Ulu öndərin hüquqi-demokratik dövlət quruculuğu

post-img

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi tarixi tədbirlər sonradan milli dövlətçilik və quruculuq ideyalarının əsasına çevrilmiş, xalqın vahid ideya ətrafında birləşməsinə təkan vermişdir. Ulu öndər ölkəmizi zamanın sərt sınaqlarından çıxarıb, müstəqilliyimizi bərqərar etməklə tükənməz bir dövlətçilik irsi yaratmışdır. 

Azərbaycanın hazırkı siyasi və iqtisadi müstəqilliyi, dünyaya açılışı məhz ötən əsrin 70-ci illərində təməli qoyulmuş möhkəm dayağa əsaslanır. Xalqımızın müstəqilliyə gedən yolu, milli oyanışı hələ sovetlər dönəmində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi və fədakar əməyi sayəsində başlamışdır. Məhz həmin dövrdə respublikamızda hərtərəfli quruculuq işləri aparılmış, milli ruh yüksəlmişdir. 

Sonrakı dövrlərdə Sovet İttifaqı kimi hegemon dövlətin rəhbərliyində təmsil olunmaqla əhəmiyyətli dərəcədə strateji sahələri idarə edən Heydər Əliyev öz siyasi iradəsi və güclü nüfuzu ilə bütün türk dünyasının sevimlisinə və Azərbaycanın ümid yerinə çevrilmiş, doğma xalqına möhtəşəm xidmətlər bəxş etmişdir. 

Bütün bunlar Prezident İlham ­Əliyevin imzaladığı  “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanda belə dəyərləndirilmişdir: “Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır”. 

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin siyasətdən kənarlaşdırıldığı illərdə xalqımız yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını dərk edərək bu fenomenal şəxsiyyətə – Ulu öndərə müraciət etmişdir. Dövlətimizin müstəqilliyi və suverinliyi uğrunda gedən ağır mübarizənin uğuru da Ulu öndərin fədakar siyasi fəaliyyəti ilə bağlı oldu. Çox ağır vəziyyətdə olan ölkəsinin, xalqının xilası məqsədi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dayanıqlılığını və dönməzliyini təmin etdi, xalq – dövlət birliyini, ictimai-siyasi sabitliyi və iqtisadi dirçəlişi təmin etməklə, demokratik hüquqi dövlət quruculuğunu prioriteti kimi müəyyənləşdirdi.

İngiltərənin keçmiş baş naziri Toni Blairin də dediyi kimi: “Heydər Əliyev Azərbaycanın Ulu öndəri idi. O, böhran dövründə ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyub getdiyi irslə fəxr edə bilər”. Məşhur fransız mütəfəkkiri Volterin dediyi kimi, belə şəxsiyyətlər mürəkkəb siyasi şəraitdə xalqın taleyində misilsiz rol oynayırlar. Bu, amerikalılar üçün Corc Vaşinqton, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir. 

Mənalı və əvəzsiz ömrünü əziz və doğma xalqının yolunda fəda edərək adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk etdirmiş Ümummilli lider müstəqilliyimizin banisi, xalqımızın xilaskarı, milli dövlət quruculuğunun memarı və demokratik hüquq siyasətinin yaradıcısı olaraq qədirbilən xalqımız tərəfindən daim sevilir, yad edilir, misilsiz xidmətləri dərin minnətdarlıqla anılır. Tarixdə çox nadir siyasi lider tapılar ki, ölkənin hərtərəfli tərəqqisi onun adı ilə bağlı olsun. Ulu öndər Heydər Əliyev talenin Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyətdir.

Ümummilli lider Heydər Əliyevin çoxillik və çoxcəhətli fəaliyyəti Azərbaycan xalqının azadlıq, müstəqillik xəyallarının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, insanların konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi dirçəlişə və yüksəlişə nail olmasını əhatə edir. 

Dahi strateq vahid planlaşdırma və təsiredici prinsiplərin hakim olduğu iqtisadi formasiyadan azad və hüquqi bazar iqtisadiyyatına optimal keçid modelini müdrik siyasətilə önə çəkmiş, bu proqramın mərhələli qaydada həyata keçirilməsinə məharətlə çalışmışdır. Məhz bunun bariz nümunəsidir ki, Ulu öndərin qayıdışı ilə müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qalxdı. Azərbaycanın gələcək təkamülünü səciyələndirən hərtərəfli imkan yaradılaraq demokratik hüquqi sivil dövlət quruculuğuna başlanıldı. Ardından atəşkəsə nail olunaraq torpaqlarımızı düşmən işğalından azad etməyə qadir olan ordu quruculuğunun əsası qoyuldu.

