Azərbaycanın xoş məram nümayiş etdirərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a Ermənistanı da dəvət etməsi İrəvanda müzakirələrə yol açıb. Hiss olunur ki, hər bir məsələni siyasiləşdirməyə çalışan qarşı tərəf yenə də köhnə şakərindən əl çəkmir.
Bunun ən bariz göstəricisi Ermənistan media subyektləri nümayəndələrinin öz ölkələrinin xarici işlər nazirliyinə məsələ ilə bağlı ünvanladıqları sualların cavabsız qalmasıdır. Hayastan xarici siyasət idarəsi jurnalistlərə bu barədə şərh verməkdən, faktiki olaraq, imtina edib.
Ölkənin populyar qəzetlərindən olan “Hraparak” qəzeti isə baş nazir Nikol Paşinyanın COP29-da iştirak edib-etməyəcəyi mövzusunda maraqlı yazı dərc edib. Nəşr qeyd edib ki, N.Paşinyan avqust ayında mətbuat konfransı keçirməyə hazırlaşır və o, ölkəsinin noyabrın 11-22-də COP29 sessiyasında iştirak etməklə bağlı dəvət məsələsinə toxunacaq. “Hraparak” bu məlumatı baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən yayıb.
Məlumata görə, qəzet “Ermənistan tərəfi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin haqqında söhbət açdığı dəvət məktubunu nə vaxt alıb və Ermənistan baş nazirinin administrasiyası buna nə cavab verib? Ermənistanın baş naziri Bakıya gedib COP29 konfransında iştirak etmək niyyətindədirmi? Ermənistan tərəfinin rəsmi Bakının iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin əsas prinsiplərinə dair sənəd imzalamaq təklifinə münasibəti necədir?” sualları ilə yazılı sorğu ünvanlayıb.
Hökumətdən verilən cavab isə belə olub: “Baş nazir Nikol Paşinyan məzuniyyətdən sonra – avqust ayında keçirəcəyi mətbuat konfransında qeyd etdiyiniz məsələlərə toxunacaq”.
Qeyd edək ki, rəsmi Bakının Ermənistana COP29-da iştirakla bağlı dəvət məktubu ünvanladığını Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda bildirib.
Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: “Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb”.
Onu da bildirək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib dənizi hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin, bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa qrupu ölkələrinin yekdil rəyi əsasında verilmişdi. Qeyd etmək yerinə düşər ki, COP29-a evsahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunmuşdu ki, İrəvan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürür. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atmışdı.
COP dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Hazırda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 198 tərəfi (197 ölkə və Avropa İttifaqı) mövcuddur. Bütün bunları nəzərə aldıqda aydın olur ki, qarşıdan gələn COP29 tədbiri, əslində, BMT-nin qlobal iqlim konfransıdır. Azərbaycan isə tədbirə evsahibliyi edən ölkə kimi BMT-nin bütün üzv dövlətlərinə dəvət göndərir. Bu mənada Ermənistana göndərilən dəvətdə heç bir siyasiləşmə elementi yoxdur. Lakin İrəvandan daxil olan məlumatlara əsasən, Ermənistan bu məsələni birbaşa olaraq Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə əlaqələndirərək, məhz siyasi müstəviyə keçirməyə çalışır. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasının üzvü Andranik Koçaryan deyib ki, xarici işlər naziri Ararat Mirzoyanın COP29 konfransında iştirakı üçün Bakı “sülhün onun məqsədləri arasında üstünlük təşkil etdiyini” sübut etməlidir.
“Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Koçaryan Azərbaycanın dəvətini “normal” adlandırıb, lakin əlavə edib ki, Ermənistan nümayəndəsinin iştirak etməsi üçün Bakı öz ritorikasını dəyişməlidir. Jurnalistin “Noyabrda Bakıya getmək düzgündürmü?” sualına Koçaryan belə cavab verib: “Əlbəttə, amma bunun üçün Bakı çox şey etməlidir ki, qavrayış (?) adekvat olsun”. Parlamentin komissiya sədrinin anlaşılmaz cavabı jurnalisti “Məsələn?” sualını verməyə məcbur edib. “Bakı öz ritorikasında nələrisə dəyişməlidir. O da sülh üçün çalışmalıdır, necə ki, biz çalışırıq” – deyə deputat vurğulayıb.
