Milli Məclisdə görüşlər

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Liviya Dövlətinin Azərbaycandakı səfiri Ali Salem Nasiri qəbul edib. Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrdən danışılıb, siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib. Eyni zamanda,  münasibətlərin digər sahələrinin inkişafı üçün də geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. 

Söhbət zamanı Azərbaycan ilə Liviyanın beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirdikləri, həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Liviyanın daim ölkəmizin ərazi bütövlüyünə dəstək verdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığın yüksək səviyyəsindən razılıq ifadə olunub. Liviya tərəfinin Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərdə fəal təmsil olunması məmnunluqla qeyd edilib. 

Görüşdə iki ölkə  parlamentləri arasında da əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə əlaqələrin dərinləşdirilməsi üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsidir. 

Spiker parlament şəbəkəsinin fəaliyyəti haqqında diplomata məlumat verib. Bildirilib ki, Liviya parlamenti şəbəkənin tədbirlərində iştirak edir. Liviya Nümayəndələr Palatası sədrinin 1-ci müavini Fouzi Saliminin Şəbəkənin Bakı Konfransında iştirak etdiyi və bu tədbirdə Afrika qrupundan parlament şəbəkəsi sədrinin müavini seçildiyi diqqətə çatdırılıb. 

Ali Salem Naser spikerə Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. O, səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib. Diplomat Azərbaycanın həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də digər mühüm beynəlxalq təşkilatlarda fəaliyyəti çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərin əhəmiyyətini qeyd edib.

***

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyevlə görüşüb. Səfiri Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker onu bu vəzifəyə təyin edilməsinə görə təbrik edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan–Ukrayna münasibətlərinin mövcud vəziyyəti, ölkələrimizin müstəqilliklərini bərpa etməsindən ötən dövrdə müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, mədəni, mənəvi bağların əhəmiyyətindən danışılıb.  Söhbət zamanı dövlət başçılarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində görüşləri də diqqətə çatdırılıb. Bildirilib ki, iki ölkə arasında mövcud olan dostluq münasibətləri bir çox sahələrdə müşahidə edilir.

Qeyd edilib ki, ölkələrimiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Eyni zamanda, parlament səviyyəsində də bu əməkdaşlıq mövcuddur. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində keçirdikləri görüşlər, beynəlxalq təşkilatlarda əməkdaşlıqları mühüm əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Ukrayna qanunverici orqanlarında qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdikləri qeyd edilib. 

Söhbət zamanı səfir Yuriy Husyev Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycana təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Bununla  yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) Ukraynanın fəal dəstək göstərməsindən məmnunluq ifadə olunub. 

Ə.BƏDƏLOV
XQ

 

Son xəbərlər