Prezident vətəndaşları birliyə səsləyib
ABŞ Prezidenti Co Bayden çərşənbə günü Ağ evdən canlı yayımla xalqa müraciət edərək, prezidentlik uğrunda yarışdan geri çəkilməsini izah və şərh edib. O, bu addımı xalqın və təmsil etdiyi Demokratlar partiyasının birliyi naminə atdığını vurğulayıb.
Dövlət başçısı vətəndaşları sivil, demokratik dəyərlər uğrunda səfərbər olmağa, Amerika idealları naminə təşəbbüs və fədakarlıq nümayiş etdirməyə çağırıb. Prezidentin nitqi ölkə daxilində və xaricdə geniş müzakirələrə, çox sayda şərh və mülahizələrə səbəb olub.
Qeyd etməyə dəyər ki, Baydenin seçki kampaniyasından geri çəkilməsini xalqa izah etməsi ABŞ demokratiyasının ənənələrinə ehtiram əlamətidir və bu səbəbdən gözlənilən idi. Yəni, siyasi əxlaq və etika bunu tələb edirdi. Göründüyü kimi, təcrübəli siyasətçi olan Bayden bu ənənəyə sadiqlik nümayiş etdirdi.
Bir çox analitiklər hesab edirlər ki, Baydenin çıxışı daha çox noyabrın 5-də keçiriləcək prezdent seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləmək niyyəti daşıyır. Respublikaçı namizəd, milyarder Tramp yenidən dövlət başçısı seçilmək üçün bütün gücünü ortaya qoyub və nəyin bahasına olursa-olsun, yarışı udmağa çalışır.
Trampla müqayisədə Baydenin növbəti dəfə seçilmək şansı az idi. Ən azı rəy sorğularının nəticələri bunu deməyə əsas verirdi. Baydenin öz yerinə Harrisi təklif etməsi isə seçkilərdə siyasi konfiqurasiyanı dəyişir. Bundan başqa, Harrisin namizədliyi seçkiqabağı kampaniyaya dinamizm gətirib.
Yeri gəlmişkən, Baydenin televiziya ilə canlı çıxışı cəmi 11 dəqiqə çəkib. Ağ evin hazırkı sahibi özünün və ölkəsinin gələcək taleyi ilə bağlı planlarını açıqlayarkən bir daha vurğulayıb: “Mən qərara gəldim ki, irəliyə doğru ən yaxşı yol məşəli gələcək nəslə ötürməkdir. Bu, millətimizi birləşdirməyin ən yaxşı yoludur”. Bayden sonra bu sözləri vurğulayıb: “Mən bu ofisə hörmət edirəm, lakin ölkəmi daha çox sevirəm”.
Amerikalı seçki texnoloqları bildirirlər ki, Baydenin xalqa müraciəti onun son bazar günü sosial mediada noyabrın 5-də yenidən prezident seçilməmək qərarına gəldiyini elan etdikdən sonra ictimaiyyət qarşısında ilk çıxışı idi. Bayden seçicilərin simpatiyasını qazanmaq üçün deyib: “Amerikanın ən yaxşı tərəfi budur ki, bu ölkədə krallar və diktatorlar hökmranlıq etmir. İnsanlar idarə edir. Tarix sizin əlinizdədir. Güc sizin əlinizdədir. Amerika ideyası sizin əlinizdədir.”
81 yaşlı prezident ölkəsinin siyasi olimpində təmsil olunduğu yarım əsrdən çox müddətdə qazandığı siyasi irsini əlamətdar hadisə kimi təsvir edib və səlahiyyət müddətinin sonuna qalan 6 ay ərzində vəzifəsində qalacağını bildirib. Xatıqladaq ki, hazırkı dövlət başçısı öz ali vəzifə səlahiyyətlərini gələn il yanvarın 20-də təhvil verməlidir.
Bayden qarşıdakı 6 ay ərzində “prezident kimi öz öhdəliklərini yerinə yetirməyə diqqət yetirəcəyini” söyləyib: “Bu o deməkdir ki, mən işləyən ailələr üçün xərcləri azaltmağa və iqtisadiyyatımızı inkişaf etdirməyə davam edəcəyəm. Səsvermədən tutmuş seçimə kimi şəxsi azadlıqlarımızı və vətəndaş hüquqlarımızı müdafiə etməyə davam edəcəyəm”.
Amerikalılar Baydeni, bütövlükdə, uğurlu və sanballı prezident hesab edirlər. Siyasi opponentləri isə, əksinə, tamamilə başqa fikirdədirlər. Onlar xüsusilə Baydeni qeyri-leqal miqrantlara qarşı hədsiz liberallıq göstərməkdə, eləcə də “yumşaq xarici siyasət kursu” həyata keçirməkdə suçlayırlar.
Yenidən telemüraciətə qayıdaq. Bayden fürsətdən istifadə edərək həmvətənlərini prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb: “Cəmi bir neçə aydan sonra amerikalılar ABŞ-nin gələcəyinin kursunu seçməli olacaqlar. Mən seçimimi etdim, fikrimi bildirdim. Gözəl vitse-prezidentimiz Kamala Harrisə təşəkkür etmək istərdim. İndi seçim sizindir - Amerika xalqı!” O, xanım Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.
Xatırladaq ki, Bayden 1968-ci ildə Vyetnam müharibəsi ilə bağlı tənqid atəşinə tutulan Lindon Consonun seçki kampaniyasından qəfil geri çəkilməsindən sonra yenidən seçilmək istəməyən ilk prezidentdir. Statistika ilə maraqlananlar üçün onu da qeyd edək ki, bununla da Bayden Amerika tarixində Ceyms Polk, Ceyms Byukanan, Ruterford Hays, Kalvin Kulic və Harri Trumen kimi ikinci dəfə seçilməmək qərarına gələn prezidentlər cərgəsinə qoşulub.
ABŞ-nin siyasi həyatı hazırda çox gərgindir. İstər demokrat, istərsə də respublikaçı siyasətçilər əhalinin üzləşdiyi problemləri bir-birinin ayağına yazmağa cəhd edirlər. Bəzən hətta siyasi polemika mədəniyyəti unudulur. Xüsusilə, respublikaçıların prezidentliyə vahid namizədi Tramp qarşı tərəfə qarşı sərt ritorikaya əl atır. Təsadüfi deyil ki, Tramp Prezidentin nitqini “anlaşılmaz və rüsvayçılıq” adlandırıb.
Sonda bildirək ki, ABŞ-ın 46-cı prezidenti olan Bayden, həqiqətən, zəngin siyasi təcrübəyə sahibdir. Onun karyerası 1972-ci ildə, hələ 29 yaşında olarkən senator seçilməsi ilə başlayıb. Prezident Barak Obama dönəmində Bayden 8 il vtse-prezident kimi fəaliyyət göstərib. Gələn ilin əvvəlində Bayden Ağ evdə səlahiyyət müddətini 82 yaşında, Amerikanın ən yaşlı prezidenti olaraq başa vuracaq.
Məsaim ABDULLAYEV
XQ