Azərbaycan dövləti Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinə növbəti humanitar yardımını göndərib.
Humanitar yardım orta məktəbin maddi-texniki imkanlarını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Yardıma noutbuk dəstləri daxildir.
Humanitar yardımın məktəbə çatdırılması mərasimində iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlətimiz müharibə dönəmində Ukraynaya humanitar yardımlarını davam etdirir.
Göstərilən dəstəyə görə dövlətimizin başçısına və xalqımıza təşəkkürünü bildirən məktəbin direktoru Valentina Antonenko qeyd edib ki, Prezident İlham Əliyev 2300 şagirdin təhsil aldığı məktəbə ikinci həyat verib. Bu gün göstərilən növbəti yardım məktəbin maddi-texniki imkanlarını daha da yaxşılaşdıracaq.
“Azərbaycan dövləti orta məktəbin inkişafı üçün dəstəyini əsirgəmir. Azərbaycanın Ukraynadakı səfirliyi də bu işdə fəallıq göstərir. Bu, səmimi dostluq münasibətlərimizin nəticəsidir. Mənim üçün Azərbaycan və azərbaycanlılar əbədi dostlardır”, - deyə Valentina Antonenko əlavə edib.
XQ