Azərbaycanın uğurları bütün Türk dünyasını sevindirir

post-img

Ölkəmizdə keçirilən prezident seçkilərini müşahidəçi kimi izləyən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım təəssüratını öyünclü coşğu ilə ifadə edib:

– Qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir, qürur duyuruq. Azərbaycan xalqı da bunun sevincini və həyəcanını yaşayır. Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfəri və ötən il antiterror tədbirləri ilə işğala son qoyaraq, ərazi bütövlüyünü tam təmin edib. Qardaş ölkənin parlaq uğurları bizi, ümumiyyətlə, bütün Türk dünyasını çox sevindirir.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsini qeyd edən Şamil Ayrım əlaqələrimizin Türk dünyası üçün nümunə olduğunu da vurğulayıb:  “Azərbaycan nə qədər güclü olarsa, Türkiyə nə qədər güclü olarsa, bu coğrafiyada sülh, hüzur və sabitlik də bir o qədər davamlı olar”.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyinə toxunan Türkiyə deputatı deyib: “Hazırda əsas məqsəd və məram münasibətlərin normallaşmasıdır. İnanırıq ki, müharibə bitdiyi kimi, sülh də imzalanacaq. Azərbaycanın dövlət siyasəti də qonşularla dinc və yanaşı yaşamağa yönəlib”.

Türk dünyasının gələcəyini çox parlaq gördüyünü vurğulayan Şamil Ayrım əlavə edib: “Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra digər ölkələrlə müqayisədə uğurlu və şərəfli yol keçərək böyük uğurlara imza atıb. Azərbaycan Qarabağ müharibəsində Zəfəri ilə Türk dünyasının digər ölkələrinə örnək göstərib. Türkiyə və Azərbaycan qardaşlığı da həmin ölkələrə stimul verir. İnşallah, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələr də bizim kimi dostluq münasibətləri qura biləcəklər. Türk dünyası dövlətlərinin heç kəsin torpağında gözü yoxdur, eyni zamanda, digər ölkələrin də öz torpaqlarını işğal etməsinə imkan verməz”.

XQ

 

Son xəbərlər