Revanşizmdən xilas – Ermənistanın varlıq formulu

post-img

Bakı–İrəvan sülh gündəliyinə təhdidlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri Aparatının birgə açıqlamasına Hayastanın bəzi dairələrinin yanaşması son dərəcə qeyri-konstruktivdir. Onlar elə görüntü yaradırlar ki, sanki bu açıqlama və ondan sonra həyata keçiriləcək sülh prosesi İrəvanın maraqlarına zidd olacaq. Mövcud xüsusda baş nazir Nikol Paşinyan iqtidarına qarşı kəskin fikirlər səsləndirilməkdədir və çox güman ki, qarşıdakı müddətdə bu fikirlər getdikcə çoxalacaq. 

Əslində, bu durum proqnozlaşdırılırdı. 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata münasibət də hazırda birgə açıqlamaya olan münasibət kimi idi və bu yanaşma, demək olar ki, təxminən, öz qüvvəsində qalmaqdadır. Belə nəticəyə gəlmək mümkündür ki, Ermənistanda Azərbaycanla istənilən yumşalmanı süngü ilə qarşılayan kimlərsə mütləq olacaq. 

Prezident İlham Əliyev dekabrın 6-da keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirmişdi ki, “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. 

Bəli, əsas məsələ revanşizmdir. Prezident İlham Əliyev məsələyə heç də əbəs yerə toxunmadı. Heç şübhəsiz, revanşizm məlum birgə açıqlama ilə rəvan müstəviyə daxil olduğu görünən normallaşma prosesinə mənfi təsir etmək iqtidarındadır. Fikrimizin təsdiqi kimi bəzi məqamları diqqətə çatdıracağıq. Hələlik isə bildirək ki, revanşizm həm də dövlətimizin başçısının təbirincə desək, “müşavirlər” vasitəsilə Avropanın bəzi paytaxtlarındakı “qazanlarda bişir”. Deməli, cənab İlham Əliyevin qarantiya məntiqindəki məsuliyyətli tərəf yalnız Ermənistan deyil. Bu, həqiqətən də, belədir. Baş nazir Nikol Paşinyan iqtidarının ölkədəki barışmaz meyilləri nəzarətdə saxlaya bilmədiyi aşkardır. Ona görə Azərbaycanın lideri daha böyük miqyaslı qarantiyadan söz açır. Bu qarantiya olacaqmı, yaxud onu kim, hansı tərəf verəcək, maraqlıdır. 

İndilik qarantiya yoxdur. Əvəzində erməni ictimai fikrində Azərbaycanla normallaşmaya münasibətdə əvvəldə barəsində söz açdığımız qeyri-konstruktiv yanaşmalar var və bu yanaşmalar elə revanşizm təmayüllərini də gündəmə gətirməkdədir. Məsələn, müxalif “Ermənistan” blokundan olan deputat Geqam Manukyan özünün sosial şəbəkə hesabında yazıb ki, uzun sorğulardan sonra partiyanın funksionerləri ilə birgə Xarici İşlər Nazirliyinin binasında İrəvan və Bakının Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı son təklifləri ilə tanış olublar: “Hazırda aşağıdakıları deyə bilərik: Sənədin “tam məxfi” kimi təsnif edilən bütün bəndlərini dərc edə bilməsək də, qeyd etmək lazımdır ki, təkliflərlə tanışlıq yalnız onun təhlükəsini təsdiqlədi və əvvəllər bu məsələ ilə bağlı bildirdiyimiz bütün narahatlığı gücləndirdi”.

…Sülhü süngü ilə qarşılayanların müəyyən qismi mövzuya bir qədər də “gendən” yanaşmaları ilə diqqət çəkir. Məsələn, politoloq, Stendford Universitetinin professoru Artur Xaçikyanın Prezident İlham Əliyevin fikirlərinə münasibət bildirərkən dediklərindən belə çıxır ki, Ermənistanda revanşizm meyilləri özünün real fazasına ölkədə hakimiyyət dəyişikliyi baş verdikdə daxil olacaq. Yəni, indiki iqtidar revanş barədə düşünmür və guya, Azərbaycan məsələ haqqında sözü ona görə açır ki, Paşinyan hakimiyyətinin devrilməməsi üçün təminat yaransın. 

Hər halda, A.Xaçikyanın siyasi icmalçı, politoloq yox, daha çox konsprioloq kimi daha sərrast danışdığı ortadadır. Əlbəttə, buna sərrast danışıq demək mümkün deyil. Məsələ də bundadır ki, Ermənistanda Azərbaycanla münasibətlər, sülh müqaviləsi ilə bağlı danışanların əksəriyyəti Xaçikyandan daha aşağı səviyyəlidirlər. Onların gətirdikləri arqumentlər tam cəfəng mahiyyət daşımaqdadır. 

Daha bir misala diqqət yetirərək deyək ki, erməni müxaliflərin müəyyən qismi ictimai rəyə təxminən bu düşüncələrini sırıyırlar: Revanşizm məsələsini qabartmaq Azərbaycan üçün sülhdən yayınmaq bəhanəsidir. Bakı Ermənistanın silahlanmasını, özünün müdafiə qabiliyyətini artırmaq tədbirlərini ona görə revanşizm olara qiymətləndirir ki, ölkəni işğal etmək niyyəti güdür.  

Sual olunur ki, cəfəngiyyata niyə önəm verilir? Problem sualı doğuran məqamların varlığındadır. Cavab isə çox sadədir: Ermənistanda normal ictimai rəy yoxdur. Cəmiyyət daha çox hay-küy üzərində qurulub. Axı, N.Paşinyanın özünün də hakimiyyətə gəlməsi xalqın şüurlu iradəsinin məhsulu deyildi. İqtidara inqilabla yiyələnmiş baş nazirin əsas silahı hay-küy, populizm olmuşdu. Ona görə də Ermənistan bu sindromdan çıxa bilmir. 

Ermənistanın sözügedən sindromdan qurtulmağı bacarmaması rasional, məntiqli düşüncə imkanlarının qarşısına sədd çəkir. Diqqət edək, erməni cəmiyyətində nisbətən normal fikir yürüdən, konstruktivliyə meyilli qüvvələrin səsləri, demək olar ki, eşidilmir. Mövcud situasiyada ölkənin revanşizmə can atdığı görüntüsünün formalaşması təbiidir. Ən pisi isə Paşinyan iqtidarı siyasətini avantürizm notları üzərinə kökləyir. O, revanşistləri sıradan çıxarmaq yox, onları razı salmaq naminə çalışır. Mövcud görüntü iqtidarın özünün də avantüraya, revanşa can atdığını deməyə ciddi əsas yaradır. 

Belə dolaşıq labirintdə, necə deyərlər, at izinin it izinə qarışdığı bir durumda o da aydın nəzərə çarpır ki, baş nazir Nikol Paşinyan və komandası yalnız iqtidar kürsüsünü qorumaq barədə düşünür. Yəni, gerçək revanşistlərə qarşı cəbhə açmaqdan qorxur. Buna görə Prezident İlham Əliyev çox haqlı olaraq Azərbaycana Ermənistanda revanşizm cəhdlərinin olmayacağına dair qarantiya istəyir. Bu qarantiyanın verilmədiyi indiki şəraitdə, istər-istəməz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasındakı xoş məramın perspektivi şübhə altına düşür. 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət