Parisin uğursuz cəhdlər “seriyası”

post-img

Fransanın BMT TŞ-də Azərbaycana qarşı təxribatçı fəaliyyəti açıq düşmənçilikdir

Fransa Azərbaycana münasibətdə yürütdüyü məkrli siyasəti davam etdirir. Rəsmi Paris özünün xəbis niyyətlərini gerçəkləşdirmək üçün ən müxtəlif platformalardan yararlanır. Bunlardan biri də BMT Təhlükəsizlik Şurasıdır.

Məlumdur ki, ən böyük universal təşkilat olan BMT İkinci Dünya müharibəsindən sonra beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, habelə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb. BMT unikal legitimliyə malik universal forum, beynəlxalq kollektiv təhlükəsizlik sisteminin aparıcı strukturu və müasir çoxtərəfli diplomatiyanın əsas elementi hesab olunur. Təhlükəsizlik Şurası isə BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. BMT Nizamnaməsinin 24-cü maddəsinə uyğun olaraq, Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün BMT-nin əsas məsuliyyət daşıyan qurumudur. Şura BMT-nin altı əsas orqanından biridir. Onun 15 üzvündən beşi daimi, 10-u isə iki il müddətinə seçilən qeyri-daimi üzvdür. Fransa da Çin, Rusiya, Böyük Britaniya və ABŞ-la yanaşı TŞ-nin daimi üzvüdür. Digər daimi üzvlər kimi Fransanın da qurumda veto hüququ var.

Fransa nüvə silahına malik dövlətdir. 1949-cu ildə NATO-nu təsis edən 12 ölkədən, 1952-ci ildə Avropa Kömür və Polad Birliyinin (hazırkı Avropa İttifaqı) əsasını qoyan 6 dövlətdən biridir. Xüsusilə, BMT TŞ-nin daimi üzvü olması Fransanın beynəlxalq təhlükəsizliyin və əmin-amanlığın qorunmasında məsuliyyət daşımasını şərtləndirir. Parisin Azərbaycanla bağlı son illərdə, xüsusilə 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra tutduğu mövqe isə onun beynəlxalq münasibətlər sistemindəki yeri və rolu ilə heç cür uzlaşmır. Bundan əlavə, Fransa uzun illər ATƏT-in Minsk qrupunun həmsədri olub. Fransanın bu gün atdığı addımlar onun necə həmsədr olmasını da əyani təcəssüm etdirir. Halbuki 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında elə həmin TŞ-də erməni qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən 4 qətnamə qəbul edilmişdi. Fransa sonrakı illərdəki fəaliyyəti ilə söz və əməlinin üst-üstə düşmədiyni sübut etdi.

Fransa hazırda TŞ-dəki mövqeyindən də Azərbaycana qarşı istifadə etməyə çalışır. Paris bu avantüraya ilk dəfə Vətən müharibəsi dövründə əl atmışdı. Belə ki, işğalçı Ermənistan ordusunun müzəffər ordumuzun qarşısından qaçdığını, yaşayış məskənlərimizin ardıcıl şəkildə qurtulduğunu görən Paris TŞ platformasından ölkəmizə qarşı istifadə etməyə, təzyiq göstərməyə çalışdı. 2020-ci il oktyabrın 19-da TŞ-nin Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı iclası keçirildi. İclasdan sonra Fransanın təşəbbüsü ilə həmin dövrdə mövcud olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Layihədə TŞ-nin yuxarıda qeyd olunan tarixdə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 dövlət – İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent Vinsent və Qrenadin layihəyə TŞ məlum qətnamələrinə istinadın daxil edilməsi təklifini irəli sürdülər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirdilər. Eyni zamanda həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərildi. Amma Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe ortaya qoyaraq, sənəddə TŞ qətnamələrinə istinad məsələsində təkid etdilər. Bundan sonra Fransa başda olmaqla, digər həmmüəlliflər rüsvayçılıqla bəyanat layihəsini geri çəkdilər.

2020-ci il oktyabrın 26-da xalqa müraciət edən Prezident İlham Əliyev bu barədə demişdi: “Baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də, hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.

Dövlətimizin başçısı müharibənin başa çatmasından sonra – 2020-ci il noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində olarkən yenidən həmin məsələyə münasibət bildirdi: “Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik”.

Fransanın təşəbbüslərinin nəticə verməməsi onu yeni təşəbbüslərdən çəkindirmədi, əksinə, sanki daha da azğınlaşdırdı. Bir il öncə – 2022-ci ilin dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı TŞ-nin iclasını çağırmışdılar. Hər iki ölkə Azərbaycana qarşı növbəti ədalətsizliyi qlobal platformada legitimləşdirməyə cəhd etsə də, növbəti dəfə rüsvay oldular. Diqqətçəkən həm də o idi ki, Fransa BMT TŞ-nin daimi üzvü olmaqla yanaşı, həmin dövrdə qurumun sədri idi. Rəsmi Paris on gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Beləliklə, aydın olur ki, Fransa rəhbərliyinin son illərdə Azərbaycana qarşı BMT TŞ-da qətnamə qəbuluna cəhdlərinin baş tutmaması onun xarici siyasətdə də fiaskoya uğramasının göstəricisidir. Parisdə bilməlidirlər ki, ölkəmizin bədxahları üzərində diplomatik-siyasi qələbələri bundan sonra da davam edəcək.

