ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasının ikinci günü ATƏT məkanında keçirilmiş seçkilərlə bağlı çıxışlar dinlənilib.
Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev komitələrin birgə iclasında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri barədə çıxış edib. O, diqqətə çatdırılıb ki, seçkilər qanunvericiliyə uyğun, nizam-intizamla və peşəkarlıqla keçirilib, milyonlarla Azərbaycan vətəndaşı ədalətli və şəffaf seçkilərdə öz konstitusion hüquqlarından istifadə edib. Seçkilərdə 76,43 faiz fəallığın qeydə alınması əhalinin seçki prosesinə etimadını nümayiş etdirir. Prezident İlham Əliyev qalib Ali Baş Komandan kimi Azərbaycan xalqının böyük dəstəyini (səslərin 92,12 faizi) qazanıb.
Azay Quliyev yekunda Azərbaycanda seçkiləri müşahidə etmiş iştirakçı dövlətlərin nümayəndə heyətlərinə təşəkkürünü bildirib.
***
İqtisadiyyat komitəsində isə ATƏT məkanında iqtisadi vəziyyətə dair müzakirələr aparılıb.
Milli Məclisin üzvü Tahir Mirkişili İqtisadiyyat komitənin iclasında bildirib ki, iqtisadi təhlükəsizliyi müzakirə edərkən üzv dövlətlər arasında təhlükəsiz nəqliyyat əlaqələri dəstəklənməlidir. Güvən və mehriban qonşuluq şəraitində inşa edilən bu layihələrdən biri də Orta Dəhlizdir.
Bildirilib ki, Orta Dəhliz Çindən Qazaxıstan, qismən də Özbəkistan və Türkmənistandan keçməklə, Xəzər dənizindən Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Qara dənizə uzanan multimodal quru və dəniz nəqliyyatı marşrutudur. Şimal dəhlizində yaranmış maneələr də getdikcə Orta Dəhlizin əhəmiyyətini artırır.
XQ