Azərbaycan elektoratı seçkiyə qürurla gedir

post-img

Növbədənkənar prezident seçkilərinin azad və şəffaf keçirilməsi üçün prosedur qaydalarına tam əməl edilir

Bütövlükdə, 2024-cü ili Azərbaycanda seçkilər ili kimi xarakterizə etmək olar. Növbədənkənar prezident seçkisi, bələdiyyə seçkiləri və yeni parlamenti formalaşdıracaq seçkilər. Prosesə özünəməxsusluq verən, səciyyələndirən ən başlıca amil isə elektoratın bu dəfə məntəqələrə qürur hissi ilə getməyi olacaq. Son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş, Qarabağ problemi tarixin arxivinə göndərilmiş, Xankəndidə üçrəngli bayrağımızın dalğalandığı bir dövlətin vətəndaşı kimi səs verəcək. Seçkilərə qürur hissi, zəfər fəxarəti verən əsas amil də elə budur. Və bütün bunların böyük siyasi strateqin gözəl düşünərək, yüksək səviyyədə həyata keçirdiyi işğaldan və separatizmdən qurtuluş əməliyyatları sayəsində gerçəkləşdiyi birmənalıdır.   

2023-cü ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağı aksiomdur. 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkisinin təyin olunması isə ilin son və ən xoş sürprizi kimi yadda qalacaq. 

* * * 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün addımların ardıcıl, sistemli və keyfiyyətlə atıldığını bildirib. Bu tezislər MSK sədrinin ekspert qrupu üzvlərinə müraciətində öz əksini tapıb. Bununla bağlı mediaya açıqlama verən M.Pənahov 7 fevral seçkisinin ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçiriləcəyini diqqətə çatdırıb. O, ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi kimi dəyərləndirdiyi bu tarixi tədbirin ölkə  Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə uyğun, azad və şəffaf keçirilməsi üçün MSK tərəfindən hazırlanıb təsdiq edilmiş təqvim planı əsasında lazımi tədbirlərin görüldüyünü, mövcud istiqamətdə bütün zəruri addımların ardıcıl və keyfiyyətlə atıldığını media nümayəndələrinin nəzərinə çatdırıb.

Daha sonra MSK sədri vurğulayıb ki, geniş maarifləndirmə və məlumatlandırma proqramı üzrə nəzərdə tutulan layihələr elektorat, yerli seçki komissiyalarının üzvləri və müxtəlif statuslu digər seçki subyektləri kimi, ekspert qrupu üzvlərini də əhatə ­etməklə müvəffəqiyyətlə həyata keçirilir.

Oxucuların nəzərinə çatdıraq ki, növbədənkənar prezident seçkilərində namizədliyi təsdiqlənən şəxslər özlərinin fevral seçki platformalarının detallarını hələlik açıqlamayıblar. 

MSK Pezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndəsini qeydə alıb. Bu barədə komissiyanın dünən keçirilmiş iclasında MSK katibi Arifə Muxtarova məlumat verib. Onun sözlərinə görə, müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Beləliklə, bugünədək prezident seçkilərində namizədliyi təsdiqlənən şəxslərin sayı 15 nəfərdir. Onların komandaları da imzatoplama kampaniyasına start verib. Mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər seçkilərə qatılmaq üçün minimum 40 min imza toplamalıdır. Prezidentliyə namizədlər yanvarın 8-ə qədər müvafiq sənədləri təqdim etməli, həmin imzalar MSK-da təsdiqlənməlidir. Yeri gəlmişkən, bundan əvvəlki seçkilərdə bəzən namizədlərə imza yığmaq üçün hakimiyyətin inzibati resurslarından istifadə etdiyi, müxalif namizədlərə isə maneələrin yaradıldığı ilə bağlı qərəzli iddialar səslənmişdi. 7 fevral seçkisinin tam şəffaf və namizədlərə həm imzatoplama mərhələsində, həm də 22 gün davam edəcək təbliğat kampaniyasında bərabər şəraitin yaradılacağı heç kəsdə şübhə doğurmayacaq. 

* * *    

Yeni Azərbaycan Partiyasının ­Nəzarət-Təftiş Komissiyasının üzvü ­Elman Nəsirov Prezident İlham Əliyevin imzatoplama kampaniyası ilə bağlı deyib ki, cənab Prezidentin cəmiyyətdə reytinqi pik nöqtəsindədir və müvafiq imzaların toplanması elə bir çətinlik yaradan məsələ deyil.

