Qədim diyarda görkəmli akademikin yubileyi

post-img

AMEA Naxçıvan Bölməsində görkəmli tarixçi və şərqşünas alim, ictimai xadim, akademik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib. 

Məclisi giriş sözü ilə açan Bölmə sədri, akademik İsmayıl Hacıyev Ziya Bünyadovun Azərbaycan elminə xidmətdə keçmiş mənalı həyatı və zəngin elmi və ictimai-siyasi fəaliyyəti barədə danışıb, akademiki yurdsevərliyi, qətiyyəti, mərdliyi və başqa insani keyfiyyətləri ilə fərqlənən vətənpərvər kimi səciyyələndirib.

Vurğulanıb ki, ömrünə çoxsaylı mühüm hadisələri sığışdıran alim Azərbaycan EA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru kimi məsul vəzifələrin öhdəsindən uğurla gəlmişdir. O, 1992-ci ildə ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı üçün müraciət edən 91 nəfər cəsarətli ziyalıdan biri olmuşdur. Dünya şöhrətli alim Yeni Azərbaycan Partiyası sədrinin  müavini, Milli Məclisin deputatı olmuşdur. Ümummilli lider alimin elmi və ictimai irsini yüksək qiymətləndirmiş, “Z.M.Bünyadovun xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncam imzalamışdır.

Yubiley toplantısında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ziya Bünyadovun həyatı və elmi yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. İnstitutun şöbə müdiri, dosent İlhami Əliyev və digər çıxış edənlər akademik Ziya Bünyadovun həyatının və elmi fəaliyyətinin əsas dövrlərindən, fundamentallığı ilə seçilən elmi irsindən, tərcüməçilik fəaliyyətindən söz açıblar. 

Bildirilib ki, Azərbaycanın istiqlalı amalı ilə yaşamış alim hələ keçmiş SSRİ dönəmində tarixi Azərbaycan torpaqlarının XIX əsrdə Rusiyaya birləşdirilməsini hərbi işğal kimi sübuta yetirmiş, erməni saxtakarlıqlarına qarşı kəskin mübarizə aparmışdır. Alimin türk, rus, ərəb və fars dillərindən etdiyi tərcümələr milli şərqşünaslıqda mötəbər elmi qaynağa çevrilmişdir. Akademik Ziya Bünyadovun elmi irsi tarix və şərqşünaslıq elmimizin xəzinəsini zənginləşdirib.

 XQ

 

Son xəbərlər