Ordu – sadəcə əsgər və zabitlərdən ibarət bir toplum deyil, dövlətin ruhunu, xalqın iradəsini, vətənin şərəfini qoruyan canlı bir qüvvədir.
Bu gün Azərbaycan Ordusu təkcə Cənubi Qafqaz regionunun deyil, ümumilikdə Avrasiya coğrafiyasının ən çevik, modern və effektiv hərbi qüvvələrindən biri kimi tanınır. Bu mövqeyə çatmaq üçün isə uzun, zəhmətli və şərəfli bir yol qət olunub. 1918-ci ilin 26 iyun tarixində Milli Ordunun əsasını qoyan ilk qoşun birləşməsi – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Mövcud olduğu qısa müddətdə ilk respublikamızın suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında müstəsna rol oynayan Milli Ordu 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradılandan sonra ləğv edildi. Milli Ordunun yenidən qurulması prosesi 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlansa da ilk dövrdə ordu daha çox pərakəndə hərbi birləşmələrdən ibarət idi və gənc respublikanı xarici müdaxilədən qorumaq iqtidarında deyildi.
Həmin dövrdə ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması da, təəssüf ki, bunu təsdiqlədi. 1993-cü ildə hakimiyyətə gələn böyük dövlət xadimi Heydər Əliyev ordu quruculuğunu xüsusilə diqqət mərkəzində saxladı. Bütün mənalarda Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki hələ 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biri sayılmalıdır. Ümummilli Lider Heydər Əliyevin böyük qətiyyət və iradəsi sayəsində yaradılan bu hərbi məktəb Azərbaycanın hərb sahəsində peşəkar kadrlarını yetişdirməyə başladı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması ilə ordu quruculuğu prosesi daha geniş vüsət aldı. Azərbaycanın hərbi qüdrətinin artırılması, nizami ordunun yaradılması üçün təxirəsalınmaz addımlar atıldı.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Ulu Öndərin layiqli davamçısı kimi ordu quruculuğunu davam etdirən, eyni zamanda güclü hərbi sənayenin yaradılmasını qarşıya məqsəd qoyan Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədə ardıcıl siyasəti Azərbaycanda yeni dövrün, XXI əsrin Silahlı Qüvvələrinin yaradılmasını təmin etdi. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş qabiliyyətinin, vətənpərvərliyinin yüksədilməsi istiqamətində də mütəşəkkil iş aparıldı. Azərbaycan Silahlı Qüvvələri öz imkanlarına görə dünyanın 50 ən güclü ordusu sırasına daxil oldu. Bu təkcə statistika olaraq qalmadı. Ordumuz döyüş meydanında öz sözünü deyib - gücünü düşmənə və bütün dünyaya göstərdi, silahı ilə tarix yazdı. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatı hərb tariximizin parlaq səhifələrindəndir.
Aprel qələbəsindən 4, Günnüt zəfərindən isə 2 il sonra - 44 günlük Vətən müharibəsində, 2021-ci ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatında Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbə vuraraq ərazi bütövlüyümüzü tam təmin etdi. Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Bu gün Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.
Fəzail İbrahimli
Milli Məclisin deputatı