Azərbaycan tarixində və minilliklər boyu formalaşmış zəngin mədəniyyətimizdə qadın hər zaman müqəddəsliyin, paklığın və mənəvi ucalığın rəmzi kimi dəyərləndirilib. Qadın obrazı xalqımızın yaddaşında təkcə ailənin təməli, nəslin davamçısı kimi deyil, həm də torpağın, Vətənin simvolu kimi yer alıb. Bu səbəbdəndir ki, əcdadlarımız doğma yurdumuzu “Ana Vətən” adlandırıblar. Çünki Vətən də ana kimi doğur, qoruyur, bəsləyir və bağrına basır. Qadın Azərbaycan üçün sadəcə bir insan deyil, bir ocaqdır, yurd yeridir, isti bir ana qucağıdır. Onlar həm Vətən olmuşlar, həm Vətəni yaşatmışlar. Məhz zəka, mərhəmət və vətənpərvərlik kimi ülvi keyfiyyətləri özündə birləşdirən Birinci vitse-prezident Mehriban Əliyeva bu torpağın adını ucaldan fədakar qadınlarımızın ən parlaq simalarından biridir.
Mehriban Əliyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan xalqı üçün sadəcə yüksək vəzifə sahibi deyil, eyni zamanda dəyər, dua və dayaqdır. Onun fəaliyyəti, insana olan dərin bağlılığı, mərhəməti və təvazökarlığı hər birimizin qəlbində xüsusi yer qazanıb.
Mehriban xanım bu millətin sığındığı şəfqət ünvanıdır. O, insanların həyatına toxunan, sadəliyi ilə seçilən, əməlləri ilə könüllərdə iz buraxan bir şəxsiyyətdir. Onun ədaləti və insan sevgisi, mənəvi kamilliyin nümunəsi, cəmiyyətimiz üçün örnəkdir. Dünya yaxşıların üzərində dayanır. Və Mehriban xanım bu yaxşılığa öncüllük edən, qaranlığa qarşı işıq olan, ümid gətirən bir insandır və varlığı xalqımız üçün xoşbəxtlik, fəaliyyəti isə gələcəyə inamdır.
Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız müəyyən sahələrlə məhdudlaşmır. Onun çoxşaxəli və əhatəli fəaliyyəti Azərbaycan həyatının demək olar ki, bütün mühüm istiqamətlərinə təsir göstərmişdir. Səhiyyə, təhsil, mədəniyyət, sosial rifah, humanitar sahələr, beynəlxalq əlaqələrin inkişafı və bütün bu sahələrdə Mehriban xanımın təşəbbüsləri, rəhbərliyi ilə bir sıra mühüm layihələr həyata keçirilmişdir.
Səhiyyə sahəsində onun təşəbbüsü ilə reallaşan proqramlar minlərlə insanın sağlamlıq imkanlarını genişləndirmiş, bir çox müalicə müəssisələri müasir standartlara uyğunlaşdırılmışdır. Təhsil sahəsində həyata keçirilən islahatlar və dəstək layihələri gənc nəslin bilik və bacarıqlarının artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Mehriban xanımın təhsilə olan diqqəti, xüsusilə də kənd məktəblərinin yenilənməsi və təhsildə inklüzivliyin təmin olunması istiqamətində atdığı addımlar geniş ictimai rəğbət doğurmuşdur.
Mədəniyyətin inkişafı və milli irsin qorunub saxlanması sahəsində onun xidmətləri xüsusilə əvəzsizdir. Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələr Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına, dünya mədəniyyəti ilə inteqrasiyasına və milli kimliyin qorunmasına böyük töhfə vermişdir. Azərbaycanın maddi və qeyri-maddi irsi UNESCO-nun müvafiq siyahılarına daxil edilərək beynəlxalq səviyyədə tanınmasına nail olunmuşdur ki, bu da məhz Mehriban xanımın uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir.
Sosial layihələr sahəsində də onun fəaliyyəti diqqətəlayiqdir. Xüsusilə aztəminatlı ailələrin, fiziki məhdudiyyətli şəxslərin və digər həssas əhali qruplarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, yalnız dəstək göstərməklə kifayətlənmir, həm də uzunmüddətli, davamlı həll yolları təklif edir.
Mehriban Əliyeva təkcə xeyirxahlığı və insanpərvərliyi ilə deyil, eyni zamanda yüksək intellekti, strateji düşüncə qabiliyyəti, zəngin idarəçilik təcrübəsi və sarsılmaz əzmi ilə də seçilir. O, müasir Azərbaycan qadınının parlaq simvoluna çevrilmişdir. Zərifliyi ilə yanaşı, güclü lider keyfiyyətlərini özündə birləşdirən bir şəxsiyyət kimi nüfuz qazanmışdır.
Mehriban xanım dünyaya artıq unudulmaqda olan Azərbaycan qadını obrazını, mərd ana, döyüşkən qəhrəman, yüksək intellekt sahibi və humanist bir şəxsiyyət kimi yenidən tanıtdı və qəbul etdirdi. O, bu ali keyfiyyətləri təkcə təbii xarakterində deyil, həm də doğulduğu ailənin mənəvi irsində və formalaşdığı mühitin zəngin mədəni-tarixi köklərində yaşadaraq nümayiş etdirdi. Bu mənada Mehriban xanım Tomrisdən başlanan Azərbaycan qadını ucalığını XXI əsrin çağırışları və dəyərləri ilə birləşdirərək onu yeni zirvələrə yüksəltdi. O, həm məqamı, həm də daşıdığı missiyası ilə cəmiyyətin mənəvi mayakına çevrildi və əminliklə demək olar ki, bu zirvədən heç vaxt enməyəcək.
Emil Bagırov,
siyasi şərhçi