Vatikan qəzeti Azərbaycan ərazisindəki Qafqaz Albaniyasından yazıb

post-img

Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetində “Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib.

Ölkəmizə səfər edən qəzetin jurnalisti Rossella Fabiani məqaləsində Azərbaycanda xristianlıq, qədim alban irsi, ölkəmizdə yaşa­yan dini icmaların vəziyyəti, eləcə də tarixi faktlara və həqiqətlərə geniş yer ayırıb. Yazı­da 1836-cı ildə çar I Nikolayın alban kilsəsini ləğv edib erməni Qriqorian kilsəsinə tabe et­mək qərarına gəldiyi diqqətə çatdırılıb.

Məqalədə Qafqazda Alban Apostol Kil­səsinin yaranmasının eramızın IV əsrinə tə­sadüf etdiyi bildirilir. Vurğulanır ki, qədim Qafqaz Albaniyası şimalda dağlardan cə­nubda Araz çayına, şərqdə Xəzər dənizindən qərbdə Gürcüstan (o zaman İberiya) sərhəd­lərinə qədər uzanırdı. Bu gün onun ərazisində udi icması sayəsində hazırda da mövcud olan bu qədim kilsənin izlərini aşkarlamaq üçün üç min kilometrə yaxın məsafə qət etdiyimiz Azərbaycan yerləşir. Qafqaz Albaniyası dün­yada həvari Faddeyin şagirdi vaiz Yeliseyin yaydığı xristian dinini qəbul edən ilk ölkələr­dən biri olub. Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey onun öz sözləri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanın həyatından ilhamlanaraq Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsinin “toxumlarını” səpib.

Qeyd olunur ki, Yeliseyin səyahəti uzun çəkib. O, Qüdsdən yola çıxıb, bir neçə ölkə keçərək müxtəlif dillər və tayfaların töhfəsi ilə çoxəsrlik tarix formalaşdıran, plüralist, multietnik və multikultural kimlik ərsəyə gətirən diyar olan Şəki rayonundakı Kiş kən­dinə gəlib və burada Qafqaz Albaniyasının ilk kilsəsini qurub. Yazılı mənbələr və maddi mədəniyyət nümunələri I əsrdən başlayaraq burada dominant etnik qrup albanlar olmaq­la, 26 tayfadan ibarət böyük bir mozaikanın mövcud olduğunu sübut edir. Bunlara gel­lər, leqlər, udilər (albanların birbaşa varisləri hesab olunurlar), qarqarlar, çilblər, silvlər, lu­penlər, sovdelər və kaspilər daxildir. Müxtəlif mədəniyyətlərə və dinlərə malik icmalara ev sahibliyi etdiyi bilinsə də, Azərbaycanın indi süqut etmiş hesab olunmasına baxmayaraq, kilsənin və icmasının hələ də var olduğu Qafqaz Albaniyası adı ilə tanınan böyük bir krallığın mərkəzində yaradılan Şərq ayinli Alban Apostol Kilsəsinin beşiyi olduğu az məlumdur. 1937-ci ildə gürcü dilçisi İliya Abuladze erməni əlyazmasını araşdırarkən bir sıra qeyri-adi əlifbalar aşkar edənədək bu sivilizasiya və kilsənin mövcudluğu uzun müddət məlum olmayıb. 1947-ci ildə Azər­baycanın Mingəçevir şəhərində böyük bən­din tikintisi zamanı erməni əlyazmasında ta­pılanlarla eyni olan yeni yazılar aşkar edilib. Bir neçə il sonra - 1952-ci ildə əvvəlkilərlə eyni əlifbadan ibarət yeni əlyazma tapılıb. 1975-ci ilin mayında Misirin Sinay dağında­kı Müqəddəs Yekaterina monastırında bir sıra yerləri məhv edən yanğından sonra çökmüş döşəmənin altında salamat qalan bir məkan ortaya çıxıb. Orada XVIII əsrdən bəri 140-ı gürcü mənşəli olmaqla, 1100 əlyazma sax­lanılırmış. Onlardan ikisi həlledici rolu ilə fərqlənirdi: N Sina 13 və 55, perqament üzə­rində yazılmış kodekslər. X əsrə aid olan iki əlyazma bütövlükdə hər birində sözlər ara­sında boşluq qoyulmadan iki sütunda düzül­müş alban dilində mətndən ibarət palimpsest­lər idi (əsl mətnin yenisi ilə əvəz olunması üçün istifadə olunan material). İki palimpses­tin yazısını Matenadaran əlifbası MS, 7117 və Azərbaycanda 1947-ci və 1952-ci illərdə aşkarlanmış qəbir daşı yazıları ilə müqayisə etdikdən sonra alman alimləri Jost Gippert və Volfgang Schulze belə qənaətə gəliblər ki, iki gürcü əlyazması N Sina 13 və 55 alban dilin­də tərtib olunub və günümüzə gəlib çatmamış əlyazmanın bir hissəsi olub. Lakin hər şeydən əvvəl Sinay palimpsestləri albanların liturgik dili ilə udilərin müasir dili arasında davamlı­lığı sübut edirdi.

