Qarabağda seçkilər Azərbaycanın ərazi bütövlüyünün təntənəsi oldu

post-img

Xankəndi

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi və fəallığı ilə davam edib.

İşğaldan azad olunmuş digər ərazilərdə yaradılan seçki məntəqələri kimi, 14 saylı seçki məntəqəsində də qələbəlik hökm sürüb. Ərazidəki seçicilər məntəqəyə gələrək öz namizədlərinə səs veriblər.

Səsvermədə iştirak edən Rəmzi Şakiri  deyib: “30 ildən artıq idi ki, Qarabağımızdan ayrı düşmüşdük. Şükür bu günümüzə. Bütün torpaqlarımız azaddır. Mən Xankəndi şəhərində çalışıram. Bu gün böyük fərəh hissi ilə səsvermədə iştirak edirəm. Buna görə özümü xoşbəxt sayıram”.

Məntəqədə səsvermə prosesini 15 yerli müşahidəçi izləyib. Onlar səsvermənin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

112 saylı Xankəndi seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Xankəndi sakini Anar Rzayev deyib: “Bu gün Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Buna görə hər bir qarabağlı kimi, mən də qürur duyuram. Qalib xalqın vətəndaşı kimi səsvermə prosesində iştirak etmək mənim üçün fəxrdir”.

Şuşa

“Bu gün bir şuşalı kimi ikiqat sevinc, qürur hissi keçirirəm. Çünki xəyallarımız gerçəkləşib, Qarabağımıza, Şuşamıza qovuşmuşuq. Çünki prezident seçkiləri ölkəmizin bütün ərazisində keçirilir və mən öz doğma yurdumda səs verirəm”.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında yaradılmış 105 saylı seçki məntəqəsində səs verən Şuşa sakini Elşən İsmayılov daha sonra deyib: “Şuşa şəhərində fəaliyyət göstərən modul tipli xəstəxananın təcili yardım briqadasında işləyirəm. Seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlib, istədiyim namizədə səs verdim. Məntəqədə səsvermə üçün yaradılan şəraitdən razıyam. Qoy, bu seçki xalqımız və dövlətimiz üçün uğurlu olsun”.

Ağdam

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin 3 məntəqəsində keçirilib. 

57 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə Kəngərli kəndində təşkil edilib. Məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki, məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. Seçki məntəqəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. 

Seçicilər səsvermədə fəallıq göstəriblər, məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetiriblər.

Məntəqəyə gələn seçicilərin hər biri səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib. Ağdamda yol tikintisində çalışan Həbib Ağasiyev deyib: “Bu gün iş yoldaşlarımızla birlikdə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdik. Azad ərazilərdə işləmək, səs vermək olduqca qürurvericidir”.

Səsvermənin gedişini izləyən müşahidəçilər Rahibə Süleymanova və Dürriyə Rəhimova seçkilərin seçicilərin fəallığı ilə, demokratik, şəffaf şəraitdə keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

Füzuli

Füzulidə yaradılan 75 saylı seçki məntəqəsində səsvermə hüququ olan bütün seçicilər iştirak ediblər.

İşğaldan azad olunan Füzuli rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə böyük uğurla keçib. Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə yaradılan 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva  bildirib ki, məntəqədə 1 351 nəfər qeydiyyatdan keçib: “Bugünkü seçkilər xalqımızın həyatında çox əlamətdar bir hadisədir. Biz Qarabağ torpaqlarında tarixi bir gün yaşayırıq. Səhər saatlarından başlayaraq seçki prosesinə start verilib. Hazırda da seçki prosesi davam edir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Seçicilərin üzündə yalnız fərəh və ruh yüksəkliyi dolu bir hissin cizgilərini görürük”.

Məntəqə sədrinin sözlərinə görə, 75 saylı məntəqədə səs verən seçicilər əsasən Füzuli şəhəri və rayonun ərazisində quruculuq işləri aparan şirkətlərinin əməkdaşlarıdır: “Əminliklə deyə bilərəm ki, məntəqəmizdə seçki prosesi tam şəffaf şəkildə aparılır. Məntəqəmizdə qeydiyyatda olan seçicilərin artıq 900-ə yaxını bu vaxta qədər səsvermədə iştirak edib. Seçki prosesini yerli və beynəlxalq müşahidəçilər izləyir. Məntəqə üzrə qeydiyyatdan keçən seçicilərin səsvermədə 100 faiz iştirakı gözlənilir”.

Bildirilib ki, səhhəti ilə əlaqədar məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb

Ağdərə

Prezident seçkiləri Ağdərə şəhərində də yüksək səviyyədə təşkil edilib.

97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Ağdərə şəhərində yaradılmış 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov  bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait var. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Məntəqə üzrə 154 seçici qeydiyyatdan keçib. Seçki prosesini 13 yerli müşahidəçi izləyir.

Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə iki seçki məntəqəsi işğaldan azad edilmiş ərazilərdə yerləşir. 58 saylı seçki məntəqəsi Suqovuşan qəsəbə tam orta məktəbində, 59 saylı seçki məntəqəsi isə Ağdərə şəhər mədəniyyət evində yaradılıb.

