Paytaxt prokurorluğunun hesabatı

post-img

Yanvarın 17-də Bakı Şəhər Prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Baş prokuror Kamran Əliyev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir sıra mü­hüm hadisələr baş verib, bunlardan ən önəmlisi Azərbaycanın bütün ölkə ərazi­si üzrə suverenliyinin bərpa edilməsidir. 

Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokuror­luq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində gö­rülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2023-cü il ərzində Bakı şəhə­rinin prokurorluq və daxili işlər orqanları tərəfindən 15 min 759 cinayət hadisəsi qeydə alınıb. Onların 87,4 faizinin açıl­ması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibət­lər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətindən 50-nin və 23 qəsdən adam- öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edi­lib. 

Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesa­bat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokuror­luq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi­likdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 faizinin ödənilməsi təmin olunub.

Baş prokuror Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətən­daşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahə­sində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşı­rıqlar verib.

XQ

Son xəbərlər