Məqalədə, eyni zamanda, bildirilir ki, bu tapıntılar əsasında Qafqaz Albaniyasında ilk kilsələrin I əsrə aid olduğunu iddia edən orta əsr yazılı mənbələrinin haqlı olduğunu söyləmək mümkündür. Bu xüsusda Musa Kalankatuklunun (VII əsr) “Albaniya tarixi” kitabında yazdığı fikirlər əvəzsizdir: “Qüds­də Yelisey İsanın qardaşı, Yerusəlimin birinci patriarxı olan Müqəddəs Yaqub tərəfindən təyin edilib. Yelisey Şərqi bir hədiyyə ola­raq qəbul edib. Azərbaycanın şimalında yer­ləşən Quis (Kiş) kəndinə gəlib, burada kilsə təsis edib, qurban kəsib. Bu yer kilsələrimi­zin ilkin mənbəyi, qədim paytaxtların əsası və əzəmət məkanının başlanğıcıdır”. Lakin yalnız IV əsrin ortalarında (313-cü ildə Mi­lan Fərmanından sonra) Alban kralları rəsmi olaraq xristianlığı qəbul edib və Qafqaz Al­baniyasının ilk paytaxtı Qəbələdə yerli pul zərb etməyə başlayıb. Bu, IV əsrdən VII əsrə qədər davam edən xristian memarlığının in­kişafının ikinci mərhələsinin başlanğıcı idi. Beləliklə, xristianlıq çoxtayfalı Alban döv­lətinin birləşməsində mühüm amilə çevrilib. Qədim inanclara aid abidələrin yerləşdiyi məkanlar bazilikaların və kilsələrin tikintisi üçün bünövrə rolunu oynayıb. XII əsrdə isə Alban kilsəsi intibah dövrünü yaşayıb. Bu dövrdə yeni kilsələr tikilib, ən qədimləri bər­pa edilib, yeni memarlıq nümunələri yaradı­lıb. Buna misal olaraq 1204-cü ildə tikilən və Kəlbəcər rayonunda yerləşən Xatirəvəng mo­nastırını, eləcə də 1214-cü ildə inşa olunan və UNESCO tərəfindən ümumdünya əhə­miyyətli abidə kimi qeydə alınan Xudavəng monastırını göstərmək olar. Bundan əlavə, Ağdərə rayonunda yerləşən və əsası 1216-cı ildə qoyulmuş Gəncəsər monastırı. Onun epiqraflarından birində “Alban patriarxının göstərişi ilə albanlar üçün tikilib” yazılıb. Bu, çar I Nikolayın Alban kilsəsini ləğv edib erməni Qriqorian kilsəsinə tabe etmək qəra­rına gəldiyi 1836-cı ilə qədər müstəqil qalan Alban knyazlığının mənəvi mərkəzi olan mo­nastırdır.

Vurğulanır ki, 1828-ci ildə Osmanlı və Fars imperiyalarından gələn ermənilərin Qa­rabağ, İrəvan və Naxçıvan xanlıqlarının əra­zilərinə köçürülməsini nəzərdə tutan Türk­mənçay müqaviləsinin imzalanması ilə artıq yavaş-yavaş alban kilsəsinin tənəzzülü baş verib. Bundan sonra Qafqaz Albaniyasının irsinin qreqorianlaşdırılması prosesi başla­yıb. Lakin 1918-1919-cu illərdə Qarabağda apardığı arxeoloji ekspedisiya zamanı sovet Ermənistanı Elmlər Akademiyasının prezi­denti, şərqşünas Cozef Orbeli Qarabağın kil­sə və monastırlarının, xüsusən də Gəncəsərin divarlarında həkk olunmuş mindən çox epiq­rafı tədqiq və təsvir edib. Erməni arxeoloqu “Gəncəsar və Havotsptuk kitabələri” kita­bında dərc etdirdiyi tədqiqatın nəticələrinə əsasən belə nəticəyə gəlib ki, mədəni memar­lıq irsi ümumdünya irsinin, xüsusən də xristi­an irsinin ayrılmaz hissəsi olan Qafqaz Alban Kilsəsinin irsidir. 

“Azərbaycana səfər onu daha yaxından tanımaq üçün, sadəcə, başlanğıcdır”, - deyə jurnalist Rossella Fabiani məqaləsində vur­ğulayıb.

Siyasət