Lokal müharibələr daha geniş xarakter aldıqca dünyanın mütərəqqi düşüncəli intellekt sahibləri planetin taleyi üçün ciddi narahatlıq keçirməyə başlayırlar. Bu mənada günün ən aktul müzakirə mövzularından biri nüvə silahının nə vaxtsa işə düşməsi və bəşəriyyətin fəlakətə sürüklənə biləcəyi ehtimalları ilə bağlıdır.
Məsələn, bu günlərdə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın qızı Petti Devis “The New York Time” qəzetində dərc edilmiş məqaləsində yazır ki, özümə sual verirəm – atam sağ olsaydı, sivilizasiyanın indiki tənəzzülü və Amerika demokratiyasının məşum gələcəyi haqqında nə deyə bilərdi? Düşünürəm, birincisi, o, partiyasının indiki favoriti kimi Co Baydenə deyil, onu mitinqlərdə dəstəkləyənlərə müraciət edərdi və deyərdi ki, “dövlətin siyasəti bir nəfər tərəfindən yaradılmır, onu “hə” və ya “yox” deyən bütün insanlar yaradır”.
P.Devisə görə, “ABŞ-ın indiki vəziyyəti elədir ki, atam bunu görsəydi, göz yaşları içində boğulardı, çünki... amerikalılar uçurumun kənarındadırlar və nifrət, zorakılıq bataqlığından çıxmaq və cəmiyyəti parçalayan partiya qəzəbinə qalib gəlmək onlar üçün heç də asan olmayacaq”.
Allah xətrinə, gəlin R.Reyqanı ideallaşdırmayaq. Xatırlayırsınızsa, 1982-ci ilin martında Reyqan Sovet İttifaqının nüvə imkanlarını zəiflətməyə yönəlmiş genişmiqyaslı strategiya olan 32 saylı Milli Təhlükəsizlik Direktivini (NSDD) imzaladı. 7 ay sonra 66 saylı daha bir direktiv verildi. Orada sovet iqtisadiyyatını sarsıtmaq üçün tədbirlər sadalanırdı. Bu məqamda Reyqanın 1984-cü il avqustun 11-də Amerika xalqına radio ilə müraciətindən əvvəl mikrofonu yoxlayarkən gözlənilmədən “zarafat” edərək dediyi bəyanatı xatırlatmaq çox yerinə düşür: “Mənim həmvətənlərim, bu gün sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, mən Rusiyanı əbədi olaraq qanunsuz elan edən fərman imzalamışam. Bombardman beş dəqiqəyə başlayacaq!” ABŞ prezidentinin bu “zarafatı”na SSRİ-nin rəsmi reaksiyası kifayət qədər kəskin oldu. Bundan dərhal sonra SSRİ öz hərbi nüvə qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirdi və dünya, həqiqətən, böyük şok yaşadı.
Bu mənada planetin müharibə ocaqlarının bəşəriyyəti hansı istiqamətə sürükləyəcəyini düşünərkən istər-istəməz sual meydana çıxır ki, “nüvə silahının təsadüfi istifadə ehtimalı ilə bağlı vəziyyət Reyqan hakimiyyətindən sonrakı illər ərzində dəyişibmi?” Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popovun bu yaxınlarda dediyi kimi, “ABŞ-ın səbəb ola biləcəyi təsadüfi nüvə müharibəsi” məsələsi, bilavasitə Amerika prezidenti Co Baydenin səhhətindəki problemlər səbəbindən indi daha ucadan və narahatlıqla səslənir. Onun fikrincə, qlobal fəlakətlə nəticələnə biləcək idarəetmədəki kobud səhvlər riski artdıqca “ABŞ-ın nüvə qalxanı çat verir”. Bu baxımdan, bu gün ABŞ-dan gələn son xəbərlər fonunda mürəkkəb və gərgin daxili siyasi vəziyyətdə mühüm bir sual yaranır - bu ölkədə nüvə silahının istifadəsi ilə bağlı sərəncamın ötürülməsi qaydası nə vəziyyətdədir?
Kreml rəsmisi Mixail Popov diqqəti iki əsas məsələyə yönəldir: birincisi, Amerika prezidenti Co Baydenin sağlamlıq vəziyyəti və iş qabiliyyətliliyi, ikincisi, onun iş qabiliyyətini itirdiyi halda nüvə silahından istifadəyə dair səlahiyyətlərin ötürülməsi proseduru.