Görkəmli dövlət xadimi Heydər ­Əliyev dəfələrlə bildirmişdir ki, dövlətimiz demokratik inkişaf yolunun siyasi-iqtisadi bünövrəsinə əsaslanan tərəqqi modelini özünün əvəzsiz təkamül strategiyası hesab edir. Bununla yanaşı, Ulu öndər onun rəhbərliyi ilə tətbiq olunan istənilən demokratik yeniliyin xalqın milli xüsusiyyətləri, baxışları, ictimai şüur səviyyəsi ilə səsləşməsini əhəmiyyətli hesab edirdi: “Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir”.

Yeri gəlmişkən, bir məqama da xüsusi nəzər yetirmək lazımdır. Bu, özündə ali dəyər və normaları ehtiva edən hüquqi və siyasi mədəniyyətin əsasının qoyulmasıdır. Ümumiyyətlə, yüksək hüquq və siyasi mədəniyyətin formalaşması və inkişafı üçün lider fenomeni, amili olduqca önəmlidir. Azərbaycanda hüquqi və siyasi mədəniyyətin təşəkkülü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün ictimai-siyasi mənzərəsi onu deməyə əsas verir ki, Ulu öndər özünün yüksək səviyyəli siyasi fəaliyyəti və davranışı ilə ümummilli siyasi mədəniyyətin inkişafını stimullaşdırdı. 

“Millət dövlət üçün yox, dövlət millət üçün olmalıdır” deyən Ümummilli lider siyasi həyatda yüksək davranış normaları və prinsipləri formalaşdırmaqla Azərbaycan cəmiyyətini müasir siyasi mədəniyyətə, ədalətli və şəffaf məhkəməyə malik olan inkişaf etmiş cəmiyyətlər sırasına daxil etdi. Bununla yanaşı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında layiqli yer tutdu.

Özünün idarəçi fəaliyyətini Azərbaycanın hərtərəfli tərəqqisinə həsr edən Ulu öndər, eyni zamanda ölkəsinin hüquqi və siyasi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atdı. Məhkəmə sistemində islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin və bununla bağlı digər mühüm hüquqi təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında əhəmiyyətli rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət inşa olundu, vətəndaş cəmiyyətinin sürətli bərqərar edilməsi istiqamətində mühüm addımlar atıldı. 

Bundan başqa, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Eyni zamanda Ombudsman təsisatının yaradılması, əvvəllər mövcud olan ölüm hökmünün ləğv edilməsi kimi çox vacib islahat xarakterli işlər xüsusi vurğulanmalıdır.

Ulu öndərin 1994-cü ilin avqust ayında imzaladığı cinayətkarlıqla mübarizəyə dair fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” qanun qəbul edilməklə 1995-ci ildə mühüm addımlardan olan müasir suverenlik tariximizin ilk demokratik parlamenti formalaşdırıldı. 

Tükənməz quruculuq məharəti olan dahi öndər Heydər Əliyev totalitar rejimdən azad olan Azərbaycan cəmiyyətində hüquqi-demokratik dövlətin, yeni hüquq sisteminin yaradılması işinə milli konstitusiyanın qəbulundan başladı. ­Ümummilli lider Konstitusiya layihəsini hazırlayan Komissiyanın referendumqabağı iclasında deyirdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”. 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən  Azərbaycan Respublikasının  ilk Konstitusiyası ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinə böyük  vüsət  vermişdir. Belə ki, yeni konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin inkişaf etmiş ölkələr sırasına qoşulması məqsədi ilə Avropa Şurasına inteqrasiyasını sürətləndirmək üçün Ulu öndər tərəfindən çoxsaylı hüquqi aktlar imzalanmış, o cümlədən hüquqi-demokratik quruculuğun inkişafı üçün 1996-cı ildə “Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında” sərəncam imzalanmışdır.

Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ulu öndər Heydər Əliyev hesab edirdi ki, siyasi idarəçilik sisteminin mərkəzində vətəndaş, onun hüquq və azadlıqları, demokratik-hüquqi dövlət idealları durmalı idi. 

Konstitusiyamıza uyğun yeni hüquq sistemi formalaşdırmaq üçün Ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, demokratik prinsipləri və Azərbaycan xalqının tarixi ənənələrini rəhbər tutmaqla islahatlara başladı. Doğrudur, demokratik hüquqi quruluşun əzəl bünövrəsi olan müstəqil və ədalətli məhkəmə hakimiyyəti formalaşmadan mükəmməl və dayanıqlı hüquqi sistem qurmaq mümkün olmazdı. Bununla əlaqədar dahi öndərin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Məhkəmə icraatının fərqli müasir epoxasının bərqərar edilməsinə təkan verildi.

 Bu qəbildən olan islahatlar çərçivəsində ilk dəfə olaraq ölkəmizdə ədalət mühakiməsi sistemində vacib institut olan apellyasiya instansiyası məhkəmələri yaradıldı. İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi. Azərbaycan xalqının hər bir şəxsinin hüquq və azadlıqlarının məhkəmədə ədalətli müdafiəsinə təminat verildi. 

