“Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət”

post-img

Bakı Dövlət Universitetində akademik Nizami Cəfərovun “Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət” kitabının təqdimat mərasimi keçirilib. 

Məclisdə çıxış edən BDU-nun rektoru, kitabın ideyasının və ön sözünün müəllifi Elçin Babayev qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bir zamanda ölkəmizin suverenliyinin tam təmin olunması sevincimizi, gələcəyə inamımızı daha da artırır: “Universitetimizin ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovun ciddi elmi araşdırmalarının məhsulu olan “Heydər Əliyev: Dil, ədəbiyyat, incəsənət” kitabı Ulu öndərin ana dilimizin saflığının qorunması, milli ədəbiyyatımızın və incəsənətimizin çiçəklənməsi istiqamətində müqayisəyəgəlməz xidmətlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. BDU-nun “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı əsasında hazırlanmış bu kitab yubileyə layiqli töhfədir”. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa kitabın yüksək peşəkarlıq və məsuliyyətlə yazıldığını qeyd edib. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə diqqətə çatdırıb ki, Ümummilli liderin bütün fəaliyyəti ərzində dilimizin, mədəniyyət və incəsənətimizin inkişafı milli prioritetlərdən olub.   Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildiriblər ki, Ulu öndər Heydər Əliyev həmişə dilimizə, ədəbiyyat və incəsənətimizə xalqımızın milli-mənəvi varlığının tərkib hissəsi kimi baxıb. "Heydər Əliyev: Dil, ədəbiyyat və incəsənət" kitabı bu siyasətin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir. 

Sonda kitabın müəllifi, akademik Nizami Cəfərov bildirib ki, Ulu öndərin zəngin irsi öyrənildikcə, yazıldıqca insanı bir daha heyrətləndirir. Heydər Əliyevin ana dilinə həssas münasibəti bütün cəmiyyət üçün mükəmməl örnəkdir. O, millətin tarixi kodlarını, mənəviyyatını yüksəltməyin yollarını bilirdi. Ona görə də təkcə dövlət qurucusu deyildi, eyni zamanda, millət qurucusu idi. 

N. Qədimoğlu
XQ 

 



Son xəbərlər