Birinci sualla bağlı gerçək mənzərə ondan ibarətdir ki, Baydenin iş qabiliyyəti ABŞ isteblişmentində son günlərin ən ciddi müzakirə mövzusuna çevrilib. Rəy sorğularına görə, amerikalıların əksəriyyəti Baydenin prezidentlik vəzifələrinin öhdəsindən gələ bilmədiyinə əmindirlər. “CNN” və “SSRS” şirkəti tərəfindən keçirilən sorğunun nəticələri göstərir ki, bu gün amerikalıların 58 faizi onu ciddi xəstə insan hesab edir və bu, həqiqətən, cəmiyyətdə böyük narahatlıq və təşviş yaradır. Baydenin köməkçiləri tərəfindən Ağ evdən çıxarılan məxfi sənədləri araşdırmaq üçün təyin olunmuş xüsusi prokuror Robert Hur, materialların təhqiqatı ilə bağlı hesabatında ABŞ prezidentini "xoş niyyətli, lakin ciddi yaddaş problemləri olan, hətta əsas faktları və təfərrüatları xatırlamaqda çətinlik çəkən yaşlı bir adam" kimi xarakterizə edir. Ədliyyə Nazirliyinin rəsmi sənədində yaddaş problemlərinin qeyd edilməsilə bağlı Ağ evdə baş verən ciddi qalmaqal və Baydenin buna qəzəblənməsini biz əvvəlki yazılarımızda qeyd etmişdik.
Amma “Fox News” telekanalı ABŞ-ın hazırkı administrasiyasının prezidentin guya vəzifələrini heç bir məhdudiyyət olmadan yerinə yetirə bildiyini, onun səhhəti ilə bağlı məlumatları gizlətdiyini söyləməklə, sanki ocağa yağ töküb. Bir başqa zərbə də ABŞ-ın keçmiş prezidentlərinin şəxsi həkimi, ABŞ Nümayəndələr Palatasının üzvü Ronni Ceksondan gəlib. O, “The New York Post” nəşrinə bildirib ki, Bayden prezident seçkilərində iştirak etməzdən əvvəl bir sıra sağlam əqli testlərdən keçməlidir. Ağ evin keçmiş həkiminin hazırladığı və ABŞ Nümayəndələr Palatasının 83 üzvü tərəfindən imzalanan məktubda bildirilir ki, Bayden testdən imtina edərsə, administrasiyadan ABŞ Konstitusiyasının 25-ci düzəlişinin 4-cü bəndinə müraciət edilməsi tələb olunacaq. Bu dəyişiklik prezidentin vəzifələrinin vitse-prezidentə verilməsini nəzərdə tutur. Düzəlişə görə, dövlət başçısı vəzifələrini yerinə yetirə bilmədikdə, vitse-prezident onun vəzifələrini öz üzərinə götürməlidir.
Fevralın 14-də Qərbi Vircinya ştatının baş prokuroru Patrik Morrisi vitse-prezident Kamala Harrisi ABŞ lideri Baydenin öz vəzifələrini yerinə yetirə bilmədiyini bəyan etməyə çağırıb. Buna cavab olaraq Ağ evin mətbuat xidməti ABŞ prezidentini müalicə edən Uolter Rid adına Tıbb Mərkəzinin həkimi Kevin O'Konnorun rəyini yayıb. Adətən Bayden müntəzəm olaraq bu tibb mərkəzində müayinədən keçir. O'Konnor təsdiqləyib ki, "prezident 81 yaşlı sağlam və cəsarətli bir insan olaraq qalır və dövlət başçısı kimi heç bir məhdudiyyət olmadan öz vəzifələrini, o cümlədən icra hakimiyyətinin başçısı, dövlət başçısı və ali baş komandan kimi vəzifələrini icra etmək iqtidarındadır".
Bu daxili siyasi çəkişmələr fonunda diqqətçəkən məqamlardan biri də odur ki, sorğuda iştirak edən amerikalıların 37 faizi bu gün dünyanın apokalipsis vəziyyətində olduğunu, nüvə düyməsinin isə tez-tez ağlını itirən Baydenin əlində olduğunu qeyd ediblər. 2024-cü ildə ABŞ prezidentliyinə əsas namizədlərdən olan eks-prezident Tramp da rəqibi Baydeni ölkə üçün təhlükəli hesab edir. Onun fikrincə, indiki prezident öz vəzifələrini layiqincə yerinə yetirmir və dünyanı nüvə müharibəsinə aparır. Buna görə də ABŞ-ın hazırkı prezidentinin sağlamlıq vəziyyəti fonunda nüvə silahından istifadəyə dair əmrlərin ötürülməsi proseduru xüsusi və ciddi nəzərdən keçirilməli məsələ kimi diqqətdə olmalıdır.
Həqiqətən, qanuni olaraq Birləşmiş Ştatlarda nüvə zərbəsi endirməyə əmr edə bilən yeganə şəxs Cozef Robinette Bayden, daha sadə desək, hazırkı ABŞ Prezidenti Baydendir. Bir məsələni də diqqətə çatdıraq ki, 1961-ci ildə yaradılmış və ABŞ prezidentinə nüvə silahından istifadə əmri vermək imkanı yaradan xüsusi qurğu amerikalılar üçün daha çox çantaya bənzəsə də, “football” adlanırdı. Əslində, “çamadan” ABŞ-ın strateji müdafiə sistemində mobil qurğu kimi fəaliyyət göstərir və prezidentin stasionar komanda məntəqələrindən uzaqda olduğu situasiyalarda istifadə üçün nəzərdə tutulub. ABŞ prezidentinin nüvə çamadanının quruluşu və işləmə prinsipi ciddi dövlət sirridir.
