Cəmiyyət ortaq məxrəcə gəlmək üçün Paşinyana siqnallar ötürməkdədir
Rəsmi Bakı İrəvana tarixin arxivinə göndərdiyi Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət göndərmək təklifini göndərib. İntəhası, bu məsələyə yanaşmada Ermənistan haklimiyyəti daxilində fərqli mövqelərin olduğunu söyləyə bilərik.
Görünən odur ki, baş nazir Nikol Paşinyanın Minsk qrupunun aqibəti barədə söylədikləri ilə Bakının təklifi arasında müəyyən qədər fərqi var. Azərbaycan ATƏT-in Minsk qrupunun ömrünü və fəaliyyətini “de-fakto” çoxdan başa vurduğunu, üç həmsədrli təsisatın özünün ilkin missiyasının öhdəsindən gələ bilmədiyini və 20220-ci ilin noyabrında tam iflasa uğradığını açıq mətnlə bəyan edib. Bakı göstərilən səbəblərə görə İrəvana da tərəflər üçün artıq heç bir əhəmiyyət daşımayan bir təsisatdan imtina eləməyi məsləhət görür.
Bakının istəyini zərurətə çevirən başqa bir amil isə odur ki, həm Azərbaycan, həm də Ermənistan bu gün də ATƏT-ə üzvlük haqqı ödəyirlər. Yəni, durumun paradoksallığı ondadır ki, keçmiş münaqişə tərəfləri hazırda faydalılıq əmsalı sıfıra düşmüş bir təsisatın saxlanılmasına pul ödəyirlər. Ermənistan bu məsələyə bir qədər fərqli prizmadan yanaşır və deyir ki, ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb, amma bu fəaliyyətin bərpa olunmasına ehtiyac yarana bilər. Əslində, İrəvanın bu mesajının ünvanı ATƏT deyil, onun otuz il bundan əvvəl yaratdığı Minsk qrupunun həmsədrləri – ABŞ və Fransadır. Paşinyan Minsk qrupunu tənqid edərkən konkret olaraq Rusiyanın bu təsisatda fəaliyyət göstərmədiyinə və ya bundan sonra fəaliyyətinin mümkünsüz olduğuna işarə vurur.
İndi biz Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, artıq mövcud olmayan bir institutun fəaliyyətinə ehtiyac duyulmadığı barədə dediklərinin səmimiliyinə inana bilərikmi? Onun sülh danışıqlarında, azı, son bir il ərzində sərgilədiyi mövqe fərqləri bu sualın müsbət cavabını istisna edir. Çox güman ki, Ermənistan hakimiyyəti indiki vəziyyətdə özünün təhlükəsizliyinin təminatı mexanizmlərinin alt qatında məhz ABŞ-ni nəzərdə saxlayıb. Son vaxtlar intensivləşən İrəvan–Vaşinqton təmasları bu versiyanın inandırıcılıq dərəcəsini xeyli artırır.
Fakt ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından etibarən fəaliyyətini “de-fakto” dayandırıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın özü parlamentdə son çıxışı zamanı söyləyib. Yəni, artıq Ermənistan rəhbəri də etiraf edir ki, Qarabağ münaqişəsi tarixə çevrildiyi kimi, bu adda qrup və onun hımsədrləri də yoxdur. Əgər doğrudan da belədirsə, yəni Paşinyan Bakı ilə sülh danışıqlarında səmimidirsə, nədən Azərbaycan hakimiyyətinin təklifini qəbul edib bu qrupun “de-yure” ləğvi üçün ATƏT-ə birgə müraciət etməkdən yayınır?
Oxuculara xatırladaq ki, Prezident İlham Əliyevin həmin təklifi ilə bağlı Ermənistan parlamentin spikeri Alen Simonyan da maraqlı açıqlama vermişdi. O bildirmişdi ki, sülh müqaviləsi imzalandıqdan sonra Minsk qrupuna onsuz da ehtiyac qalmayacaq. Halbuki iki ölkə arasında imzalanacaq sülh sənədinin “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üçün yaradılan Minsk qrupuna dəxli yoxdur. Rəsmi İrəvanın bir-birinə aidiyyatı olmayan bu iki məsələni süni şəkildə bir-birinə calamaq cəhdi isə gələcəkdə dolayası ilə Azərbaycana qarşı torpaq iddiasının davam edəcəyinin, erməni tərəfinin hələ də “bəlkə də qaytardılar” xəyalı ilə yaşamasının təzahürü sayıla bilər.
* * *
Mövzuya yenidən qayıtmağımızın səbəbi Ermənistan ictimai fikrində ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Bakının müraciətinə pozitiv təmayüllərin özünü göstərməsidir. Ayrı-ayrı siyasilər, bloqerlər, analitiklər məsələyə münasibət bildirirlər.
