Peskovdan xəbərdarlıq: Ermənistan Ukrayna deyil

post-img

“Rusiya Ermənistanı qardaş ölkə sayır və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrarlamayacaq”. Bu fikirlər Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova məxsusdur. D.Peskov “Moskovski komsomolets”ə açıqlamasında kifayət qədər diplomatik olmağa çalışsa da, onun yuxarıda diqqətə çatdırdığımız fikirləri bir çox mətləblərdən xəbər verir. Hansı mətləblərdən, bu barədə söz açacağıq. Ancaq hələlik Rusiya rəsmisinin daha nələri nəzərdə tutduğuna diqqət yetirək. Beləliklə, Kremlin mətbuat katibinin sözlərinə görə, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir. Eyni zamanda, Rusiya üçün Ermənistan müttəfiq və qardaş ölkə olaraq qalır: “Biz bu cür yanaşmaya hörmətlə yanaşırıq. Lakin İrəvanın bir vaxtlar Kiyevin buraxdığı səhvləri təkrar etməsini istəməzdik”.

Bəli, Peskov Ermənistana xəbər­darlıq edir. Yeri gəlmişkən, son vaxtlar Moskvadan İrəvana ün­vanlanmış xəbərdarlıqlar tez-tez səslənir. Ona görə ki, Hayastan rəngləri tündləş­dirməklə məşğuldur. Baş nazir Nikol Pa­şinyan və onun administrasiyasında yer alan şəxslər həm Rusiyanı saymır, həm də istər yerli, istərsə də beynəlxalq müstə­vidə anti-Rusiya tezislərini təbliğ edirlər. 

Əlbəttə, ən əsas məqam Cənubi Qafqazdır. Hazırda Qərb bu regionda sabitliyi pozmağa çalışır. Daha doğrusu, Qərbin bölgədəki anti-Rusiya ritorikası dinc və əmin–amanlıq mühitini təhdid edir. Ermənistan isə bu ritorikadakı ən vacib alətə çevrilir. Bütün beynəlxalq platformalarda ölkəmizin Rusiya ilə əlbir­liyinə dair təsəvvür formalaşdıran rəsmi İrəvan dünyanın Kreml əleyhinə kökləni­şindən özünün avantürist faydasını gö­türməyə cəhd edir. Buna görə də silahla­nır, silahlandırılır. Nəticə etibarilə erməni iqtidarı Azərbaycanla sülhü də şübhə al­tına alır, dinc və əmin–amanlıq şəraiti­nin formalaşması baxımından yaranmış müsbət tendensiyaya zərər gətirir. 

Ermənistan rəhbərliyi Cənubi Qafqaz­da, belə demək mümkünsə, geosiyasi rəqabət qazanının içərisində yer almaq­dadır. Bu, son dərəcə təhlükəli gedişdir. Əslində, rəsmi İrəvanın indiyədək də belə təhlükəli gedişləri olub və ötən müddət göstərir ki, hər dəfə bunun ziyanını çəkib. Ancaq səhvlərdən nəticə çıxarmayıb və bu gün də çıxarmır. Ən başlıcası isə hazır­da yaşananlar onu deməyə əsas verir ki, Ermənistan özünün müasir dövlətçilik ta­rixinin ən böyük səhvini etməyə hazırlaşır. İstər Peskovun, istərsə də digər Rusiya rəsmilərinin də bildirmək istədikləri, amma açıq şəkildə dilə gətirmədikləri elə budur. 

Ümumən, Rusiya–Ermənistan müna­sibətləri məsələsində ikincinin Ukrayna­nın yolunu getdiyinə dair fikirlər çoxdan formalaşıb. Bu düşüncələr, bir qayda olaraq, ayrı-ayrı ekspert və politoloqlar, bəzən isə rusiyalı parlamentarilər tərə­findən gündəmə gətirilib. İndi Peskovun açıqlaması onu deməyə əsas verir ki, sözügedən baxış artıq rəsmi rus siyasi industriyasının da gündəliyində yer al­maqdadır. Əlbəttə, məsələyə mövcud prizmadan yanaşsaq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın düşüncələrini daha açıq saymaq mümkündür. O, Peskovdan fərq­li olaraq, çıxışlarında ölkəsinin anti-ermə­ni ovqatına daha geniş yer verir... 

