Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qədim diyarda səfərdə olan BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səlahiyyətli nümayəndə qonağı hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən və bu çərçivədə reallaşdırılan layihələr barədə məlumatlandırıb. Fuad Nəcəfli bildirib ki, bölgədə mühüm logistik mərkəz olan Naxçıvanın böyük “yaşıl enerji” potensialı var və bu potensialdan səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atılır.
Qlobal iqlim dəyişikliyi fonunda görülən işlərdən danışan Fuad Nəcəfli qeyd edib ki, bu il yağıntıların bol olması bu sahədə problemləri kəskin azaldıb. Bununla belə növbəti illərdə bu cür problemlərin yaşanmaması üçün su ehtiyatlarından səmərəli istifadə və mütərəqqi suvarma mexanizmləri hazırlanır. Səlahiyyətli nümayəndə turizmin təbliği və təşviqi istiqamətində birgə əməkdaşlığın zəruriliyini xüsusi vurğulayıb.
Alessandra Rokkasalvo 2023-cü ildə reallaşdırılan və Azərbaycanın milli inkişaf məqsədlərinə töhfə verən proqramların icrasından bəhs edib. O vurğulayıb ki, enerji və ətraf mühit, gender və gənclərin inklüzivliyi, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı, turizm, tibbi təchizat, kənd təsərrüfatı, həmçinin effektiv idarəetmə və məşğulluğun yaradılması sahələrində fəaliyyət diqqət mərkəzindədir. Bu prosesdə blokada şəraitində və mühüm strateji mövqedə yerləşən Naxçıvan səfəri xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Zəngəzur dəhlizinin bölgənin inkişafındakı xüsusi əhəmiyyəti vurğulanıb, qarşıdakı illər ərzində BMT-nin muxtar respublika ilə əlaqələrinin davam etdiriləcəyinə əminlik ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
XQ