Nüvə çamadanı ABŞ-da prezident Duayt Eyzenhauer dövründə peyda olub. Məhz Eyzenhauer prezidentin müvəqqəti fəaliyyət qabiliyyətini itirdiyi və ya öldüyü halda, ABŞ silahlı qüvvələrinin Ali Baş Komandanının səlahiyyətləri ilə birlikdə çamadanın ölkənin vitse-prezidentinə verilməli olduğu prosedurunu da təsdiqləyib.
Araşdırmalarda qeyd edilir ki, ölkədə ən azı üç-dörd eyni “nüvə çamadanı” var. Biri prezidenti, o biri vitse-Prezidenti müşayiət edir və üçüncüsü isə ənənəvi olaraq andiçmə mərasimi və ya ölkədəki vəziyyətlə bağlı müraciətlər zamanı mümkün fəlakət və ya hücumdan sağ çıxmış, kodları tətbiq etmək səlahiyyətinə malik olanlar üçün ehtiyatda saxlanılır. “Çamadan”a “biskvit” kimi tanınan plastik kart əlavə olunur ki, prezident onu hər zaman öz üzərində gəzdirməlidir. Bu kartda dövlət başçısının şəxsiyyətini müəyyənləşdirmək üçün istifadə edilən hərf-rəqəm kodu var.
Nüvə silahının tətbiqi ilə bağlı qərarın qəbul edilməsi və əmrlərin verilməsi proseduru belədir: Atom Enerjisi üzrə Xüsusi Komitənin 1948-ci ildə ABŞ Milli Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatın mətninə uyğun olaraq, “Prezident ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi ABŞ nüvə qüvvələrinin istifadəsi ilə bağlı əmrlər vermək üçün müstəsna hüquqa və səlahiyyətlərə malikdir”. Əgər ABŞ prezidenti nüvə silahının tətbiqi ilə bağlı əmr verərsə, o, müdafiə nazirinə, sonra ABŞ-ın Strateji Qüvvələrinin komandanına və Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədrinə ötürülür.
2016-cı ildə Pentaqonun sənədlərindən birində deyilirdi ki, müdafiə naziri ABŞ Silahlı Qüvvələrinin baş komandanının əmrini yerinə yetirməzdən əvvəl “sərəncamın prezidentdən gəldiyini təsdiq edərək qanuniliyini müəyyən etməlidir”. Ancaq, burada , ekspertlərin fikrincə, müdafiə nazirinin və BQRK sədrinin nüvə silahından istifadə ilə bağlı rolları qeyri-müəyyən olaraq qalmaqdadır. Bəzi mənbələr müdafiə nazirinin ya komandanlıq zəncirinin üzvü, ya da təsdiqləyici orqan kimi birbaşa iştirakını qeyd edir.
Lakin Pentaqonun keçmiş rəsmiləri bunun əksini deyirlər. Məsələn, eks-prezident Bill Klintonun keçmiş müdafiə naziri Bill Perri iddia edir ki, əmr “prezidentdən birbaşa ABŞ Strateji Qüvvələrinin komandirinə verilə bilər və “bu zəncirdə müdafiə naziri lazım deyil”, ümumiyyətlə, onun “prezidenti dayandırmaq səlahiyyəti yoxdur”. Yəni, Perriyə görə, dövlət başçısı nüvə silahından istifadə etmək üçün müstəsna hüquqa malikdir. Üstəlik, Müdafiə Nazirliyinin digər keçmiş yüksək rütbəli məmurları bu məsələdə prezidentin mütləq səlahiyyətini dəfələrlə təsdiqləyiblər. Məsələn, ABŞ Hərbi Hava Qüvvələrinin doktrinasında deyilir ki, “Prezident hətta Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vasitəsilə də nüvə silahından istifadəyə göstəriş verə bilər”, yəni bu işdə müdafiə nazirinin adı, ümumiyyətlə, çəkilmir.
Bütün deyilənlərlə rəğmən, indiki vəziyyətdə dünya, həqiqətən, apokalipsis vəziyyətindədir və ABŞ-ın nüvə düyməsi Co Baydenin əlindədir, onun isə əqli qabiliyyətlərinə və ağlının başında olmasına bir çoxları getdikcə daha çox şübhə etməyə başlayır. ABŞ Konstitusiyasının 25-ci maddəsinə əsasən səlahiyyətlərin ötürülməsinə gəlincə, onların təhvil verilməsinə dair ABŞ Konqresinin kabinetlərində işlənmiş plan hüquqi baxımdan kifayət qədər aydın deyil və əslində konstitusiyaya zidd ola bilər. Buna görə də ABŞ-ın yaratdığı təsadüfi nüvə müharibəsi riski kifayət qədər yüksəkdir və təkcə bu ölkənin özünün mövcudluğu deyil, bütün dünyanın gələcəyi bundan asılıdır.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