İnsan haqlarını məhdudlaşdıran mühüm qərarların qəbulu məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi. Məhkəmələrin üzərində bütün növ nəzarət sistemi ləğv olundu və onun əvəzinə institutsional müasir demokratik və şəffaf məhkəmə nəzarəti təsis olundu. Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, habelə hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı.

Prokurorluq orqanlarında totalitar rejimin əlamətlərini daşıyan səlahiyyətlərə son qoyularaq demokratik cəmiyyətin prinsiplərinə uyğun yeni üsulda təşkil olunaraq ibtidai istintaqa nəzarət, cinayət təqibinin həyata keçirilməsi, dövlət ittihamını müdafiə etmək kimi əsas funksiyalı hüquqlara malik oldu.

Məhkəmə hakimiyyəti ilə yanaşı, insan haqlarının təminatı kimi ümdə məqsəd olaraq prioritet olan hüquq-mühafizə orqanlarında mütərəqqi və davamlı islahatlara təkan verildi, o cümlədən “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunları və digər əsas mütərəqqi qanunlar qəbul edilərək qüvvəyə mindi.

Vəkillik institutu demokratik əsaslarla yenidən quruldu. Bəzi ölkələrdə hələ də dövlət orqanlarının tərkibində və ya nəzarəti altında fəaliyyət göstərən vəkillik xidməti tam müstəqil təsisata çevrildi. İnsan haqları üzrə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirildi, pozulmuş hüquqların bərpasında mühüm rol oynayan müstəqil təsisat – Ombudsman institutu yaradıldı, ökəmiz insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu. 

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı  zəmin yaratmışdır. İnsan hüquqları və azadlıqlarının təmini məqsədilə aparılan siyasətin əsası məhz yaşamaq hüququnun təmin edilməsi olmuşdur. 1993-cü ildə ölüm cəzasının tətbiqi məhdudlaşdırıldı və 10 fevral 1998-ci il tarixdə Şərqdə ilk dəfə olaraq, ölkəmizdə ölüm  cəzası ləğv olundu. 

Daha sonra ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, növbəti məhkəmə islahatları həyata keçirilmiş, seçki sistemi təkmilləşdirilmiş,  mətbuat və söz azadlığının daha etibarlı müdafiəsi  təmin olunmuşdur. Ümummilli lider Heydər Əliyevin ölkəmizin demokratik inkişafı və tərəqqisi naminə həyata keçirdiyi demokratik islahatlar Azərbaycanın Avropaya inteqrasiyasına etibarlı zəmin yaratmışıdır. 

Müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyev həm də müasir məhkəmə-hüquq sisteminin banisi kimi o dövrdə Azərbaycan Respublikasının bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulmasını da təmin etdi. Əlavə olaraq, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin müstəqil və birgə fəaliyyətinin təmin edilməsi ilə bağlı mühüm addımlar atıldı.

Ölkəmizin müasir demokratik dəyərlərə inteqrasiyasının və mütərəqqi təkamülünün nəticəsi kimi 2001-ci ildə dövlətimiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyası ölkəmizə şamil olunaraq ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, Məhkəmənin presedentlərinin tətbiqinə hüquqi zəmin yaratdı. 

Hüquqi və suveren dövlət quruculuğunun Azərbaycan modelinin memarı kimi Ümummilli liderin təməlini atdığı məhkəmə-hüquq sistemində islahatlar bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkənin hüquq sisteminin müasirliyə cavab verən tərəqqisi üzrə davamlı tədbirlər həyata keçirir, mütərəqqi və dayanıqlı islahatlar təşəkkül tapır. Bütün bunlarla yanaşı, Ulu öndərin humanist və insanpərvər siyasətini uğurla davam etdirən və yaşadan ölkə başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə əfv sərəncamı imzalamışdır. Bu humanist aksiya ilə, ümumilikdə, 801 nəfər cəzadan azad olunmuş, 220 məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış və 118 nəfər məhkum isə digər cəzalardan azad olunmuşdur. 

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına əsasən müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilmiş, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmış, məhkəmə icraatının effektivliyi yüksəldilmiş, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilmişdir.

Eyni zamanda, həmin fərmanla ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, mülki işlər üzrə məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyələr verilmişdir.

Məhz ölkə başçısının məhkəmə sisteminə ayırdığı diqqətin nəticəsidir ki, ədalət mühakiməsinin əlçatanlığı və şəffaflığı daha da artırılmış, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması təmin edilmiş, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülmüş, məhkəməyə qədər mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirləri həyata keçirilmişdir. 

Bundan əlavə, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı əsaslı dərəcədə artırılmışdır.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini yüksək səviyyədə təmin etmişdir.

Əsmər ƏLİYEVA, 
BDU-nun mülki proses və kommersiya hüququ  kafedrasının müdiri, dosent,


Hikmət BABAYEV, 
kafedranın müəllimi

 

Siyasət