Paris Olimpiadasında ölkəmizi təmsil edəcək güləş millimizin ən gənc üzvü Həsrət Cəfərov bu mötəbər yarışa böyük iddia ilə gedir. 21 yaşlı pəhləvanın yüksək nəticəyə inamı əsassız deyil. O, son 2 Avropa çempionatının qalibi olub.
Yunan-Roma güləşçisi Həsrət Cəfərov Goranboy rayonunun Qaradağlı kəndində dünyaya gəlib. Güləşə həvəsi onda qardaşı oyadıb. Bir neçə il Goranboyda məşq etdikdən sonra Respublika Olimpiya İdman Liseyində Vaqif Feyzullayevin rəhbərliyi altında məşqlər etməyə başlayıb. İlk böyük nailiyyətini 16 yaşda ikən qazanıb. Yeniyetmələr arasında Avropa çempionu olub. 1 il sonra Dünya və Avropa çempionatlarında bürünc medal alıb. O, Avropa Gənclər Olimpiya Festivalının qalibidir. 2021-ci ildə gənclər arasında Avropa və Dünya çempionatlarının, U-23 Dünya çempionatında ən yüksək pilləyə qalxıb. 2022-ci ildə V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Dünya çempionatının bürünc və gümüş mükafatçısıdır.
Həsrət Cəfərovun güləşçi kimi şöhrətlənməsində möhkəm xarakteri mühüm rol oynayıb. Bunu onun şəxsi məşqçisi, Əməkdar məşqçi Vaqif Feyzullayev qəzetimizə yetirməsi ilə bağlı açıqlamasında bildirdi:
– Hələ ilk məşqlərindən ciddi kimlik nümayiş etdirirdi. 6-cı sinifdə oxuyurdu. Tapşırıqları tam dəqiqliklə yerinə yetirməyə çalışırdı. Alınmayanda qətiyyən ruhdan düşmürdü. Çox intizamlı və qətiyyətli idi. Məşqlər bitdikdən sonra onu zaldan çıxara bilmirdim. Başa salırdım ki, tam gücdən düşənə qədər işləməyək, sabaha da qüvvə saxlayaq. Bir də görürdüm ki, inadkarlıqla geri qayıdıb.
Uşaqlarla işləmək çox çətindir. Məşqçilər belə incəliklərə mütləq diqqət yetirməlidirlər. Çünki onları uşaqlıqda zədələrdən qorumalıyıq. Bir dəfə çox ağır xəsarət aldı, çənəsi sındı. Bir sınıqçı tapdım, onu düzgün müalicə etdi. 40 gün sonra sınaq üçün beynəlxalq turnirə qatıldı və 4 uğurlu görüş keçirdi. Bu yarışdan sonra “Narahat olmayın, güləşə bilirəm, davam etdirmək istəyirəm”, – desə də risk etməyini istəmədim. O, hər bir çətinliyin öhdəsindən gəlmək üçün daim üzərində çalışıb, bir an belə olsun ruhdan düşməyib.
Vaqif müəllim yetirməsinin əzmkarlığından və əsas keyfiyyətlərindən də danışdı:
– Zaqrebdəki Avropa çempionatının finalında gürcüstanlı ilə keçirdiyi gərgin qarşılaşmada Həsrət məhz əzmkarlığı sayəsində qalib oldu. İlk hissəni geridə başa vursa da, 2-ci hissədə qazandığı qələbə sayəsində ilk dəfə Avropa çempionu oldu. Bu il 2-ci dəfə qitə çempionatında qızıl medal qazandı. Həsrət bütün turnirlərə ciddi yanaşır. Bu, uşaqlıqdan belədir. Heç bir yarışa özündən razı, arxayınlıqla getmir. Rəqiblərini qiymətləndirməyi bacarır ki, bu da idmançıda əsas keyfiyyətlərdən biridir.
V.Feyzullayev Paris Olimpiadasında Həsrət Cəfərovdan qızıl medal gözlədiyini bildirdi:
– Həsrətin uğurlarında millinin məşqçisi, yetirməm, dünya çempionu Həsən Əliyevin də böyük payı var. Düzgün məşqlər sayəsində Həsrət nailiyyətlərini davam etdirir. Ondan komandamız, eləcə də mən medal gözləyirik. Düşünürəm ki, ümidlərimizi doğruldub, Vətənə böyük uğurlarla qayıdacaq.
Vaqif Feyzullayevin fikirlərinə onu da əlavə etmək istəyirik ki, qətiyyəti, əzmkarlığı ilə Dünya, Avropa çempionatlarında fərqlənən Həsrət Cəfərov Olimpiya Oyunlarında da fəxri kürsüyə yüksəlməyi bacaracaq. Elə gənc güləşçinin hədəfi də Olimpiya çempionluğudur.
İnanırıq ki, digər bahadırlarımız da Parisdə xalqımızı sevindirəcəklər. Azərbaycan güləşinin estafetini uğurla davam etdirən pəhləvanlarımızı Olimpiya zirvəsində görürük.
Leyla QURBANOVA
XQ