Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Qlobal Media Forumunun iştirakçıları iyulun 21-də Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.
Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər. Sonra qonaqlar Şuşada yeni istifadəyə verilən Dövlət Xidmətləri Mərkəzində olublar. Onlara Mərkəzdə yaradılan şərait barədə məlumat verilib.
Forum iştirakçıları Şuşanın şəhərin ən qədim məscidi olan Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanın işğalı zamanı və ondan sonra Yuxarı Gövhər Ağa məscidini vandalcasına dağıtmışdılar. Məscidin interyeri tamamilə dağıdılmış, fasadına ciddi ziyan dəymiş, minarələr zədələnmiş, minbər hissələri uçurulmuşdu. Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasından sonra məscid yenidən təmir və bərpa edilib.
Gəzinti zamanı qonaqlara işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
XQ