“Azərbaycan cari proseslərin dönməzliyini təmin edəcək qərarların qəbulu və möhkəmlənməsi üçün hər şeyi edir”. Bu tezisin müəllifi politoloq Tevan Poqosyan erməni mediasına açıqlamasında bildirib ki, Bakının tələblərindən biri, məsələn, ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Erməni ekspertin fikrincə, Rusiya ilə münasibətləri kifayət qədər zəiflədən baş nazir Paşinyan indi bütün mümkün ssenariləri və onların nəticələrini hesablamağa borcludur. Poqosyan iqtidar nümayəndələrinin “Ermənistan Rusiya Federasiyasının əyalətinə çevrilməməlidir” xarakterli bəyanatlarıına bu cür şərh verib: “Əgər belə bir fikir sizin beyninizə gəlirsə, deməli, əyalətə də çevrilə bilərsiniz. Nəticə etibarı ilə indi yürütdüyünüz siyasətlə yenə vilayət ola bilərik. Kimdən asılı olmağın nə fərqi var?”.
Bu məqamda Tevan Poqosyanın üç il bundan əvvəl dediklərinə nəzər salmağımız, müqayisə nöqteyi-nəzərindən, yerinə düşər. O zaman həmin Poqosyan belə danışırdı: “İlham Əliyevin siyasəti aydındır. Bunun qarşısını almaq üçün erməni çevikliyi, düzgün hesablamalar və milli arzumuzu təbliğ etməklə almaq lazımdır. Mən qarşı tərəfin tələskənliyini başa düşürəm, amma erməni tərəfi tələskənlikdən danışanda, bu, anlaşılmazdır”.
İndi mövqeyi yüz səksən dərəcə dəyişmiş erməni politoloqu üç il bundan əvvəl rəsmi İrəvana ritorik sualla müraciət etmişdi: “Kim dedi ki, ümumiyyətlə, hansısa sülh sazişini bağlamaq lazımdır? İmzalanan istənilən sənəd bizi, xüsusən də gələcək nəsilləri milli hüquqlarımızdan məhrum edir. Əgər biz güclü dövlət formalaşdırmağı, övladlarımızın, nəvələrimizin, nəticələrimizin güclü ölkədə yaşamasını istəyiriksə, onda niyə onları gələcəkdə daha yaxşı istifadə edə biləcəkləri hüquqlardan məhrum edirik? Bizim vəzifəmiz güclü dövlət qurmağın yollarını başa düşmək üçün öz səhvlərimizdən nəticə çıxarmaq və başqalarının nümunələrini nəzərə almaqdır. Ona görə də hazırda nəyə imza atacağımızı bilmirəm”.
Hazırda Ermənistan cəmiyyətində təkcə ATƏT-in Minsk qrupunun buraxılmasına deyil, sülhlə bağlı digər məsələlərə münasibətdə də haçalanma müşahidə olunmaqdadır. Hər şeydən göründüyü kimi, Ermənistanın konkret bu məsələdə Azərbaycanla razılaşacağı, ATƏT-ə birgə müraciət etmək fikrinə gələcəyi gün uzaqda deyil. Əslində, Bakı ilə İrəvanın ATƏT-ə birgə müraciət etməsi sülhə aparan danışıqlarda, bütövlükdə, ikitərəfli münasibətlərdə müsbət hadisə hesab olunmaqla, yeni bir mənzərəni formalaşdıra bilər. Bu istiqamətdə birgə fəaliyyətin baş tutması Minsk qrupunun keçmiş həmsədrləri olan dövlətlərə işarə rolunu oynayacaq. Yəni Azərbaycan və Ermənistan artıq kənar vasitəçilər, həmsədrlər olmadan ortaq mövqeyə gəlməyi bacarırlar. Məgər Bakının İrəvana başa salmağa çalışdığı əsas məsələ bundan ibarət deyil?
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Həmin Tevan Poqosyanla vətəndaş cəmiyyətinin ekspertləri səviyyəsində müxtəlif tədbirlərdə görüşmüşük. Səhv etmirəmsə, bir müddət deputat kimi də fəaliyyət göstərib, Ermənistanın keçmiş prezidenti Sarkisyanın müşaviri də işləyib. Yəni, Qarabağ klanına yaxınlığı ilə seçilsə də, Qərbin bir çox proqramlarında yaxından iştirak edirdi. Söhbət on beş-on yeddi il əvvəldən gedir. Elə o zaman İrəvanın Moskva ilə məsafəli davranmasının, Qərbə yaxınlaşmanın tərəfdarı kimi tanınırdı.
O ki qaldı, ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə, burada ümumi yanaşmalar məlumdur. Rəsmi İrəvan Bakının Minsk qrupu ilə bağlı müraciətinə yalnız sülh müaviləsi bağlandıqdan sonra baxa biləcəyini bildirib. Bu məsələ barədə ümumi razılığın mövcudluğundan danışmaq olar, amma bundan ötrü Ermənistan tərəfindən iki ölkə arasında sülh müqaviləsinin imzalanması şərti var. Amma buna qədər İrəvan da Bakının sülh sazişinin mətninə əlavə etdiyi şərtləri yerinə yetirməlidir. Söhbət Ermənistan konstitusiyasında, digər qanunverici aktlarında qonşulara qarşı ərazi iddiaları ilə bağlı yer alan müddəaların aradan qaldırılmasından gedir. İrəvanın sülhə aparan yolda atmalı olduğu əsas addım məhz bu olmalıdır. Hansısa müstəqil ekspertin, yaxud politoloqun sözdə Azərbaycanın müraciətinə müsbət yanaşması, onu dəstəkləməsi ilə problem aradan qalxmır. İrəvan bunu əməldə sübuta yetirməlidir.
İmran BƏDİRXANLI
XQ