Bakı COP29-a evsahibliyi edəcək

post-img

“Climatechangenews” saytının yaydığı məlumata əsasən, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyi edəcək. Məlumata görə, bu təşəbbüs Şərqi Avropa ölkələrinin bir qrupu tərəfindən irəli sürülüb.   

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək”, deyə birgə açıqlamada vurğulanıb.

Yeri gəlmişkən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (­UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011–2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub.

Xatırladaq ki,  Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29)  evsahibliyi etməyə hazır olduğunu, eyni zamanda, bunun sülh istiqamətində növbəti mühüm addım ola biləcəyini vurğulayıb.

***

“Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ­BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci Sessiyasındakı çıxışında deyib. 

Qlobal istiləşmə ilə bağlı ölkəmizin götürdüyü öhdəliklər barədə danışan nazir deyib: “Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul etmişdir. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz azaltmağı hədəf götürmüşük. Bununla yanaşı, biz bu il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrimizi (NDC) yeniləyərək 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması olmaqla daha uzunmüddətli hədəf qoymuşuq”.

Nazir Muxtar Babayev azad edilmiş ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə də konfrans iştirakçılarını məlumatlandırıb. “Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. “Yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindəyik.

Qlobal problemlər qlobal həllər tələb edir. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır. Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin iqlim fəaliyyətinin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq”.

XQ

 

Son xəbərlər