Paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırılır

post-img

Son illər dünyanın avtomobil bazarında elektriklə işləyən nəqliyyat vasitələrinə tələbatın getdikcə artması müşahidə olunur. Artıq dünyanın nəhəng avtomobil istehsalçıları ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid avtomobillərlə yanaşı, elektromobillərin də istehsalını ildən-ilə genişləndirirlər. Beynəlxalq Enerji Agentliyi (İEA) analitiklərinin hesablamalarına görə, 2020-ci ildə elektrik avtomobillərinin bazarda payı 4 faiz təşkil etdiyi halda, ötən il bu rəqəm 18 faizə çatıb. Başqa sözlə, ötən il dünyada satılan hər 5 avtomobildən 1-i elektromobillərin və hibridlərin payına düşüb. 

Azərbaycanda da elektriklə işləyən avtomobillərdən istifadənin genişləndi­rilməsi istiqamətində mühüm addımlar atılır. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəy­yənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra təd­birlər nəzərdə tutulur. Bu da ölkədə elekt­riklə çalışan avtomobillərə marağın get­dikcə artmasına səbəb olur. 

Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ildə Azərbaycana 3 min 102 avtomobil elektromobil gətirilib ki, bu da ölkəyə idxal olunmuş ümumi avtomobillə­rin 3,5 faizini təşkil edib. Digər tərəfdən, ötən il ölkəyə gətirilmiş elektrikli avtomo­billərin sayı əvvəlki illə müqayisədə 2616 ədəd çox olub ki, bu da altı dəfə artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu rəqəm 1 faizdən də az olub. Bu tendensiya cari ilin ilk yarısında da davam edib. Dövlət Gömrük Komitəsi­nin məlumatına görə, hesabat dövründə Azərbaycana 1505 elektrikli avtomobil idaxal olunub ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 381 ədəd və ya 34 faiz çoxdur. 

Bununla belə, ekspertlər hesab edir­lər ki, elektromobillərdən istifadənin təşviqi üçün təkcə idxal və satış qiymət­lərinin azaldılması deyil, əlverişli infrast­rukturun yaradılması da vacib məsələ­dir. Yəni ölkədə elektromobillərin kifayət sayda şarj məntəqələri, ehtiyat hissələri anbarları olmalı, onlara keyfiyyətli servis xidməti göstərilməlidir. Artıq bu istiqmət­də də konkret işlər görülür, elektromobil sahiblərinin bu sahədə üzləşdikləri prob­lemlər tədricən aradan qaldırılır. Belə ki, “Elektrik mühərrikli nəqliyyat vasitələrin­dən istifadənin təşviq edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiy­yəti paytaxtda və regionlarda enerjidol­durma məntəqələrinin quraşdırılmasını davam etdirir. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək “COP29” ərəfəsində paytaxtda və re­gionlarda enerjidoldurma məntəqələri­nin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir. 

“Azərişıq” ASC-nin məlumatına görə, artıq Bakıda daha 12 nöqtədə: Nərima­nov rayonunda Atatürk parkı, metronun “Gənclik” stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbaildə Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Maşta­ğa elektrik şəbəkəsinin ərazisində yer­ləşən 110/35 kilovoltluq “Sea Breeze” yarımstansiyasında və eyni adlı yaşayış kompleksinin parkinq ərazisində, Xətai rayonunda “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzərdə Qala–Mərdəkan yolunun üzərində, Nə­simi rayonunda “Dağlıq” yarımstansiya­sında, Nizami rayonunda Qara Qarayev küçəsində enerji doldurma məntəqələri quraşdırılıb. Hazırda həmin məntəqələr­də son tamamlanma işləri həyata keçirilir.

Xatırladaq ki, ötən müddətdə Bakı şəhəri üzrə 4 məntəqədə – “İçərişəhər”, “Yasamal-120” yarımstansiyalarının əra­zisində, Tədris və İnnovasiylar Mərkəzin­də, Xəzər rayonu, Buzovna qəsəbəsində enerjidoldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Bunun­la yanaşı, regionlarda – Yevlax və Salyan rayonlarında, eləcə də Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xo­cavənd və Xocalıda belə məntəqələr qu­raşdırılıb. 

Elektromobilləri şarj etmək üçün isti­fadə olunan bu qurğular “yaşıl enerji” ilə işlədiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həmçinin “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələr­də elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur. 

Qeyd edək ki, bu il ərzində ölkə əra­zisində, ümumilikdə, 147 nöqtədə enerji­doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytax­tın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının pa­yına düşür.

İqtisadiyyat