“Baku ID” innovasiya festivalına yekun vurulub

post-img

“SABAH.HUB” İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış, Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalına yekun vurulub. 

“Bakı Kristal Zal”da təşkil olunan “Baku ID”-nin ikinci günü "İqtisadiyyat­ları transformasiya edən texnoparklar: innovasiya və startap artımına təkan verir" adlı panel sessiya ilə başlayıb.

Şərqi Avropada texnoloji innova­siyaları əhatə edən informasiya və analitik agentlik olan “East-West Digi­tal News”un həmtəsisçisi, Fransa və Şərqi Avropada texnologiya və vençur kapitalı sektorlarında təxminən 20 illik təcrübəyə malik Adrien Henneyin mo­deratorluğu ilə keçən panel sessiyada investorlara, startaplara və digər təşki­latlara ətraflı məlumatlar verilib.

Panel sessiyada Elm və Təhsil Na­zirliyinin "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Nihat Məcidov, “Bilişim Vadisi”nin baş direktoru Ekram Tüzgen, Orta Şərq Teknik Universite­tinin Teknokənd nümayəndəsi Serdar Alemdar, qazaxıstanlı nümayəndə İs­kendir Amirkhan, Ukraynanın "Phoenix Tech Fondu"nun əməkdaşı Dominique Piotet, "StrategEast"in Qafqaz üzrə re­gional direktoru Lika Merabişvili texno­parklar, investisiyaların cəlb olunması, vençur fondlar barədə ətraflı məlumat veriblər. 

Bildirilib ki, “Bilişim Vadisi” Bakı Mərkəzinin tələbələrin kibertəhlükə­sizlik istiqamətində İnformatika və İnformasiya Təhlükəsizliyi Qabaqcıl Texnologiyalar üzrə Araşdırma Mərkə­zində (BİLGEM) təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in ki­bertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da priori­tet məsələlərdəndir.

Sonra İqtisadiyyat Nazirliyinin ta­beliyində Dördüncü Sənaye İnqilabı­nın Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşı olduğu Bakı İnvestisiya Günü ("Baku ID") tədbirinin ikinci günü “Emis­siyanın sıfıra enməsində startapların artan rolu” paneli baş tutub.

4SİM-in icraçı direktoru Fariz Cəfərov paneldə spiker qismində çıxış edib. O, Dördüncü Sənaye İnqilabı tex­nologiyalarının tətbiqi yolu ilə sənayedə səmərəliliyə nail olunması və emissiya­ların azaldılması imkanları barədə da­nışıb. 4SİM-in icra etdiyi “4Sİ Akademi­yası” layihəsi və onun ölkədə rəqəmsal bilik və bacarıqların inkişafında önəmi qeyd olunub.

Festival çərçivəsində iştirakçılar 4SİM stendinə yaxınlaşaraq “4Sİ Aka­demiyası”nın təklif etdiyi “Coursera” platformasında kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanıblar.

Qeyd edək ki, "Baku ID” tədbirin­də 200-dən çox yerli və xarici inves­tor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edib.

Tədbirin yekununda “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Ca­ucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, “Aloqa Ventures” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə ümumi məbləği bir milyon dollar olan sindikat fond yaradılıb.

Son xəbərlər