Fərhad MƏMMƏDOV, 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Fransa dünyada kifayət qədər önəmli dövlətdir. Əlbəttə, supergüclər sırasında deyil. Lakin ikinci cərgədədir. Keçmiş imperiyadır, yəni onun müstəmləkələri, nüvə silahı var, NATO-nun və Avropa İttifaqının qurucu ölkələrindəndir, BMT TŞ-də daimi üzvdür, veto hüququna malikdir. Yəni bu ölkənin böyük resursları mövcuddur. Lakin Fransa son dövrlərdə beynəlxalq siyasətdə ciddi problemlərlə üzləşib. Çünki digər ölkələr onun ənənəvi maraq dairələrinə basqı edir və bu basqılar uğurlu olur.

Fransa bu gün Azərbaycana qarşı əlində olan bütün arsenalı işə salıb. Üzv olduğu, rəhbərliyində təmsil olunduğu, qurduğu bütün beynəlxalq platformalarda Azərbaycana qarşı işlər aparır. Hətta, iş o yerə çatıb ki, Ermənistandan daha radikal mövqe sərgiləyir. Lakin Fransanın zəifləməsi o dərəcədədir ki, hətta, Azərbaycanın üzvü olmadığı təşkilatlarda belə Paris öz istəklərinə nail ola bilmir. Məsələn, Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində onun təklif etdiyi bəyanatlar və ya digər sənədlər böyük dəyişikliklərdən sonra qəbul edilir. BMT Təhlükəsizlik Şurasında iki dəfə məhz Fransanın dəstəkləydiyi müzakirələr həyata keçirildi ki, orada da Azərbaycana qarşı hər hansı sənədin qəbulu mümkün olmadı. Bu, bir tərəfdən müasir beynəlxalq münasibətlərin vəziyyətini göstərir. Yəni ənənəvi olaraq böyük, güclü, varlı dövlətlər belə formalaşan yeni güclər qarşısında aciz qalırlar. Fransa–Azərbaycan münasibətlərindəki mövcud vəziyyət də bunun əyani göstəricisidir.

Aydın MİRZƏZADƏ, 
Milli Məclisin deputatı, politoloq

– Fransanın xarici siyasətində anti-Azərbaycan mövqe çox açıq şəkildə özünü göstərir. Bu, təkcə Azərbaycanda deyil, Fransanın müttəfiqləri arasında da təəccüb doğurur. Fransa kimi böyük ölkənin cəmi 30 ildir müstəqillik qazanmış kiçik bir dövlətə qarşı qərəzli siyasətinin kökündə onun erməni sevgisi durur. Fransa hazırda ermənilərdən daha çox erməni olmağa çalışır. Bu, bir tərəfdən ölkə rəhbərliyinin daxildəki erməni diasporundan asılılığından, digər tərəfdən isə uğursuz daxili və xarici siyasətini kompensasiya etmək istəyindən irəli gəlir. Fransanın indiki iqtidarı hansısa sahədə güclü olduğunu göstərməyə çalışır. Amma bu cəhdin özü də uğursuzdur. Fransa rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, beynəlxalq təşkilatlarda anti-Azərbaycan qərarları qəbul etmək, dünyanın Azərbaycana marağını azaltmaq mümkün olmur. Azərbaycan bu gün dünya siyasətində fəal və tanınan bir ölkədir. COP29-un gələn il ölkəmizdə keçirilməsinin özü Azərbaycanın artan nüfuzundan xəbər verir.

Eyni zamanda Parisin bir aktor kimi Cənubi Qafqazda iştirak cəhdlərinə baxmayaraq, bölgənin üç ölkəsi Fransasız da öz münasibətlərini qura bilirlər. Azərbaycanın artıq Ermənistanla vasitəçilərsiz kontakta girməsi, bir sıra məsələlərdə ortaq məxrəcə gəlinməsi və sülh müqaviləsi ilə bağlı edilən cəhdlər göstərir ki, müqavilənin bağlanması heç də uzaqda deyil. Azərbaycanla Ermənistan arasında normal qonşuluq münasibətləri qurulduqdan sonra Fransanın bütün cəhdləri tam iflasa uğrayacaq. Nə zamansa Fransada hakimiyyətə gələcək iqtidarlar ölkənin bugünkü riyakar, qərəzli siyasətinə görə yəqin ki, Azərbaycandan üzr istəməli olacaqlar.

Səxavət HƏMİD
XQ

 





Siyasət