YAP nümayəndəsinin sözlərinə görə, əvvəlki seçkilərdə Prezident İlham Əliyevin platformasında aparıcı tezis ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlər idi: “Artıq ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti artıq ilk dəfədir ki, respublikanın bütün suveren ərazisində keçiriləcək seçkilərə qatılır. İndiyə qədər seçkilər ölkənin 80 faiz ərazisində olub. Amma indi 100 faizində keçiriləcək. Bu reallığı yaradan ölkənin Prezidenti İlham Əliyevdir”.

Prezidentliyə namizəd, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa zəruri imzaların toplanması ilə bağlı suala aydınlıq gətirərək bildirib ki, bu məsələni partiyanın rayon təşkilatları həyata keçirir: “Onlar bu işi uğurla davam etdirirlər. Qanunvericiliyə görə, 60 dairədən seçici imzası yığılmalıdır və biz bunu regionların spesifikanı nəzərə alaraq edirik”.

BQP sədri onu da bildirib ki, hələlik, onlara imzatoplama kampaniyası çərçivəsində dövlət qurumlarının prosesə hər hansı maneələri ilə bağlı şikayət daxil olmayıb: “Qış fəsli ilə bağlı müəyyən texniki çətinliklər ola bilər, amma digər hər hansı maneçilik yoxdur. Yaxın günlərdə biz imzatoplama kampaniyasını bitirib, məlumatların qanunvericiliyə uyğunluğunu yoxlayıb, imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

F.Mustafanın fikrincə, budəfəki seçkilər spesifik seçkilərdir: “Çünki bu, ilk seçkilərdir ki, favorit Qarabağın işğaldan azad olunmasından sonra indiki iqtidarın nümayəndəsidir. Burada söhbət təkcə iqtidarın gücü, maddi resurslardan getmir. Həm də cəmiyyətdə buna mənəvi bir yanaşma var. İnsanların Qarabağı azad etmiş bir iqtidara münasibəti, əlbəttə ki, müsbətdir”.

Əldə etdiyimiz məlumata əsasən, prezidentliyə namizədlərin seçki qərargahlarından MSK-ya hər  hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb.

Onu da qeyd edək ki, Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Cənab Prezident İlham Əliyev 20 il əvvəl isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə Prezident kimi and içmişdi. O, həmin andı Azərbaycan xalqı qarşısında həm də ata vəsiyyəti kimi yerinə yetirdi.

Azərbaycanda növbədənkənar prezident seçkilərinə 40 gün qalmış ortada hamının bildiyi danılmaz həqiqət var. İstər prezidentliyə namizədlərin özlərinin, istər xarici müşahidəçilərin, istəsə də yerli müxalifətin qəbul etdiyi reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin reytinqi respublikaya rəhbərlik etdiyi 20 il ərzində hər zaman yüksək olub. Xüsusilə, 44 günlük müharibəyə Zəfər möhürünü vurduğu son üç üldə, ələlxüsus da cari ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra bu reytinq özünün apogeyinə çatıb. Başqa cür ifadə etsək, hazırda İlham Əliyev populyarlığının zirvəsindədir. 2024-cü il 7 fevral seçkisinin nəticəsi bu aksiomun təkrar təsdiqi olacağına heç kəs şübhə eləmir. Əslində, əjdaha ilinin ən yaddaqalan hadisəsi məhz bu olacaq.   

Ceyhun MƏMMƏDOV, 
Milli Məclisin deputatı

Bu gün bizim qarşımızda çox ciddi missiya və hədəflər durur. Biz dövlətçiliyimizi, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməli, Qarabağda həyata keçirilən böyük abadlıq və quruculuq işlərini sürətləndirməliyik. Heç şübhəsiz ki, Azərbaycan bu missiyanın da öhdəsindən, hər zaman olduğu kimi, uğurla və ləyaqətlə gələcək. 2020-ci ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bölgədə, bütövlükdə dünyamızda yeni reallıq yaratdı. Bütün bunlar nəzərə alınaraq, ölkəmizdə yeni prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi dövlət başçısı İlham Əliyevin növbəti müdrikliyinin və uzaqgörənliyinin parlaq təzahürüdür. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək, növbəti dəfə öz liderlərinə sadiqliyiini göstərəcək.  

İmran BƏDİRXANLI
XQ

 









Siyasət