“Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində keçirilən Azərbaycanın Milli Günü çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir keçirilib.
Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Abdulaziz Al-Kuvari Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun Türk-İslam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb.
İştirakçılar “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar, həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.
***
Axşam saatlarında isə sərgidə Azərbaycan müsiqisindən ibarət konsert proqramı təşkil olunub.
Konsertdə “Natiq” ritm qrupunun ifasında “Şuşanın ritmləri”, “Mehriban”, Azərbaycan ritmləri, “Cəngi”, “Qaytağı”, “Qarabağ” kompozisiyası, Xalq artisti Ənvər Sadıqov və “Buta” qrupunun ifasında “Fantaziya” və digər bəstələr, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Odlar Yurdu” süitası, “Qaytağı” rəqsi, “Zəngəzur yallısı” təqdim edilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərən “Doha Ekspo 2023”də Azərbaycan milli pavilyonla təmsil olunur. Fevralın 21-dən başlanan Azərbaycan Mədəniyyəti Günləri bu gün başa çatacaq.
XQ