“Azərbaycan Dəmir Yolları”nda ESC prinsipləri – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid

post-img

Bu sektorda CO2 və digər zərərli emissiyalarla mübarizəyə prioritet istiqamət kimi yanaşılır

Hazırda ölkəmiz dünyada ətraf mühitin sağlamlaşdırılması strategiyasını uğurla gerçəkləşdirən, mühüm ekoloji qərarlarla konkret nəticələr əldə edən bir dövlət kimi tanınır və 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması istiqamətində    davamlı addımlar atır.  

Bu göstəricilərin reallaşdırılmasında əsas məqsəd sənayenin inkişafı fonunda yaranan kimyəvi çirklənmənin insan sağlamlığına və ətraf mühitin korlanmasına səbəb olan ciddi risklərin qarşısını almaqdır. 

İqlim dəyişikliyinə gətirib çıxaran və genişmiqyaslı səmərəli mübarizə tədbirlərinin gerçəkləşdirilməsi zərurəti yaradan ətraf mühitin çirklənməsi təbii ki, beynəlxalq aləmdə əhalinin sağlamlığını ciddi təhlükələrlə üz-üzə qoyur. Buna görə hazırda bütün dünyada, eləcə də ölkəmizdə sözügedən problemin həlli məqsədilə ətraf mühitin qorunması zamanı sosial məsuliyyət və şəffaf idarəetmə diqqət mərkəzində saxlanılmaqla ESG prinsiplərinə mühüm önəm verilir.  

Yeri gəlmişkən, bu məqamda ESG prinsiplərinin mahiyyətinə  qısa nəzər salmağı  zəruri hesab edirik. Bunun üçün, ilk növbədə,  xatırladaq ki, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqini gerçəkləşdirmək məqsədi daşıyan və beynəlxalq terminologiyada ESG adlandırılan bu platforma, ümumilikdə,  biznesin ətraf mühitə, eləcə də  cəmiyyətə təsirinin şəffaf və etibarlılığını müəyyənləşdirən meyarlar, önəmli ideyalar məcmusudur. Başqa sözlə, ESG prinsiplərinin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsinə, biznesin rəqabət qabiliyyətinin artırılmasına, xarici  investisiyalarının qoyuluşuna və istehsal olunan məhsulun ixracına əhəmiyyətli təsir göstərir.

Ölkəmizdə ESG prinsiplərinin gerçəkləşdirilməsi məqsədilə dövlət və özəl sektorun səylərini birləşdirmək üçün  2022-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupu yaradılıb. Həmin vaxtdan  altqrupa rəhbərlik Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə həvalə edilib.  

Ötən müddət  ərzində  ESG prinsiplərinin gerçəkləşdirilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, eyni zamanda, “Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023 və 2024-cü illər üçün müvafiq yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol xəritəsinin icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyətin təhlili aparılıb, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ-hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) də, öz növbəsində, ölkəmizdə  iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək vermək məqsədilə fəaliyyətini  ESG prinsiplərinə uyğunlaşdırmağı prioritet istiqamət kimi qəbul edib. Ötən ildən etibarən BMT-nin Qlobal Sazişinə üzv olan ADY  ESG-nin  ətraf mühit, sosial və korporativ idarəetmə sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi  qarşıya mühüm vəzifə kimi qoyub. 

ADY bu gün  ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdə yuxarıda vurğulanan  prioritetlərə üstün yer verir,  bu sahədə beynəlxalq qanunvericiliyin norma və tələblərinin yerinə yetirilməsini, yüksək enerjiyə qənaət göstəricilərinə malik olan məhsullardan, o cümlədən istehsal proseslərinin bütün mərhələlərində enerjinin istifadəsini azaldan ən müasir istehsal texnologiyalarından və texnoloji avadanlıqlardan istifadəni diqqətdə saxlayır, həmçinin  tabe müəssisələrin sahələrinin abadlaşdırılması və yaşıllaşdırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi kimi ESG  prinsiplərinin gerçəkləşdirilməsinə sadiqliyini nümayiş etdirir. 

Yeri gəlmişkən, bu gün dünyada ESG prinsipləri çərçivəsində dəmir yollarının elektrikləşdirilməsinə xüsusi əhəmiyyət verilir və bununla da qatarların bərpaolunan eneji mənbələr hesabına hərəkətinə, sərnişinlərin isə rahat və təhlükəsiz səyahətinə imkan yaradılır. 

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin 202 min kilometrlik dəmir yolunun,  təxminən, 57 faizinin elektrikləşdirilməsi göstəricisi də bunun bariz ifadəsidir.  Azərbaycanda bu 60 faizdən yüksəkdir.

Hazırda ADY-də də ESG prinsipləri əsas götürülərək sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından səmərəli istifadə edilir. Bu nəqliyyat qurumu ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, artıq 4-ü ölkəmizə çatdırılan 10 ədəd yeni qatarın 6-sı elektriklə işləyir.  

“Stadler Rail Group” qatarları yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunması ilə xüsusi diqqət çəkir. Bütün bunlar isə sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY-nin  inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verməsinin, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirməsinin parlaq göstəricisidir. Sözügedən qatarların fəaliyyəti sayəsində dəmiryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payı isə getdikcə artır.   

