II Şuşa Qlobal Media Forumunda panel müzakirələr

post-img

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan II Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı birinci panel sessiya keçirilib.

Forumun ikinci gününün birinci sessi­yasından əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək dezinfor­masiyanın cəmiyyətdə yeni olmadığına toxunaraq deyib: “Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü va­sitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji mü­haribəyə çevrilib”. 

H.Hacıyev qeyd edib ki, dezinformasi­ya müəyyən qrupların məqsədlərinə çat­masında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qur­banları media və jurnalistlərdir.

Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidentin köməkçisi əlavə edib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib va­sitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oyna­yıb”.

Azərbaycanın dezinformasiyanın hə­dəfi olduğunu diqqətə çatdıran Preziden­tin köməkçisi əlavə edib: “Biz COP29-la bağlı çox güclü dezinformasiya kampa­niyası ilə üzləşmişik. Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük”.

Sonra “TRT World” kanalının aparıcı­sı və baş prodüseri Ghida Faxrinin mode­ratorluğu ilə “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəy­yənləşdirmək” adlı birinci panel sessiya işə başlayıb. Sessiyada ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayı­şının təhlili, yeni media müstəvisində de­zinformasiya dinamikalarının, mənbələ­rinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinfor­masiyanın yayılma arealının müəyyən­ləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. 

“TRT World” kanalının aparıcısı və müxbiri Jaffar Hasnain deyib: “Bəzi xə­bər agentliklərinin yaydıqları məlumata baxanda görürdüm ki, Azərbaycanı hə­dəfə almışdılar. Ölkəni aqressor kimi təq­dim edirdilər”.

Rusiyanın TASS informasiya agent­liyinin Baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, infor­masiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə xas bir feno­mendir: “Bu gün çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün məlumat kimi qə­bul edilir. Ona görə də xəbər agentlikləri təbliğatı işıqlandırmamalıdırlar, onların yeganə silahı həqiqi məlumatı yaymaq olmalıdır”.

Ənənəvi medianın nəhəng qurumların əlində olduğunu deyən Əl-Cəzirə Media İnstitutunun Media təşəbbüsləri mene­ceri Montaser Marai əlavə edib: “Onlar da bildiyimiz kimi, Şimal yarımkürəsində yerləşir. Bizə hər zaman nəzarət edirlər. Ona görə də media olaraq biz narrativlə­rin mötəbərliyini sorğulamalıyıq: “Tik-Tok” istisna olmaqla, rəqəmsal platformalara nəhəng təşkilatlar rəhbərlik edir. Onlar məlumat axınına təsir edirlər. Təəssüflər olsun ki, bunu bacarırlar”.

Beynəlxalq Siyasət Araşdırmala­rı Mərkəzinin Türkiyə üzrə Müşahidə mərkəzinin akademik və elmi direktoru Valeria Giannotta qeyd edib ki, Şuşaya ilk dəfə 2021-ci ildə gəlib: “O zaman şəhər xarabalıq vəziyyətində idi. Mətbuat qu­rumlarının narrativlərə qarşı mübarizələri­nin şahidi oldum”. ABŞ-nin MTP klubunun təsisçisi Çarlz Veley deyib: “Biz - 35 nəfər işğaldan azad olunmuş bütün ərazilərə son üç il ərzində səyahətlər etmişik. Azər­baycan hökumətinə bizə bu imkanı yarat­dığı üçün təşəkkür edirəm. Qarabağa ilk dəfə gələndə xarabalıqların şahidi olduq. Budəfəki səfərimizdə inanmadıq ki, qısa müddət ərzində buralar belə inkişaf edə bilər”. 

***

Media Forumu çərçivəsində iyulun 21-də “Texnologiya və dezinformasi­ya” mövzusunda paralel müzakirələr keçirilib. 

“Neurotime” şirkətinin təsisçisi və di­rektoru Vüqar Cavadov texnologiyanın və dezinformasiyanın müasir media mühitin­də necə qarşılıqlı əlaqədə olması, bunun nəticələri barədə təqdimatla çıxış edib.

Vüqar Cavadov vurğulayıb ki, saxta xəbərlər cəmiyyətdə inamı sarsıtmaqla yanaşı, ictimai fikirdə də çaşqınlıq yara­dır, fikir ayrılıqlarını dərinləşdirir. Bunun qarşısını almaq üçün media savadlılığının artırılmasının, faktların yoxlanılmasının və tənqidi düşüncənin tətbiq edilməsinin vacibliyi diqqətə çatdırılıb, süni intellekti inkişaf etdirən texnoloji şirkətlərin zid­diyyətli təhlil, yoxlama alətləri və sürətli yayılma üsullarından istifadə etməklə dezinformasiyanın öhdəsindən gəlməyə kömək göstərməli olduqları bildirilib.

Texnologiya mütəxəssisləri, media nümayəndələri və digər maraqlı tərəflə­rin iştirak etdikləri görüşdə saxta xəbər­lər, dezinformasiyanın təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb, media sahəsində mövcud innovativ texnologiyaların inkişaf perspektivlərindən danışılıb.

