Fevralın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verib.
Məntəqədə çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyiblər.
Səlahiyyətli nümayəndə komissiyanın işinə uğurlar arzulayıb.
Növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə, ümumilikdə, 278 mindən çox seçici qeydə alınıb. Səsverməyə start verildiyi andan muxtar respublika sakinləri seçkilərdə fəal iştirak ediblər. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülüb, veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb.
Muxtar respublikada seçki dairələri üzrə ən çox seçici 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə (47 min 224 nəfər) qeydə alınıb.
17 min 514 nəfər ilk dəfə səsveməyə dəvət alıb. Yaşı 100-dən çox olan seçicilərin sayı isə 5 nəfərdir.
***
Naxçıvan MR-in ən yaşlı seçicisi Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 104 yaşlı Şərəf Hüseynəliyevanın prezident seçkilərində öz evində səs verməsinə şərait yaradılıb.
Yaşlı seçicinin bu arzusu əvvəlcədən qeydə alınaraq məntəqə seçki komissiyası tərəfindən onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Adı 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinin seçicilər siyahısında olan 1920-ci il təvəllüdlü Şərəf Hüseynəliyeva seçki bülletenini doldurmaqda övladları kömək edib.
***
Dünən 18 yaşı tamam olan Naxçıvan şəhər sakini Fatimə Qurbanova ilk dəfə olaraq səs verib. O, 4 saylı Naxçıvan Seçki dairəsinin 28 saylı seçki məntəqəsində seçici kimi iştirak edib.
Ad günü ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Fatimə Qurbanovanı təbrik edib. Təbrik məktubunu ona 28 saylı seçki məntəqəsinin sədri Cavid Səfərov təqdim edib.
***
Vətən müharibəsi qazisi Pərviz Muradov Naxçıvan şəhərindəki 4 saylı seçki dairəsinin 18 saylı məntəqəsində səs verib. O bildirib ki, savaşda qazanılan Zəfərdən sonra döyüşdə aldıqları qəlpə yaraları onları incitmir, əksinə, qürur hissi verir.
Qazi daha sonra qeyd edib ki, bu Zəfər igid oğulların canı, qanı bahasına qazanılıb: “Qələbənin qazanılmasında payı olan hər bir hərbçi Vətəninə sədaqət andı içərək döyüşə atıldı. Və bu gün də seçkilərdə Vətənimizin parlaq gələcəyi üçün sədaqətimizi bir daha sübut edirik”.
Vətən müharibəsindəki döyüşlərdə düşmənin keçilməz dediyi “Ohanyan xətti”ni öz tağımı ilə yaran zabitlərimizdən biri Əli Əlisoy isə öz ailəsi ilə birlikdə Şərur rayonunun Danyeri kəndində yerləşən 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
O bildirib ki, döyüşə atılanda hər kəs öz canını Vətənə qurban deyib, torpaqları azad etməyə and içmişdi: “Qarabağ yanğısı ilə yanan ürəklərə su səpib, bu dərdi balalarımıza saxlamamağa söz vermişdik. Xalqımızla bir olub qələbə qazandıq. Bu gün buraya Vətən müharibəsindən bir neçə ay sonra dünyaya gələn, şəhid döyüş yoldaşımın adını verdiyim Turan adlı övladımla gəlmişəm. Zəfər seçkisində azad Vətənin azad övladı ilə iştirak edərək bundan sonra dünyaya gələcək övladlarımızın parlaq gələcəyi üçün səs verdik”.
***
Naxçıvan sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini yüksək əhval-ruhiyyə ilə qarşılayıblar.
Səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra Naxçıvan şəhər sakinləri küçələrə axışıb, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımız və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd ediblər. Naxçıvan şəhərində keçirilən avtoyürüş Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri