Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru (2003-2012) Luis Moreno Okampo yenə öz ampluasındadır. Xaricdəki erməni diasporundan külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmayan Okampo bunun əvəzini ödəmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Noyabrın 11-22-də paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası argentinalı hüquqşunas üçün göydəndüşmə fürsət olub.
Okampo özünün saytında ermənilərə açıq məktub ünvanlayıb. Məktubun girişində hayların ünvanına təriflər yağdıraraq, daha sonra onlara “yol xəritəsi” təqdim edib. O, erməniləri COP29-a qədər səylərini birləşdirməyə, mediada və sosial şəbəkələrdə Bakıda saxlanılan separatçı erməni “qlavar”lara dəstək kampaniyası başlatmağa çağırıb. BMT-nin iqlim konfransını siyasiləşdirərək, onu “erməni məhbuslar”ın azad edilməsi üçün görünməmiş şans hesab etdiyini bildirib.
BCM-in keçmiş prokuroru sosial şəbəkələrdə materiallar dərc edərkən müxtəlif heşteqlərdən istifadə etməyə çağırıb. Hətta, heşteqlərin adlarını da müəyyən edib. Onun fikrincə, sosial şəbəkələrdə paylaşımların bu cür edilməsi ilə gündəlik yazılar daha çox insana çatacaq, digər cəmiyyətlərin və qlobal medianın diqqətini cəlb edəcək. “Koordinasiyalı bu səy sammitdə iştirak edən jurnalistləri, nümayəndə heyətlərini və qeyri-hökumət təşkilatlarını “erməni girovlar və siyasi məhbuslar”la bağlı Azərbaycanda suallar verməyə və cavablar almağa məcbur edəcək” – deyən Okampo daha sonra ölkəmizin Qarabağda, guya, soyqırımı həyata keçirməklə bağlı ötən ilin yayında və payızında səsləndirdiyi cəfəng fikirlərini bir daha təkrarlayıb.
Okamponun haylara açıq məktubu erməni diasporu və lobbisinin COP29-la bağlı ölkəmizə təzyiq kampaniyası başlatdığının əyani göstəricisi sayıla bilər. Onlar bundan öncə də dəfələrlə oxşar addım atıblar. Hər dəfə Bakıda mötəbər beynəlxalq tədbir keçirilərkən, bundan ölkəmizi qaralamaq, böhtan atmaq üçün yararlanmağa çalışıblar. Biz 2012-ci ildə keçirilən “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə baş tutan ilk Avropa Oyunları, “Formula-1” və digər mühüm beynəlxalq tədbirləri, habelə ölkəmizin daxili işi olan prezident və parlament seçkiləri zamanı bunun şahidi olmuşuq. İndi isə onlar çirkin əməllərini həyata keçirmək üçün iqlim dəyişikliyi konfransından yararlanmağa çalışırlar. Dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişikliyi məsələsini siyasiləşdirmək, ondan özünün şəxsi məqsədləri üçün yararlanmağa çalışmağı isə ancaq erməni diaspor və lobbisi, onlardan qidalanan Okampo kimilər özlərini rəva görərdilər. Necə ki, görürlər.
Baş verənlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 21-də Şuşada keçirilən II Qlobal Media Forumunda çıxışı zamanı dediyi “Azərbaycan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ciddi dezinformasiya ilə üzləşib” fikrinin təsdiqi sayıla bilər.