Qeyd edək ki, Ermənistan müxalifəti A.Mirzoyanın Bakıya dəvətini “avantüra” adlandırıb və İrəvanın bunu qəbul etməklə heç bir dividend əldə edə bilməyəcəyini bəyan edib. Düzdür, A.Koçaryan müxalifətin mövqeyini tənqid edərək, onun təmsilçilərinin Ermənistanın təhlükəsizliyi və milli maraqları ilə bağlı məsələlərdən çoxdan kənarlaşdıqlarını vurğulayıb. Ancaq rəsmi İrəvan ölkənin xarici işlər nazirinin COP29-da iştirakı ilə bağlı, belə deyək, sövdələşməyə başlamaq niyyətini gizlətmir. Beləliklə, ölkəmiz növbəti dəfə Ermənistanın primitiv və açıq-aydın qeyri-məhsuldar taktikası ilə üzləşib. Haylar A.Mirzoyanın Bakıya gəlişi naminə Azərbaycanın Ermənistanla sülhün əldə edilməsi məsələsində aydın, prinsipial və birmənalı mövqeyinə dəyişiklik etməyəcəyini birdəfəlik anlamalıdırlar.
Ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasına dair mövqeyi isə bir neçə gün öncə – iyulun 20-də II Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev tərəfindən bir daha bəyan edildi. Dövlətimizin başçısı bildirdi ki, birincisi, Ermənistan Bakı və İrəvanın Minsk qrupunun ləğv edilməsinə dair ATƏT-ə birgə müraciət etməklə bağlı bizim təklifimizə müsbət cavab verməlidir. Artıq uzun müddətdir ki, bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər: “Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu, o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir...”
Prezident İlham Əliyevin fikrincə, növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə, təhdid mövcuddur. Orada Ermənistanın və “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. “Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq” – deyə cənab İlham Əliyev ölkəmizin mövqeyini sərrast ifadə etmişdi.
Mövzu ilə bağlı fikirlərini “XQ” ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, ölkəmizin göndərdiyi dəvət məktubu sülh naminə atılan növbəti addım kimi də qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu xoşməramlı jest Ermənistan tərəfindən adekvat dəyərləndirilməlidir: “Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməsinə rəğmən Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində beynəlxalq hüquqa uyğun 5 prinsip irəli sürən dövlətdir. Ancaq Ermənistan baş naziri bu yaxınlarda Londonda keçirilmiş Avropa Siyasi Birliyinin tədbirində Azərbaycan lideri ilə görüşməkdən imtina etdi. Bu addım da göstərdi ki, İrəvan sülh prosesinə sadiq deyil. Görüşdən imtina edilməsi ilə sülh gündəliyinə böyük zərbə vuruldu”.
Politoloqun fikrincə, İrəvanın Azərbaycanın evsahibliyi edəcəyi tədbirdən imtina edəcəyi halda bir daha təsdiq olunacaq ki, Ermənistan sülhdə, əməkdaşlıqda maraqlı deyil və regionda kənar geosiyasi oyunçuların sifarişlərini yerinə yetirir.
Beləliklə, bir daha aydın olur ki, Bakı A.Mirzoyanın, yaxud hansısa Ermənistan rəsmisinin gəlişi naminə mövqeyini dəyişməyəcək. Bizim sözümüzün imzamız qədər dəyərli olduğunun ötən müddət ərzində dəfələrlə şahidi olan İrəvan bu şərtlərin heç birində aqressiv ritorika olmadığını və Azərbaycanın sülh istəyinin səmimiliyinə şübhə yaratmadığını anlamalıdır. Əgər Ermənistan öz xarici işlər nazirini Bakıya göndərmək niyyətindədirsə, o zaman bu məsələni siyasiləşdirməkdən əl çəkməli, hər hansı şərt irəli sürmədən bunu etməlidir. Əks-təqdirdə Azərbaycanın evsahibliyi edəcəyi mötəbər tədbir Ermənistan təmsilçisinin iştirakı olmadan baş tutacaq.
Səxavət HƏMİD
XQ