Bəli, Peskov Ermənistana nəzərən Ukrayna amilini əbəs yerə qabartma­yıb. Onun söylədikləri düşündürücüdür. Məsələn, Rusiya Prezidentinin sözçü­sü Ermənistanın ölkəsi üçün müttəfiq və qardaş olduğunu bildirirsə və bu fik­rini İrəvanla Kiyev arasında paralellər aparmaqla dilə gətirirsə, erməni iqtidarı anlamalıdır ki, ermənilər qardaşlıq baxı­mından ruslara ukraynalılardan qat-qat uzaqdırlar. Həmişə də belə olub. Ancaq Rusiya özünün qlobal maraqları naminə bu qardaşlığı nəzərə almayıb. Daha doğ­rusu, Moskva qlobal maraqlarının diktəsi ilə Kiyevə qarşı çıxmaqdan çəkinməyib. Buna görə ortada iki ildir davam edən böyük fəlakət və müharibə var. Belə olan halda, Kremlin İrəvanın başına hansı oyunu aça biləcəyini təsəvvürə gətirmək arzuedilməzdir. 

Ermənistan istər əhali, istərsə də digər potensial göstəricilər baxımından Ukraynanın heç ayağının tozu da ola bilməz. Rəsmi İrə­van bunu yaxşı-yaxşı düşünməlidir. Dü­şünməli və özünün xarici siyasət para­metrlərinə yenidən baxmalıdır. Əlbəttə, söhbət heç də ondan getmir ki, Ermənis­tan otuz ilə yaxın müddətdə olduğu kimi, Rusiyanın forpostuna çevrilməlidir. An­caq Kremllə və Qərblə bərabərtərəfli, sırf özünün dövlət maraqlarından irəli gələn konstruktiv siyasət yürütməli, müəyyən mənada balans yaratmalıdır.

Ölkənin rəhbərliyi ciddi şəkildə nəzərə almalıdır ki, geosiyasi rəqabətin hansısa məchul elementinə çevrilmək, mövcud xüsusda manevr gerçəkləşdirib qondar­ma erməni maraqlarının müdafiəsinə qalxmaq yolverilməzdir. Avantürizmə baş vurub illüziyaya qapılmaq da həmçinin. 

Bəs Ermənistan nə edir? Onun sülhdən yayınması, anti-Rusiya ovqatını gücləndirməsi fonunda məhz Qarabağ avantürasını yenidən işə salması diqqət­dən yayınmır. Fikir verin, son zamanlar İrəvan Bakı ilə sülh gündəminə Qarabağ ermənilərinin bölgəyə qayıdışı elemen­tini əlavə etməyə çalışır. Üstəlik, Azər­baycanda saxlanılan separatçı rejimin rəhbərləri və hərbi əsirlər məsələsi də var. Hiss olunur ki, Ermənistan iqtidarı Qərbin anti-Rusiya hərəkatında iştirakın mükafatı olaraq məhz bu iki tezisi orta­ya atıb. Hələ Naxçıvana yol məsələsi də var ki, bu barədə hələlik bir o qədər söz açılmasa da, Paşinyan və tərəfdarlarının “Dünyanın kəsişməsi” ideyasından dəm vurmalarının hansı mərama hesablandı­ğını yəqin etmək elə də çətin deyil. 

Məlumdur ki, ölkəmizin mövqeyi Nax­çıvana yolun “Azərbaycandan –Azərbay­cana yol” məntiqini rəhbər tutur. Yəni, orada hansısa gömrük və sərhəd nəzarə­ti olmamalıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən isə həmin yoldakı təhlükəsizlik təminatı Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməlidir. Hazır­da rəsmi İrəvan “Dünyanın kəsişməsi” təşəbbüsü və ona paralel olaraq ərazi bütövlüyü və suverenliklə bağlı hay-küy qaldırırsa, deməli, həm Moskvanı, həm də Bakını saymadığını göstərir. 

Sonda onu da vurğulayaq ki, hazırda Cənubi Qafqaz müstəvisində yaşanan proseslərə kompleks yanaşmaq vacib­dir. Belə yanaşma isə istər-istəməz Ru­siyanın da həmin proseslərə müdaxilə­sini zəruriləşdirir. Bu isə o deməkdir ki, Peskovun əvvəldə Ermənistanın özünə xaricdə hami tapmaq istəkləri ilə bağlı işlətdiyi “Biz bu cür yanaşmaya hörmətlə yanaşırıq. Lakin İrəvanın bir vaxtlar Ki­yevin buraxdığı səhvləri təkrar etməsini istəməzdik” fikri adi qarşılana bilməz. Bir daha deyək ki, Ermənistan Ukrayna deyil. Deməli, onu gözləyən fəlakətin miqyasını daha böyük proqnozlaşdırmaq mümkündür. Fəlakətdən söz düşmüş­kən, son vaxtlar müasir erməni dövlətçi­liyinin tamamilə yox olması məsələsində də düşüncələr artmaqdadır. Elə bu dü­şüncələr də adi məsələ sayılmamalıdır. Çünki rəsmi İrəvan odla oynayır. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət