Dünən növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Bununla da Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin olunub.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.