Prezident İlham Əliyevin ölkəmizin üzləşdiyi dezinformasiya ilə bağlı fikirlərini xatırladan H.Hacıyev əlavə etmişdi ki, bu faktor müxtəlif ölkələr arasında münaqişə yarada bilər: “Rəqəmsallaşma məlumatların sürətli istehsalını təmin edir və bu da bəzən təhriflərə yol verilməsinə şərait yaradır. İnformasiya çox güclü vasitədir və bunun necə düzgün istifadə edildiyi ciddi sual altındadır. Dezinformasiya artıq fərdi azadlıqları da təhdid etmək həddinə çatıb. Bu anlayış manipulyasiya edən, ictimai fikri çaşdıran və qlobal təhlükəsizliyə ciddi təhlükə yaradan informasiya çirklənməsi ilə müşahidə olunur. Dezinformasiya, ümumiyyətlə, mətbuatın etibarlılığını sarsıdır. Bu baxımdan dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmağında vasitə ola bilər. Prezident İlham Əliyevin də dediyi kimi, bu, müxtəlif tərəflər arasında münaqişələrin yarananmasına səbəb ola bilər. Bu amil həm də mətbuatın təməl prinsiplərini pozur. Prezident İlham Əliyev də dünən (iyulun 20-də-S.H.) qeyd etdi ki, dezinformasiya nəticəsində faktlar elə təqdim olunurdu ki, guya, Azərbaycan hansısa ölkəyə təcavüz edib. Təəssüf ki, bütün media agentliklərinin sərlövhələrində bu faktı Azərbaycanın törətdiyi ilə bağlı məlumatlar yer alırdı”.
H.Hacıyev qeyd edib ki, biz cənab İlham Əliyevin beynəlxalq mətbuatla ünsiyyəti və ayrı-ayrı beynəlxalq mətbuat orqanları ilə iş nəticəsində bu amillərlə mübarizə apardıq. Çalışırdıq ki, dünya ictimaiyyətinə yalnız həqiqəti çatdıraq. İnanırıq ki, dezinformasiyaya qarşı müqavimət mexanizmlərinin inkişafı və bunun əleyhinə mübarizədə jurnalist peşəkarlığının artırılması mühüm rol oynaya bilər. Xüsusilə, beynəlxalq təşkilatlarda bununla bağlı tədbirlər görülməlidir. Burada bu mübarizənin təməl prinsipləri barədə razılığa gəlmək lazımdır: “Biz düşünürük ki, düzgün məlumatın cəmiyyətə çatdırılması son dərəcə vacibir. Azərbaycan COP29-la bağlı da ciddi dezinformasiya ilə üzləşib. Ölkəmiz qlobal təhlükəsizliklə bağlı gündəliyini elan edib və işimizi bu gündəliyə uyğun qururuq”.
Biz isə Okamponun məktubuna qayıdaraq isə qeyd etməyi vacib bilirik ki, onun yüksək dəyərlərdən danışmağa mənəvi haqqı yoxdur. Azərbaycan torpaqlarını işğal edən, ələ keçirdikləri ərazilərdə, necə deyərlər, daş üstə daş qoymayan, meşələrimizi qıran, çaylarımızı çirkləndirən, terrorun bütün növləri ilə məşğul olan haylara qahmar çıxmaq elə onların əməllərinə şərik olmaq deməkdir.
Okampo yazır: “İqlim dəyişikliyi ilə soyqırımı arasında əlaqə kəskin və danılmazdır. Onların hər ikisi beynəlxalq konvensiyalarla tənzimlənir, təəssüf ki, qeyri-adekvat icraat görülüb. 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və 1948-ci ildə Soyqırımlarının Qarşının Alınması Konvensiyasının qəbul edilməsindən sonra dünya qlobal temperaturun yüksəlməsi və davamlı soyqırımı təhdidlərinin şahidi olur. Təkcə 2023-cü ildə BMT-nin soyqırımlarının qarşısının alınması üzrə xüsusi müşaviri Qarabağ da daxil olmaqla altı instansiyada davam edən riskləri müəyyən edib”. Əlbəttə, biz bu fikirlərin müəllifinin pulgirliyinə və fırıldaqçı mahiyyətinə bələd olmasaydıq, Okamponun psixoloji durumunun qaydasında olmadığını düşünə bilərdik. Amma o, nə etdiyini bilir, onun əsas məqsədi haqq-ədaləti müdafiə etmək deyil, daha çox pul qazanmaqdır. Əgər Okampoda azacıq ədalət hiss olsaydı, gerçək soyqırımına məruz qalan xalqın azərbaycanlılar olduğunu qəlbinin dərinliklərində etiraf edib həqiqətləri deməsə belə, yalana da alət olmazdı.
