İlham Əliyevin qələbəsi dünya mediasında

post-img

Dünya mediası fevralı 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqət mərkəzində saxlayıb və hazırkı dövlət başçısı İlham Əliyevin növbəti qələbəsini operativ olaraq geniş işıqlandırıb.

Türkiyənin “Anadolu” agentliyi işğaldan azad olunmuş ərazilərdə, xüsusən Füzuli şəhərində səsvermənin gedişi, öz evlərinə qayıtmış keçmiş məcburi köçkünlərin seçkilərdə iştirakı barədə yazıb.

“Haber Global” isə yazır ki, 30 il işğal altında olmuş Qarabağda ilk dəfə seçki məntəqələri yaradılıb, bu fakt demokratiyanın təntənəsidir. Həmin ərazilərdə 20 min seçici bu gün həqiqətən də 300 milyon nəfərdən ibarət Türk dünyasının döyünən ürəyidir.

Türkiyənin İHA, “Hürriyet”, “Son dakika”, “Haberler.com”, “Beyaz Gazete”, “TRT-Haber” kimi media orqanları da növbədənkənar prezident seçkilərinin ölkənin bütün ərazisində keçirildiyini vurğulayıblar. Bildiriblər ki, dövlət başçısı bir vaxtlar separatçı ermənilərin əsas şəhəri olan, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilən Xankəndidə səs verib. Məqalələrdə, həmçinin seçkilərdə həvəslə iştirak edən azad olunmuş ərazilərdəki insanların – qalib ölkə vətəndaşlarının fikirləri yer alıb

Macarıstanın ingilisdilli xəbər portalı “Daily News Hungary”, “Origo”, “Magyar Nemzet, demokrata” və digər mətbuat orqanları seçkinin nəticələrini izləyərək İlham Əliyevin qələbə xəbərini dərhal yayıblar. Beynəlxalq internet nəşri olan “Breaking News Network Worldwide” isə “Azərbaycanda seçkilərdə yüksək seçici fəallığı: xalq üçün qələbə” sərlövhəsi ilə məqalə dərc edib.

Avropa, ABŞ, həmçinin Yaxın Şərq və Asiyanın, o cümlədən Çin və Pakistanın media orqanları qeyd edirlər ki, seçkilər ilk dəfə Azərbaycanın müasir tarixində ölkənin öz ərazisi üzərində tam nəzarəti əldə etməsi şəraitində keçirilib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il ərzində işğal altında olub.

Rusiyanın TASS, “İzvestiya”, RBK, “Vedomosti”, “İnterfaks”, “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Rossiyskaya qazeta”, “Qazeta.ru” media orqanlarında “exit-poll” məlumatlarına əsasən qeyd olunur ki, Prezident İlham Əliyev seçkilərdə 93,9 faiz səslə liderdir. 

“Euronews” kanalı “exit-poll” məlumatlarına əsasən yayımlanan təcili xəbərində qeyd edib ki, İlham Əliyev təxminən 94 faiz səs toplayaraq seçkilərdə qalib gəlir, onun Qarabağda nüfuzu isə 100 faizə yaxındır.

Azərbaycandakı prezident seçkiləri Qazaxıstan və Qırğızıstanın “Kazinform”, “Zakon.kz”, “Veçerniy Bişkek” və digər media orqanlarında da operativ işıqlandırılıb.

XQ

 

Son xəbərlər