İyunun 25-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycan Kuboku” II mini futbol çempionatının təntənəli bağlanış mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak ediblər.
Turnirin bağlanış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunan final matçında "Loru" və "Amasiya" komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əsas hissə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə 4:3 hesabı ilə "Loru" komandası çempionatın qalibi adını qazanıb.
Final qarşılaşmasından sonra ilk olaraq oyunun hakimləri mükafatlandırılıb, sonra isə “Ən yaxşı oyunçu”, "Ən məhsuldar oyunçu" və “Ən yaxşı qapıçı” nominasiyaları qaliblərə təqdim edilib.
Sonra ardıcıl olaraq ilk üç yerin qalibləri olan “Loru”, “Amasiya” və “Böyük Qarakilsə” komandaları müvafiq diplom, medal və xatirə hədiyyələri ilə təltif ediblər.
Daha sonra qalib “Loru” komandasına kubok təqdim olunub.
Qeyd edək ki, Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komandanın iştirak etdiyi turnirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir.
Xatırladaq ki, turnirdə Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 18 komanda iştirak edib. Bunlar “Axta”, "Allahverdi, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.