Növbədənkənar parlament seçkiləri hazırda deputatatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması kimi zəruri mərhələyə qədəm qoyub. Buna baxmayaraq, digər sahələrdə də hazırlıq işləri davam etdirilir. Seçki məntəqələrinin zəruri ləvazimatlarla təchiz edilməsi, seçki prosesində müşahidə aparmaq istəyənlərin qeydə alınması, seçici siyahılarının dəqiqləşdirilməsi, həmçinin maarifləndirmə proqramlarının təşkili prioritet vəzifələrdəndir.
Seçkilərə hazırlıq işləri ilə yaxından tanış olmaq üçün 25 saylı Nizami II seçki dairəsinə müraciət etdik. Bu da təsadüfi deyi. Çünki bu vaxta qədər həmin dairənin ərazisində keçirilən seçkilərdə elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçki dairəsinin sədri Heydər Vəliyevin də bu sahədə zəngin təcrübəsi var. O, 20 ilə yaxındır ki, seçki prosesində iştirak edir.
H.Vəliyev dedi ki, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlayıblar. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu, seçki prosesində ən gərgin dövrdür. Dairə seçki komissiyaları tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri veririk.
Seçki dairəsinin sədri bildirdi ki, namizədliyi təsdiq edilənlər tələb olunan etibarlı imzaları toplayandan sonra yenidən seçki dairəsinə müraciət edirlər. Dairənin ekspert qrupu imzaları yoxladıqdan sonra həmin şəxsin namizədliyinin qeydiyyata alınması barədə qərar qəbul edilir. Namizədlər arasında namizədliyi qeydə alınmayanlar da ola bilər. Lakin bu, qanunvericiliklə tam əsaslandırılmalıdır. Əgər namizəd seçki dairəsinin bu qərarından narazı qalarsa, MSK-ya şikayət edə bilər. Bu, onun konstitusion hüququdur.
Seçicilərin sayından söhbət açan dairə sədri dedi ki, bu rəqəm hələlik tam müəyyənləşdirilməyib. Çünki dünyasını dəyişənlər, əraziyə yeni gələn və gedənlər, digər zəruri səbəblər buna imkan vermir. Son dəqiqləşmə müəyyənləşdirildikdən sonra məntəqə seki komissiyalarına ötürüləçək. Bu il 34 seçki məntəqəsində səs verəcək seçicilər üçün əlverişli şərait yaradılıb. Müşahidəçilərin səsvermə prosesini izləmələri üçün münasib yer seçilib.
Məlum olduğu kimi, seçkilərin aşkar və demokratik şəraitdə keçirilməsi həm də müşahidəçilərdən asılıdır. Ona görə də onların seçkini rahat izləmələri üçün şərait yaratmalıyıq. Bəzi seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Bu da şəffaflığın təmin olunmasında yaxşı vasitədir. Çünki dünyanın müxtəlif ölkələrindən Azərbaycanda keçirilən seçkiləri veb-kameralar vasitəsilə canlı izləmək mümkündür.
H.Vəliyev Azərbaycanda keçirilən seçkilərdə bir sıra yeniliyin tətbiq edilməsinin beynəlxalq müşahidəçilər tərfindən yüksək qiymətləndirildiyni bildirdi. Bu sırada barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini qeyd edən seçki dairəsinin sədri növbədənkənar seçkilərdə də bu üsuldan istifadə olunacağını bildirdi: “Artıq seçki məntəqələri mürəkkəb və bənövşəyi lampalarla təmin edilib. Bundan başqa, səsvermə qutuları da məntəqələrdə saxlanılır. Əgər kimsə müəyyən səbəblər üzündən seçki məntəqəsinə gələ bilməyəcəksə, o zaman həmin seçicinin yaşadığı ünvana seçki qutusu aparılacaq və onun səsvermə hüququ təmin olunacaq”.
Seçki dairəsinin sədri MSK tərəfindən təşkil olunan maarifləndirmə layihələrinin də əhəmiyyətindən söhbət açaraq dedi ki, bu tədbirlər aşağı seçki komissiyasının üzvlərinin bilik və bacarıqlarının artırılmasında, seçki günü qarşıya çıxan hər hansı problemin aradan qaldırılmasında mühüm rol oynayır. Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış təlimatlar, “Yaddaş kitabçası” və digər sənədlər də komissiya üzvlərinin köməyinə çatır. Belə nəşrlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri barədə rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları ilə bağlı aydın və müfəssəl məlumat verilir.
Seçki Məcəlləsinin müvafiq müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan yaddaş kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.
“Seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür imkan və zəngin qanunvericilik bazamız var. Növbədənkənar parlament seçkilərində də beynəlxalq ictimaiyyət bunun bir daha şahidi olacaq”– deyə dairə sədri bildirdi.
Əliqismət BƏDƏLOV
XQ