Silahlı Qüvvələr dövlət orqanı kimi cəmiyyətin siyasi sisteminə daxil olur və onun törəmə elementidir. Buna uyğun olaraq, Silahlı Qüvvələr konkret olaraq müəyyən iqtisadi, siyasi, sosial, mənəvi və s. ictimai münasibətlər sistemlərində yaradılır, fəaliyyət göstərir və inkişaf edir. Üstəlik, bu münasibətlərin mərkəzində adətən ordu durur. Azərbaycan tarixində əlamətdar hadisələrdən biri də, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasıdır. Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yaradılıb. ADR-in cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil dövlətin milli ordusunun bütün zəruri atributları formalaşdı. Bu qərar müsəlman Şərqində ilk demokratik ölkənin öz ordusunu yaratması üçün hüquqi əsas oldu. Məlum tarixi hadisələr nəticəsində, müəyyən transformasiyalardan keçən Azərbaycanın Silahlı Qüvvələri uzun illər sonra, yeni və müstəqil Azərbaycanın tarixində şərəfli yer tutdu.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə, Milli Ordu quruculuğu ənənələrinin bərpası istiqamətində mühüm addım atılmış, 26 İyun Silahlı Qüvvələr Günü elan edilmişdir.
Ümumilikdə, ordunun məqsədi, quruluşunun və fəaliyyətinin mahiyyəti və prinsipləri - aydın şəkildə müəyyən edilmiş və rəsmiləşdirilmiş siyasi göstərişlərin və siyasi qərarların həyata keçirilməsidir. Siyasət, müharibə və hərbi məsələlər həmişə bir-biri ilə üzvi şəkildə əlaqəli olub. Təbii ki, bu sıraya dövlətin hərbi təhlükəsizliyi də əlavə edilməlidir. Dünya birliyi ölkələrinin hərbi siyasətinin əsasını, onların hərbi təhlükəsizliyini gücləndirmək istəyi təşkil edir. Hərbi təhlükəsizlik - ölkənin müdafiə qabiliyyətinin vəziyyətini və milli maraqların müdafiəsini təmin etmək qabiliyyətini müəyyən edən milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən hesab olunur.
Hərbi təhlükəsizlik - dövlətin müharibənin başlanmasına, müharibəyə cəlb olunmasına müqaviməti, baş verdikdə isə ölkənin milli təhlükəsizliyinə dəyən zərəri və dağıdıcı nəticələri minimuma endirmək qabiliyyətini xarakterizə edir. 1918-ci il mayın 28-də qəbul edilmiş ADR-in İstiqlal Bəyannaməsində Azərbaycanın xarici təhlükələrdən qorunmaq və özünümüdafiə üçün nizami orduya malik olması vurğulanır. Amma tarixi təcrübə göstərir ki, təkcə hərbi güc bütün təhlükəsizlik problemlərini həll edə bilməz.
ADR-in süqutundan sonra ordu quruculuğu prosesi dayandırıldı, onu yalnız 1969-cu ildə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra bərpa etmək mümkün oldu. Onun rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun keyfiyyət göstəricilərinin yüksəldilməsi və müasirləşdirilməsi sahəsində köklü islahatlar aparılıb, onun daha da möhkəmlənməsi və təkmilləşdirilməsi üçün zəmin yaradılıb. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri, onun yenilməz iradəsi sayəsində Azərbaycanda hərbi kadrların hazırlanması geniş miqyasda həyata keçirilmişdir.
Azərbaycanda müasir ordu quruculuğuna ötən əsrin 70-ci illərindən başlanılıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gələrək, milli zabit kadrlarının hazırlanmasını qarşısına məqsəd qoydu və bununla da Azərbaycanda ordu quruculuğuna start verdi. 1971-ci ildə Ulu öndər Heydər Əliyev inanılmaz səylə ölkədə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Bu məktəbə, eləcə də digər respublikalardakı hərbi məktəblərə gənclərin cəlb edilməsi Azərbaycan üçün peşəkar hərbi kadrların hazırlanmasına mühüm təkan verdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunları olan zabitlər həm Birinci, həm də İkinci Qarabağ müharibələrində peşəkarlıq göstərmişlər.
1991-ci ilin sonunda SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan çətin ictimai-siyasi vəziyyətə düşdü. 1993-cü ilin yayında, xalqın çağırışına cavab verən Azərbaycanın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə, ölkədə vəziyyət sabitləşdi. Dövlətin orduya diqqət və qayğısını daha da artdı, ölkədə hərbi quruculuq istiqamətində mühüm addımlar atıldı. 1999-cu il yanvarın 20-də Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə, Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu işləri Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dahi Lider ordu quruculuğu sahəsində strateji siyasətini uğurla həyata keçirən cənab İlham Əliyevin fərman və sərəncamları ilə, ölkədə müasir hərbi-sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi prosesləri uğurla həyata keçirilir.
2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməklə, 44 gün ərzində işğal olunmuş əraziləri azad etdi. Vətən müharibəsində parlaq qələbə, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinin parlaq göstəricisidir. Döyüşlər Azərbaycan ordusunun istər silah-sursat, istərsə də şəxsi heyət baxımından tam üstünlük təşkil etdiyi bir şəraitdə gedirdi. Pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə edilməsi nəticəsində, strateji əhəmiyyətli hərbi texnika kompleksləri, o cümlədən zenit-raket kompleksləri, tanklar, zirehli texnika, eləcə də hərbi məntəqələr və düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib. Azərbaycan xalqının, dövlətinin və əsgərlərinin qazandığı böyük qələbə ordu quruculuğu sahəsində uzun illər aparılan islahatların, qalib Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, möhkəm iradəsinin və qətiyyətinin nəticəsidir.
Postmüharibə dövründə aparılan hərbi siyasətdə, dövlətin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi mühüm yer tutur. Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Azərbaycan mühüm iqtisadi, enerji və hərbi potensialı ilə yanaşı, Avrasiya qitəsindəki unikal strateji mövqeyinə görə regional və dünya proseslərində obyektiv olaraq mühüm rol oynamaqda davam edir. Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində, Azərbaycan Ordusu güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə, dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Azərbaycan Ordusunun arsenalı güclü müasir silah və texnikaya malikdir. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bundan əlavə, orduda aparılan islahatlar, yeni komando briqadalarının yaradılması, Ali rəhbərliyin xalqımızın təhlükəsiz yaşaması naminə, ölkəmizin müdafiəsinə göstərdiyi diqqətin göstəricisidir.
Tarix boyu mövcud hərbi-siyasi vəziyyətə görə hərbi güc, faktiki olaraq silahlı zorakılığın qarşısının alınmasının əsas vasitəsi olaraq qalmışdır. Dünyada sosial-siyasi və iqtisadi balanssızlıq, xalqlar və millətlər arasında mənəvi münasibətlərin bütün səviyyələrində ideoloji fikir ayrılıqları, bəzi dövlətlərin rəhbərləri səviyyəsində psixoloji tarazlığın pozulması, Yer kürəsində çoxlu sayda silahların rəsmi strukturlar tərəfindən idarə olunmaması hərbi qüvvəni müasir beynəlxalq siyasətin mühüm alətinə çevirir. Buna baxmayaraq, ölkəmizdə mövcud sabitlik, xalqımızın zəngin və mədəni bazası, dövlətimizin qüdrəti, ordumuzun rəşadəti Azərbaycana dünyada gündən-günə marağın artmasına səbəb olur və dövlətimizin beynalxalq arenada nüfuzunun artmasına qarşılıqlı olaraq tövhə verir.
Masil Dəmirov,
Beynalxalq əlaqələr üzrə analitik