Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə ölkəmizə qarşı yenidən səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Bu barədə Ermənistanın baş nazirinin səsləndirdiyi iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində qeyd edilib.
Bildirilib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir: “Guya, Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.
Açıqlamanın sonunda qeyd edilir ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan–Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.
XQ