Azərbaycanın neft-qaz ölkəsi, bunun sayəsində ölkəmizə valyuta daxil olması da Okamponun yuxusuna haram qatıb. Keçmiş prokuror qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilk növbədə karbohidrogen ehtiyatlarından qaynaqlanan istixana qazları emissiyalarının atmosferə atılmasının qarşısını almaq məqsədi daşıyır. “Bu tullantıların 75 faizdən çoxu karbohidrogenlə əlaqəli olduğu üçün sənayenin iqlim siyasətinə təsiri kritik narahatlıq doğurur. İxrac gəlirlərinin təxminən 90 faizini neft və qazın təşkil etdiyi Azərbaycanın COP29-a evsahibliyi etməyə hazırlaşması ziddiyyətin təzahürüdür. Bu ziddiyyət missiyanızın aktuallığını və aktuallığını vurğulayır” – deyən Okampo əsl mahiyyətini bir daha ortaya qoyub.
Bir neçə gün öncə Prezident İlham Əliyev də bu barədə danışmış və qeyd etmişdir ki, bizim namizədliyimiz və evsahibliyimizlə bağlı qərar verildikdən sonra – növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başlayıb: “Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir”.
Dövlətimizin başçısı qeyd etmişdi ki, COP tədbirinin biri Qlazqoda – Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. COP27-yə isə Misir Ərəb Respublikası evsahibliyi edib. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya evsahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Prezidentin fikrincə, bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirirlər.
Bütün bu məqamları ümumiləşdirərək deyə bilərik ki, Okamponun neft-qaz və COP29 mövzusunda ölkəmizi ittiham etməsi nə birinci, nə də sonuncu haldır. Keçmiş prokurora və onun kimi danışanlara, yazanlara cavab verməmək də olardı. Ancaq bu halda onların abırlarına qısılıb növbəti dəfə böhtanlar yağdırmayacağına heç bir təminat yoxdur. Ona görə də belələrinin cavabı verilir və veriləcək.
Cavid VƏLİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq
– Əlbəttə, Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi hər uğur bizə qarşı düşmənçilik edən erməni diaspor və lobbisinin, onların dəstəkçilərinin uğursuzluğu anlamına gəlir. Çünki onlar ölkəmiz barədə beynəlxalq aləmdə mənfi imic yaratmağa çalışırlar. COP29 kimi tədbirlər isə Azərbaycanın imicinin yüksəlməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, rəsmi Bakı COP29-dan əvvəl Ermənistanla sülh sazişinin imzalanması istiqamətində müsbət jestlər etmiş, addımlar atmışdı. Bütün bunlar qarşı tərəfin himayədarlarında ciddi narahatlıq yaradır. Beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlmişkən, onlar bunu tərsinə çevirməyə çalışırlar.
Mən onların uğurlu ola biləcəyini düşünmürəm. Bundan əvvəl keçirilən beynəlxalq tədbirlər zamanı da uğursuz olublar. Əlbəttə, bu dəfə Qərbdəki müəyyən mərkəzlərdən onlara daha çox dəstək veriləcəyini düşünürəm. Amma biz görürük ki, artıq onlarca ölkənin dövlət və hökumət başçıları COP29-da iştirakı qəbul ediblər. Ölkəmiz bütün tədbirləri ardıcıllıqla həyata keçirir. Ermənilərin və onların himayədarlarının COP29-un keçirilməsinə ciddi təsirlərinin olacağını düşünmürəm. Lakin bunu da qeyd etmək istərdim ki, onların əks-təbliğat kampaniyasına təkcə COP29 çərçivəsində yanaşmamaq lazımdır. Onlar sessiyadan sonrakı dövrdə də bunu daim aparacaqlar. Bu baxımdan biz ölkəmizə qarşı dezinformasiya kampaniyasına hər zaman hazırlıqlı olmalı və tədbirlərimizi görməliyik.
Səxavət HƏMİD
XQ