ADY-nin rəsmi məlumatlarına əsaslanaraq ölkə dəmir yolunun ESG prinsipləri əsasında fəaliyyətinə müsbət təsir göstərən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə respublikamızın dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə verir. Bu məqsədlə Yeni Biləcəri lokomotiv deposunun yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, Yeni Gəncə lokomotiv deposunda isə 350 ədəd günəş paneli quraşdırılıb.

Bütün bunlarla yanaşı, son illərdə dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılıb. Hər bir yeni layihədə ESG prinsiplərinin ən effektiv şəkildə tətbiqinə üstünlük verilib.    Belə ki, karbon qazının atmosferə atılmasının qarşısının alınması məqsədilə Horadiz-Ağbənd xəttinin 85-ci kilometrliyində  Mincivan stansiyasının yaxınlığındakı meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə ağacların yeri həssaslıqla dəyişdirilib, dəmir yollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməməsinə çalışılıb.  

Bundan başqa, dəmir yolu zolağı boyunca yaşıl örtüyün qorunması və ağacların əkilməsinə də xüsusi diqqət yetirilib. Belə ki, Bərdə-Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər ağaclar əkilib.

ADY artıq respublikada qatarlara kağız biletlərin satışının dayandırılması prosesinə başlayıb və bu istiqamətdə ilk layihə Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlarda reallaşdırılıb. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilmələri üçün aparılan işlər son mərhələyə daxil olub. 

Görülmüş tədbirlər nəticəsində hazırda sərnişinlərin 70 faizi  biletləri onlayn qaydada əldə edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2 il əvvəl bu göstərici il üzrə 28 faiz idi. Bundan başqa, “Wi-Fi” zonalarının yaradılması istiqamətində də müəyyən addımlar atılır. ADY şirkətdaxili sənədləşmələrdə kağız istifadəsini azaltmaq üçün innovativ texnoloji həllərdən istifadə edir.  

ADY “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ildə də yeni texnologiyalar və rəqəmsallaşdırmanın tətbiqini sürətləndirərək CO2 və digər zərərli emissiyalarla mübarizəyə prioritet istiqamət kimi yanaşır, eləcə də bərpa olunan enerji resurslarından istifadə istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir və ekoloji məsuliyyətini daha da artıraraq bütün maraqlı tərəflərlə həmrəy olmağa can atır.

Vaqif BAYRAMOV

“Xalq qəzeti

 

EKSPERT RƏYİ

Samir HEYDƏROV,

iqtisadçı-ekspert

Dövlət və özəl sənaye müəssisələri, nəqliyyat, enerji sektoru, kənd təsərrüfatı və iqtisadiyyatın digər subyektləri tərəfindən istixana effekti yaradan  qazların - karbon dioksidi, metan və digər qazların atmosferə atılması qlobal iqlim dəyişmələrini sürətləndirir. Yer kürəsində müşahidə edilən istiləşmə də məhz bunun məntiqi nəticəsidir. 

Sənaye dövrü başlayandan sonra istiləşmə prosesində artım tempi tədricən yüksəlir.  Bunun qarşısını necə almaq olar? Sualın konkret cavabı belədir: “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” kimi istiqamətlər inkişaf etdirilməlidir. Şirkətlərdə, sənaye müəssisələrində və dövlət qurumlarında  yeni yanaşma, yeni fəlsəfə yalnız bu istiqamətdə qurulmalıdır. Bu zaman əsas diqqət  ESG prinsiplərinə – ətraf mühit, sosial və korporativ idarəetmənin  tətbiqinə yönəldilməlidir. 

Xatırladım ki, ESG prinsiplərini ilk dəfə BMT-nin keçmiş Baş katibi Kofi Annan təklif edib. O, transmilli şirkətlərin menecerlərinin diqqətini bu prinsiplərə yönəldərək onları iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün öz strategiyalarında bu amilə üstünlük verməyə çağırıb. Qeyd edim ki, bu prinsiplər yalnız son bir neçə ildə geniş yayılmağa başlayıb. İndiki vəziyyət isə yaxın gələcəkdə qlobal fondların bu prinsiplərə riayət etməyən şirkətlərə maliyyə resursları ayırmasını  dayandıracağını deməyə əsas verir.  

“Azərbaycan Dəmir Yolları” QSC-nin bu yöndə fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, qurum ekosistemə atılan karbon emissiyalarının azaldılması istiqamətində son illər ərzində çoxsaylı layihələr gerçəkləşdirib. Ölkəmizin dəmir yolu şəbəkəsinin sürətli elektrikləşdirilməsi ilə artıq dəmir yolu infrastrukturunda müasir, səmərəli və ekoloji cəhətdən dayanıqlı şəraitin əsası yaradılıb.

Bununla yanaşı, bərpaolunan enerjidən istifadənin təbliği məqsədilə ADY-nin balansında olan Yeni Gəncə və Yeni Biləcəri lokomotiv depolarında günəş panelləri quraşdırılıb. 2023-cü ildə bu panellər 79 min kilovat-saat “yaşıl enerji” istehsal edib. Bununla da 8 min kubmetrdən çox təbii qaza qənaət edilib.   

ADY dayanıqlılıq prinsipinə sadiq qalaraq təbii resurların mühafizəsi və ekoloji balansın qorunması üçün mütəmadi layihələr icra etməklə, bu istiqamətdə müxtəlif qurumlarla əməkdaşlığa başlayıb, 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulub. Eyni zamanda, ESG-nin ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə prinsiplərinin tətbiqini diqqətdə saxlayıb.  

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

 



İqtisadiyyat