və Ş.Əlizamanlının ifaları dinlənilib. MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə təqdim edilən layihənin növbəti görüşləri də nəzərdə tutulur.
“Musiqidə ədəbi dil normaları” mövzusunda seminar isə MEMİM-in elmi əhəmiyyət kəsb edən layihələrindəndir. Həmin seminar iyunun 6-da Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə eyniadlı muzeydə keçirilib. Musiqi mətnlərində Azərbaycan ədəbi dil normalarının pozulması hallarının aşkar edilməsi, aktual problemlərin həlli kimi məsələləri əhatə edən seminar MEMİM-in sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhmədovun moderatorluğu ilə baş tutub. Seminarın ekspetləri Monitorinq Mərkəzinin direktoru, filologiya üzrə elmlər doktoru, professor Sevinc Əliyeva, BMA-nın prorektoru, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, muzeyin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, BMA-nın kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva idi.
MEMİM-in növbəti layihəsi cəmiyyətdə bədii zövqün yüksəldilməsinə xidmət edən “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar olub. Həmin seminar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə iyunun 12-də keçirilib. Musiqinin cəmiyyətdəki rolunu müəyyənləşdirməyi, bədii zövqün formalaşdırılmasını ehtiva edən bu seminara görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova öz iştirakları, Türkiyənin neyro-elm mütəxəssisi, professor Sinan Canan isə video formatlı çıxışı ilə rəng qatıblar.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli fəaliyyət planı”nın təsdiq edilməsi haqqında sərəncamının icrası məqsədilə bu ayın 1-də Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və MEMİM-in birgə təşkilatçılığı ilə BMM-də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar da xüsusi qeyd edulməlidir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Təşkilatı və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva, idarənin prokurorları İlkin Babazadə və Kamil Kamillinin çıxış etdiyi seminarda mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar, onlara görə məsuliyyət və s. məsələlərə toxunulub.
Mədəniyyət naminə dolğun məzmuna və müasir yanaşmaya malik layihələrə imza atan MEMİM Azərbaycan incəsənətinin mühüm şaxəsini təşkil edən teatr sənətindən bəhrələnərək daha bir uğurlu layihəyə imza atıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının təşkilati dəstəyi ilə keçirilən “Nəsildən-nəslə teatr” mövzusunda tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli iyulun 9-da teatrın kiçik səhnəsində baş tutub. Sahəyə könül vermiş gənclərə teatr işinin təşkilində sosial-iqtisadi, bədii-konseptual aspektlərdə yeni yaradıcı tendensiyalar aşılayan seminarın ilk panelinin moderatoru MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusif, qonağı isə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə idi. Onu da qeyd edək ki, MEMİM-in digər layihələri kimi, “Nəsildən-nəslə teatr” da silsilə xarakterli olub, çoxsaylı görüşlərini davam etdirəcək.
Göründüyü kimi, sadalanan layihələr MEMİM-in son 3 aylıq fəaliyyətinin qısa məcmusudur. Mərkəz bundan sonra da milli-mənəvi dəyərlərimizin özəyi sayılan adət-ənənələri, fərqli sənət növlərini, həmçinin sahə ilə əlaqədar digər aktual mövzuları silsilə layihələr şəklində sənətsevərlərə təqdim edəcək.
Səadət TƏHMİRAZQIZI,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Rəfiqə NƏSİROVA,
MEMİM-in əməkdaşı