Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Qovlarsarı kəndində sakinlərlə səyyar görüş keçirib. Görüş kənd tam orta məktəbinin binasında baş tutub və tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhid ailələri iştirak ediblər.
Görüş zamanı çıxış edən icra başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini və bu prosesin bir parçası kimi bölgələrdə mütəmadi olaraq vətəndaşlarla birbaşa təmasın qurulmasının önəmini vurğulayıb. O, bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən keçirilən səyyar görüşlər dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır və yerlərdə mövcud problemlərin daha operativ şəkildə həllinə imkan yaradır.
Sakinlərlə açıq və səmimi dialoq şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub. Qovlarsarı kəndində içməli su təchizatı, suvarma sistemləri, yol infrastrukturu və digər gündəlik həyatı çətinləşdirən məsələlər vətəndaşlar tərəfindən səsləndirilib. Firdovsi Əliyev hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə konkret tapşırıqlar verib.
Görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və yerli icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux