Keçmiş müttəfiqlərin 2-ci davasından 2 il ötür
Rusiya ilə Ukrayna arasında 2 il əvvəl başlanan savaş planetimizdə İkinci Dünya müharibəsindən sonrakı dönəmdə ən böyük silahlı qarşıdurmadır. 2022-ci il fevralın 24-də bu müharibə başlayanda çoxları onun cəmi bir neçə gün, uzağı bir həftə çəkəcəyini ehtimal edirdilər.
Lakin ilkin proqnozalar özünü doğrultmadı və Ukrayna ciddi müqavimət göstərməyə başladı. Bir müddət sonra isə döyüşlərin istiqaməti ölkənin şimal bölgələrindən cənuba doğru dəyişdi. Hazırda Donetsk və Luqansk vilayətlərini əhatə edən Donbas, demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir və üstəlik, Ukraynanın bir neçə cənub vilayəti böyük bir cəbhənin təmas xəttinə çevrilib.
Müharibədə ən çox itirən tərəf də Ukraynadır. Artıq 24 aydır ki, bu ölkənin faktiki olaraq bütün ərazisi, böyük və kiçik şəhərələri, sənaye və emal müəssisələri, infrastrukturu Rusiya aviasiyasının güclü atəşi altındadır.
Müharibə başlayandan hər iki tərəfdən on minlərlə hərbçi, eləcə də dinc insanlar həlak olub. Onların arasında minlərlə uşaq, qadın və ahıl var. Ukrayna əhalisinin az qala beşdə biri qaçqına çevrilib. Onların çoxu hazırda Şərqi Avropa dövlətlərinin ərazilərində müvəqqəti olaraq məskunlaşıblar. Ukraynalı ailələrin bir qismi okeanın o tayına, ABŞ və Kanadaya köçüb.
Rusiya–Ukrayna müharibəsinin qarşısını almq mümkün idimi və tərəflər arasında sülh danışıqları nə vaxt başlaya bilər? Ümumiyyətlə, müharibə yeni dünya nizamına necə təsir göstərə bilər? Bu və digər suallara cavab tapmaq üçün tanınmış siyasi şərhçi, BDU-nun xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasıının müdiri, professor Aydın İbrahimova müraciət etdik.
Aydın müəllim əvvəlcə bunları dedi:
–Müharibə iki il əvvəl başlayıb, hələ də davam edir və nə vaxt bitəcəyi isə məlum deyil. Prezident Vladimir Putin bu günlərdə məşhur amerikalı jurnalistə müsahibəsində bildirdi ki, Rusiya Ukrayna xalqı ilə deyil, bu ölkədəki neonasizm ilə mücadilə aparır və sülh danışıqlarına hazırdır.
Ukrayna tərəfi isə, Prezident Volodimir Zelenskinin dili ilə desək, “müharibə qələbə ilə başa çatmayana qədər heç bir danışıqlara razı deyil”. Eyni sözləri bu ölkənin Qərbdəki tərəfdaşları da təkrar edirlər. Bu isə o deməkdir ki, Ukrayna torpağında sülhü tezliklə gözləməyə dəyməz.
Müharinənin başlaması, davam edən və güclənən savaş ritorikası ən azı təəccüb doğurur, ona görə ki, iki qardaş xalq ölüm-dirim savaşı aparır və qarşı tərəfin iqtisadi və hərbi resurslarının tükənməsi üçün çalışır. Ukrayna Qərbin maliyyə və hərbi yardımına bel bağlayıb, Rusiya isə özünün bitib-tükənməyən təbii sərvətlərinə arxayındır.
Yeri gəlmişkən, bəzən belə təsəvvür yaranır ki, Qərb Rusiya ilə dünyanın yenidən bölüşdürülməsi ilə bağlı səhnəarxası sövdələşməyə girişib. Bütün hallarda, yeni dünya düzəni Ukraynadakı hadisələrin nəticəsindən xeyli dərəcədə asılı olacaq.
Qərbdəki bir çox analitiklər, təəssüf ki, müharibənin nə səbəbə başladığını hələ də ayırd edə bilmirlər. Mən bu məsələni diqqətlə araşdırmışam. Gəldiyim qənaət budur ki, Rusiya keçmiş müttəfiqlərinə çox şeyi bağışlaya bilər, lakin Kremlə arxa çevirib bu ölkənin strateji rəqiblərinin, daha dəqiq desək, düşmənlərinin tərəfinə keçənlərin günahından keçmir və ciddi cəzalandırır.
Gürcüstan və Moldovanın acı təcrübəsi və Ukraynada hazırda baş verənlər buna parlaq nümunədir. Görünür, Ukraynada təsəvvür etmirdilər ki, Moskva Ukraynanın Qərblə yaxınlaşmasına belə ciddi reaksiya verə bilər.
O biri tərəfdən Ukrayna siyasi isteblişmentinin səriştəsizliyi və üzdə olan siyasətçilərinin özlərindən hədsiz razılığı Kremldə çoxdan qıcıq doğururdu. Bu səbəblərdən müharibə qaçılmaz idi.
Qeyd etmək lazımdır ki, Ukrayna çox əlverişli coğrafi məkanda, Rusiya ilə Avropanın qovuşuğunda yerləşir, olduqca zəngin təbii sərvətlərə malikdir. Avropanın “taxıl təknəsi” sayılan bu ölkə hətta aqrar sahədə “köhnə qitə”də özünə rəqib tanımır. Qara dənizə çıxışının olması da Ukraynanın strateji əhəmiyyətini xeyli artırır.
Hələ Sovet İttifaqı dönəmində Ukrayna elitası özünü müstəqil dövlət görmək arzusunda idi. Bu ölkəyə xüsusi sıcaq münasibət vardı. Bu, hər şeydə özünü göstərirdi. Keçmiş SSRİ-nin rəsmiləri buna müəyyən qədər loyal, dözümlü yanaşırdılar. Böyük bir dövləti idarə edən Siyasi Büronun azı 2-3 üzvü adətən ukraynalı olurdu. Belarusla bərabər Ukrayna BMT-nin və UNESCO-nun üzvü idi.
Sovet İttifaqı dağılandan sonra Ukrayna seçim qarşısında qaldı: Ya Rusiya və Belarus ilə müttəfiqlik münasibətlərində qalmaq, ya da Avropaya inteqrasiya yolu ilə getmək.
Burada regionda gələcək təxribatlara yol aça biləcək bir gizli məqam də var. Belə ki, Ukraynanın şərqdəki qonşuları – Polşa, Macarıstan və Rumıniya artıq NATO və Avropa İttifaqına üzvdürlər. Ukrayna əhalisi, xüsusilə gənclər ölkənin gələcək inkişaf modellərini Qərbdə görürlər. Vizasız rejim, yüksək həyat səviyyəsi, Avropaya sıx inteqrasiya onlara daha cəlbedici təsir bağışlayır. Beləliklə, Ukrayna ya Rusiya, ya da Qərb dilemması qarşısında qalanda ikincini, yəni Qərbi seçdi.
Bəli, bunu Ukrayna əhalisinin əksər hissəsi arzulayırdı. Təəccüblü və maraqlı cəhət həm də budur ki, bunu Ukraynanın Şərqi Avropadakı qonşuları da arzu edirdilər. Onlar açıq surətdə bunu dilə gətirməsələr də, ümid edirlər ki, Ukrayna və onun ətrafında hərbi və siyasi təbəddülatlar baş verərsə, vaxtilə Stalin tərəfindən qopardılaraq Ukraynaya birləşdirilən torpaqlarını geri ala bilərlər.
Şərqi Avropadakı bu əhvali-ruhiyyə, təbii ki, həm də anti-Rusiya mahiyyəti daşıyır və Kremldə bunu yaxşı başa düşürlər. Bütün bunları nəzərə alaraq, düz iki il əvvəl, məhz bu gün 24 fevralda Moskva tərəfindən onun öz leksikonu ilə desək, Xüsusi Hərbi Əməliyyat başlanıldı və Rusiya Silahlı Qüvvələri Kiyev istiqamətində hücuma keçdilər.
Professor Aydın İbrahimov sonda dedi:
– Bu gün regionda vəziyyət, təqribən, belədir: Kiyev Qərbdən hərtərəfli yardımların artırılmasını tələb edir və bunu qələbə üçün əsas şərt sayır. Rusiya isə yaxın gələcəkdə Ukraynada neonasizm üzərində labüd qələbəsindən dəm vurur. Qərb isə deyir ki, heç bir sülh danışıqları ola bilməz, nəyin bahasına olursa-olsun, müharibə Ukraynanın tam qələbəsi ilə başa çatdırılmalıdır. Sözdə demək asandır, əməldə isə bunu etmək çətindir.
Prussiyanın görkəmli dövlət xadimi, mahir siyasətçi və diplomat Otto fon Bismark deyirdi ki, Rusiya üzərində qələbə qazanmaq çox çətindir, ona görə ki, bu ölkənin geri çəkilmək üçün ərazisi olduqca böyükdür. Çağdaş dönəmdə nəhəng nüvə arsenalına malik olan Rusiyanı geri çəkilməyə məcbur etmək, sadəcə, mümkünsüz görünür.
Sonda demək lazımdır ki, Rusiya–Ukrayna müharibəsinin əsas nəticəsi budur ki, Qərb ilə Rusiya arasında kəskin düşmənçilik yaranıb. Və bu vəziyyət dünya xəritəsində siyasi konfiqurasiyanı dəyişir. Fakt budur ki, dünya böyük dəyişikliklərə hamilədir.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