Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən layihələr ardıcıl şəkildə davam etdirilir.
Növbəti təşəbbüs çərçivəsində muxtar respublikada şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün qan qlükozasının fasiləsiz monitorinqini təmin edən müasir qlükoz sensor cihazları tamamilə ödənişsiz şəkildə təqdim olunub.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov sensorlarla təmin olunan uşaqlar və onların valideynləri ilə görüşüb. Görüş zamanı nazir bu tip müasir tibbi texnologiyaların istifadəsinin şəkərli diabetlə mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, bu cihazlar qanda şəkər səviyyəsinin daim nəzarətdə saxlanmasına və insulin terapiyasının daha düzgün tənzimlənməsinə şərait yaradır.
Nazir çıxışında onu da bildirib ki, bu təşəbbüs ölkə rəhbərliyinin uşaqların sağlamlığının qorunması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsidir.
Görüşdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, uşaqların gündəlik həyatında mühüm dəyişiklik yaradacaq bu tibbi dəstəyi yüksək qiymətləndiriblər.
Görüşdən sonra tibb işçilərinin iştirakı ilə uşaqlara sensorların quraşdırılması həyata keçirilib və cihazların istifadə qaydaları barədə valideynlərə ətraflı izahat verilib.
Bu addım, regionda uşaq endokrinoloji xidmətlərinin inkişafı, erkən diaqnostika və effektiv nəzarətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.