Qubada müharibə veteranları üçün özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara mediatur olub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 26 İyun -Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələrinin müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla tanışlığı məqsədilə növbəti mediatur təşkil edib.

Jurnalistlər bu dəfə proqramın dəstəyi ilə Quba rayonunda müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar.

Onlara tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid 27 min şəxsin məşğulluğuna dəstək işləri aparılıb. Onlardan 12,7 mindən çoxu üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 1,1 mini peşə hazırlığına cəlb edilib, digərləri işlə təmin olunub.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Elməddin Əlişanovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avtotəmizləmə zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.

Daha sonra jurnalistlər müharibə veteranı Şahin Kərimov üçün yaradılmış kiçik təsərrüfatla tanış olublar. Ş.Kərimov özünüməşğulluq proqramı üzrə avtoçilingər zərfi üzrə avadanlıqlarla təmin olunub. Jurnalisitlər proqram çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin olunan Murad Sultanovun da xidmət sahəsində olublar.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.













Sosial həyat