***

Yalan məlumatların ifşası: Dezin­formasiyaya qarşı mübarizə” möv­zusunda təşkil olunan II Şuşa Qlobal Media Forumu iyulun 22-də işini panel sessiyalarla davam etdirib. 

“Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlı­lığının təşviqi” adlı sessiya “Haber Glo­bal”ın aparıcısı Saynur Tezelin modera­torluğu ilə keçirilib.

Süni zəka ilə media arasında əlaqənin qurulmasının indiki zamanda çox vacib olduğunu deyən Afrika İttifaqı Komissiya­sının informasiya və kommunikasiya di­rektoru Leslie Richer bildirib ki, süni zəka rəqəmsal məkanda mövcud yanlış məlu­matları doğru kimi təqdim edir: “Biz infor­masiya çatışmazlığının qurbanı olmuşuq. İnsanlar Afrika haqqında kifayət qədər məlumatlı deyillər. Mövcud xəritələrdə Af­rika kiçik bir ərazi kimi göstərilir”. 

Texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirindən danışan “Pa­kistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam isə qeyd edib: “Media sahə­sində savadlı istehlakçıların yetişdirilmə­sinin təşviqi günümüzün prioritetlərindən­dir. Lakin dil modeli olan süni zəkadan, məsələn, Pakistan–Azərbaycan münasi­bətlərində istifadə edə bilmərik. Dil mo­delləri özləri öz həyatlarını təyin edirlər”.

Süni zəkadan media savadlılığının ar­tırılmasında istifadə edilməsinin önəminə toxunan Hamza Azhar Salam bunun de­zinformasiyaya qarşı mübarizədə önə­minə, həmçinin rəqəmsal əsrdə dezinfor­masiyanın yayılmasında süni intellektin yaratdığı problemlərə toxunub, həll yolu kimi istehlakçıların media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər - Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Gi Woong Jung, ABŞ-nin Qlobal Siyasət İns­titutunun prezidenti Paolo Liebl Fon Şirak texnoloji tərəqqi nəticəsində məlumatın yaradılması və ötürülməsi proseslərindən danışıblar.

Sessiyada texnologiya və media sahələrinin nümayəndələrinin, elm xa­dimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellek­tin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda, media savadlılığı­nın dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiya­nın yaradılmasında və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılı­ğının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edilib.

***

Forumun sonuncu sessiyası “İqlim hərəkatı və media” mövzusuna həsr olunub

“Riqa TV24” və “Radio Latvia”nın aparı­cısı Ansis Bogustovsun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən COP29-unBMT-nin İqlim dəyişikliyi üzrə yüksək sə­viyyəli çempionu Nigar Arpadarai COP-un özlüyündə təkcə hökumətlərarası da­nışığı deyil, bütün cəmiyyəti əhatə etdiyi bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyir.

COP-un böyük proses olduğunu vur­ğulayan Nigar Arpadarai əlavə edib: “Biz hamını Bakıya dəvət edirik. Çünki hər bir insan iqlim dəyişikliyi ilə mübarizədə töhfə verə bilər. Bakı bu baxımdan uyğun müstəvidir”. N.Arpadarai Azərbaycanın bərpaolunan enerjiyə çox böyük üstünlük verdiyini də vurğulayıb.

Böyük Britaniyanın “Methinks” şirkəti­nin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts Azərbaycanın neft-qaz is­tehsalçısı kimi bir çox xarici media tərə­findən qınaq obyektinə çevrildiyini deyib: “Sanki Azərbaycan ekologiyaya zərər ve­rir. Lakin bir çox ölkələr, ən əsası da eko­loji problemlərdən danışan ölkələr təbiətə zərər verənlərdən biridirlər. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın öz qazı­nı Avropaya çatdırmaq üçün gücü var. La­kin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir”. 

“Berliner Zeitung” qəzetinin icraçı direktoru Holger Fridrix, “Arabian Gulf Business Insight” xəbər portalının baş redaktoru Fransis Martin Kane payızda keçiriləcək COP29 çərçivəsində müza­kirələrdə ziddiyyətli mövqelər, maraqlar arasında balansın yaradılmasının vacib­liyini qeyd ediblər.

Jurnalistlərin ekoloji problemlərlə bağ­lı mesajlarını çatdırmaları üçün bacarıqlı olmalı olduqlarını diqqətə çatdıran qo­naqlar sensasiya, reklam xatirinə xəbər paylaşmağı düzgün hesab etmədiklərini vurğulayıblar. Natiqlər iqlim dəyişikliyinin çox ciddi və məsuliyyətli mövzu olduğu­nu, jurnalistlərin bu məsələdə daha çox məlumatlı olmalarının vacibliyini söylə­yiblər. 

Panel sessiyada iqlim hərəkatın­da medianın rolu, yaşıl dünya naminə səmərəli məlumatlandırma mexanizm­lərinin hazırlanması, iqlim dəyişmələri­nin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhə­miyyəti kimi mövzularda müzakirələr apa­rılıb.

XQ





Son xəbərlər