Paytaxtda daha 2 məhəllə “Bizim həyət”ə çevrildi

post-img

Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və 27c ünvanlarında 4 min 600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. 

Heydər Əliyev Fondunun vitse-preziden­ti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətlərin açılışında, o cüm­lədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Bayram tədbiri zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zən­gin şənlik uşaqlarda xoş bayram əhvali-ru­hiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhət­dən təmiz və abad olması, yaşıllıqların bər­pası, mənalı istirahət mühitinin formalaşdırıl­ması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaq­ların inkişafı üçün əlverişli şəraitin yaradıl­ması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat mey­dançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə 16 söhbətgah, çoxsay­lı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib.

Həyətlərin ərazisindəki mövcud yaşıl­lıqların bərpası ilə yanaşı, 650 ədəd müxtəlif növ ağaclar, 19 min 100 ədəd kol əkilib, 3542 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarma­şan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva­nın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 149 ümumi yaşayış sahəsi abad­laşdırılaraq sakinlərin istifadəsinə verilmiş­dir. 

Xüsusi olaraq qeyd edək ki, IDEA İcti­mai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamə­tində sakinlərin təklif və müraciətlərini İcti­mai Birliyə təqdim etməyə çağırır. Müraciət­lərinizi IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına (info@ideacam­paign.org) göndərməyiniz xahiş olunur.

XQ



Son xəbərlər