Qəzetimizin ötən saylarında 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 36 saylı Danyeri məntəqəsində səsverməyə ciddi bir həvəslə hazırlaşmış Həbibbəyli Qəndab Məmməd qızı ilə əlaqə saxlayıb kiçik müsahibə almışdıq. Vətənə layiqli övladlar bəxş etmiş, ömrünün son 30 ilinin müstəqillik dövründə düşməsini isə Tanrının ən böyük bəxşişi sayan, yaşı 1 əsri haqlamış Qəndab nənə evində səs verməsinə hazırlıq görülsə də, hamı ilə bir yerdə olmaq üçün – bizə bildirdiyi kimi seçki məntəqəsinə gəldi.
Bu barədə 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 36 saylı Danyeri məntəqə seçki komissiyasının sədri Həbib Həbibbəyli bildirdi:
– İllərdir ki, seçki marofonunda iştirak edirəm, amma inanın ki, Azərbaycan cəmiyyəti bu boyda seçki fəallığını heç vaxt yaşamayıb. 95 yaşı olan Qəndab nənə seçkiyə qatılmaq həvəsi və təkidi bütün obada xüsusi bir ovqat yaratdı. Onun bu yaşda seçki məntəqəsinə sərbəst getməsi çətin idi, lakin qərarından dönmədi. Xoşbəxtlikdən, hava da xoş oldu, onun bu arzusunu yerinə yetirdik, məntəqəyə gəldi və səs verdi.
Qəndab nənə isə fəxrlə dedi:
– Öğul, ötəndəfə də sizə dedim ki, seçkiyə getməyi özümün bir nönrəli borcum hesab etmişəm. Mən dövlətim, qəhrəman və xilaskar xalqım üçün bu gündən sonra nə edə bilərəm?! Mənə seçki barədə sual verənlərə dəfələrlə dediyim bir cavab var, seçkiyə getməyənin fəraridən-doyüşdən qaçan əsgərdən nə fərqi ola bilər?! Əlimdən gələn ən böyük iş səs vermədə iştirak etmək idi, allaha şükürlər olsun ki, havalar yaxşı oldu. Uşaqlar da sağ olsunlar ki, kömək etdilər, məntəqəyə gəlib səs istədiyim, inandığım namizədimə səs verdim.
Qəndab nənənin bu yaşda məntəqəyə gəlib verdiyi səs onun nəzərində əmin-amanlığa, daha xoş günlərə bəslənən ümiddir, onun Vətən sevgisinin səsidir. Doğrudan da, siyasi fəallığı ilə çoxlarına nümunə olan belə müdrik, xoş diləkli insanların ölçülü-biçili mövqeyi həmişə ətrafdakıları ayıq-sayıq və mübariz olmağa səfərbər edib. Heç şübhəsiz ki, Qarabağ savaşında qalib gələn qəhrəman oğullarımız məhz Qəndab nənə kimi el ağbirçəklərindən öyüd alıblar.
Sonda onu da bildirək ki, Qəndab Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin anasıdır.
Namiq Qədimoğlu
XQ