Tərtər

Tərtər rayonunda da seçicilərin fəallığı ilə müşahidə olunub. Seçki məntəqələrinə gələ bilməyən yaşlı, fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutuları ünvanlara aparılıb.

Mamırlı kənd sakini 112 yaşlı Süleymanova Zəhra Hətəm qızı, Hacıqərvənd kənd sakini 102 yaşlı Xəlilov İbrahim Heydar oğlu, Ağdərə rayonunun Umudlu kənd sakini 100 yaşlı Abbasquluyeva Atlas Salah qızı və Kəngərli kənd sakini 100 yaşlı Almuradova Fatma Abbas qızı yaşadığı ünvanda səsvermə hüququndan istifadə ediblər.

Laçın

İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunub.

Laçın şəhərində, ümumilikdə, 5 seçki məntəqəsi fəaliyyət göstərir. Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyib.

Zabux kəndində, 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində keçirilən prezident seçkilərində seçici fəallığı müşahidə olunub. Məntəqə sədri Mübariz Rüstəmov  bildirib ki, butrada Zabux sakinləri ilə bərabər, ərazidə tikinti-quruculuq işlərində çalışan vətəndaşlar da səs verirlər. Məntəqə üzrə 1494 seçici qeydiyyata alınıb ki, onlardan da 549 nəfəri Zabux sakinidir.

Zabux sakinlərindən ilk dəfə səsvermə hüququna malik olanların sayı 11 nəfərdir. Ən yaşlı seçicisi isə 1934-cü il təvəllüdlü Qasımova Mahı Astan qızıdır.

Zəngilan

Növbədənkənar prezident seçkiləri Zəngilan rayonunun Ağalı kəndindəki 33 saylı seçki məntəqəsində də seçici fəallığı ilə keçib. Səhər saatlarından başlayaraq kənd sakinləri və ətraf ərazidə çalışan işçilər məntəqəyə üz tutur, səsvermədə yüksək əhvali-ruhiyyədə iştirak ediblər.

 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsi Ağalı kəndindəki məktəbdə fəaliyyət göstərir. Səsvermə prosesi mütəşəkkil keçir. QHT nümayəndələri, xarici jurnalistlər prosesi izləyiblər. Məntəqə üzrə 971 seçici qeydə alınıb. Onlardan 603 nəfəri Ağalı kəndi sakinləridir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici 1933-cü il təvəllüdlüdür.

Zəngilan rayonunda seçkilərin keçirildiyi məntəqələrdən biri də Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsidir. Seçki məntəqəsinin sədri Gülnaz Mahmudova bildirib ki, məntəqə üzrə, ümumilikdə, 615 seçici qeydə alınıb və seçicilər Zəngilan rayonu ərazisində çalışan işçilərdir. Məntəqədə seçkinin gedişatını izləyən 11 müşahidəçi var.

61 saylı seçki məntəqəsində səs verən Hacıqabul rayon sakini Heybət Rzazadədir. O, ilk dəfə səsvermə hüququndan işğaldan azad olunan ərazilərdə istifadə etdiyi üçün özünü qürurlu sayıb: “Hər bir azərbaycanlı kimi mən də səsvermədə iştirak edirəm. Mənim üçün bu gün çox əlamətdardır. Çünki işimlə əlaqədar olaraq Zəngilandayam və ilk səsvermə hüququmdan da məhz işğaldan azad olunan ərazilərdə istifadə etdim. Bizlərə belə tarixi anları yaşadan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram”.

Səsvermə prosesini QHT nümayəndələri, xarici jurnalistlər prosesi izləyiblər. Məntəqə üzrə 971 seçici qeydə alınıb. Onlardan 603 nəfəri Ağalı kəndi sakinləridir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici 1933-cü il təvəllüdlüdür.

Zəngilanın Alıbəyli kəndində seçkinin gedişatını 11 müşahidəçi izləyir

Suqovuşan

Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər–Naftalan–Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində də səsvermə fəal keçib.

Bu məntəqəyə həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinc hissi ilə səs veriblər. 58 sayılı seçki məntəqəsinin sədri Tural Əzizov bildirib ki, soydaşlarımız 30 ildən sonra işğaldan azad edilən Suqovuşanda keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində böyük ruh yüksəkliyi və qürur hissi ilə iştirak edirlər: “Məntəqəmizdə səsvermə artıq başlayıb. Seçici fəallığı müşahidə olunur. Məntəqəmizdə Talış kənd sakinləri ilə yanaşı, Suqovuşan qəsəbəsində həyata keçirilən tikinti işlərində çalışanlar da səs verəcəklər”.

Suqovuşanda aparılan tikinti-quruculuq işlərində çalışan seçici Vidadi Həsənov  böyük qürur və fəxarət hissi ilə səs verəcəyini deyib: “Bu seçkilər bizim üçün bir bayramdır. Ərazi bütövlüyü təmin olunan Azərbaycanda ilk dəfə seçkilər keçirilir. Hər birimizin borcudur ki, bu seçkilərdə iştirak edək, öz namizədimizə səs verək. Hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıram”.

Səhifəni “Xalq qəzeti”nin və AZƏRTAC-ın materialları əsasında Tahir RÜSTƏMLİ hazırlayıb.

 















Son xəbərlər